“Demişdim ki, biz real ölü görməsək, inanmayacağıq”

Cəmiyyət

28.06.2020 - 19:53

Qorxmaz İbrahimli: “Operativ Qərargahın məlumatları cəmiyyətlə bölüşməməsi bugünkü etimadsızlığa səbəb oldu”

 

Azərbaycanda COVID-19-a yoluxma hallarının artması fonunda, cəmiyyətdə virusun varlığına, eləcə də karantin tələblərinə inamsızlıq meylləri baş qaldırdı. Hazırda istər koronavirus infeksiyasının yayılma miqyası, istərsə də vətəndaşın etimad göstərməsi ilə əlaqəli vəziyyət ürəkaçan deyil. Bəs, hökumət və vətəndaş harada səhv edir?

 

AYNA-nın mövzu ətrafında suallarını Aydınlar Partiyası sədrinin birinci müavini, “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli cavablandırıb.

 

- Qorxmaz bəy, Azərbaycanda COVID-19 infeksiyası yayılmaqda davam edir. Və hökumət əhalini məsuliyyətsizlikdə günahlandırır, camaat da hökuməti düzgün qərarlar qəbul etməməkdə. Nə baş verir?

 

- Məncə, məsələyə COVID-19 ifadəsindən başlamaq lazımdır. Demək virus 2019-cu ilin sonunda yarandığı gündən yayılacağı xəbərini verirdi. Hələ ötən ilin sonun da Çində başladığı vaxt hər kəs həyəcanla izləyirdi. Yanvar ayında isə dünyaya yayılacağı dəqiqləşdi və bacarıqlı hökumətlər tədbirlər almağa başladı. Azərbaycanda da, virus xüsusən qonşu İrana ilk sıçrayışında tədbir alınmağa başlandı. Başdan bu ölkə ilə sərhədin təcili bağlanması haqda fikirlər yayıldı. Ancaq sərhədləri qapatmaq elə də asan iş deyildi. Xüsusən, blokada şəraitində yaşayan Naxçıvan MR ilə quru əlaqəsi bu ölkənin ərazisindən keçməklə mümkün olduğundan, bəzi tədbirlər alınmalı idi. Bundan başqa, İranda təhsil alan yüzlərlə tələbəmiz, müalicəyə gedən xəstə və xəstə yaxınları, yüzlərlə zəvvar var idi. Bütün bunlar üçün zamana qarşı çalışılmalı idi.

 

Hesab edirəm, bu məsələdə hökumət ləngimədən işə başladı. Və Operativ Qərargah yaradılaraq, bəşəriyətin çox da yaxından tanımadığı və o qədər də ciddiyə almadığı virusla mübarizə başlandı. Bütün dünya demək olar, eyni vaxtda virusun təhlükəsini anladı və önləmlər almağa başlandı. Müalicəsi üçün dərman olmadığından, yalnız qoruyucu vasitələr və reanimasiya avadanlıqları tədarük edilməyə başlandı. Bütün dövlətlərdə eyni proses getdiyindən tədarükdə sıxıntılar meydana çıxdı.

“Siyasi partiyaların inkişafı dövlətin inkişafı deməkdir”

İlk dəfə pandemiya elan olunduqdan sonra karantin qərarları verildi. Ölkəmizdə karantin elan olundu. İş yerləri, təhsil ocaqları, ticarət obyektləri, restoranlar bağlandı. Əhalidən evdə oturaraq qorunmaları istənildi. Lakin ilk karantin dönəmini vətəndaş çox laqeyd, etinasız qarşıladı. Karantin müddətində evdə oturaraq iki həftənin təhlükəsiz adladılması yerinə, etinasızcasına icazə sistemindəki boşluqlardan sui-istifadə halları başlandı. Nəticədə virusun geniş yayılmasının önlənməsi yerinə yumşaltma başlayınca, alış-veriş mərkəzlərində (AVM) kütləvi toplanma müşahidə olundu. Heç bir sosial məsafə-filan gözlənilmədi. Əhalinin belə davranışına səbəb isə koronavirusla bağlı maarifləndirmə və təbliğat işinin düzgün qurulmaması oldu.

 

- Cəmiyyətimizdə qəribə etimadsızlıq yaranıb: Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi hər bir qərar, az qala lağlağı obyektinə çevrilir. İnsanımız özünü taleyin ümidinə buraxıb. Biz harda səhvə yol veririk?

 

- Bu etimadsızlığın səbəbi oradan başladı ki, Operativ Qərargah cəmiyyətlə məsafəli davrandı, reallıqları bölüşmədi. Məsələn, bir məqama diqqət yetirək. İlk başdan camaatın istəyi nəydi: Yoluxanların və vəfat edənlərin siyahısı açıqlansın. Lakin hökumət buna lüzum görmədi, siyahı cəmiyyətdən gizlin saxlanıldı. Bu da nəticədə virusun varlığına və Operativ Qərargahın qərarlarına inamsızlıq yaratdı. Hətta, cəmiyyətdə şayiələr yayıldı ki, “başqa səbəblərdən ölənləri koronavirusdan ölmüş kimi qeydə alırlar”.

 

Hesab edirəm ki, birinci karantin dövründə ciddi rejim tətbiq olunmalı idi. Xüsusən bu pandemiyanın yalan uydurma olduğu ilə bağlı informasiya yayanlar ciddi cəzalandırılmalı idilər. Özəlliklə bəzi doktorlar və TV-ləri zəbt etmiş şəxslər vətəndaşın xəstəliklə bağlı yanlış bilgi almasına səbəb oldular. Operativ Qərargah isə işini karantin elan etməklə və arada bir iclas keçirməklə bitmiş hesab etdi. Nüfuzlu ictimai-siyasi xadimlərin, tanınmış həkimlərin dəyərli fikirlərindən yararlanılmadı. Pandemiya başladığı andan biz sosial media və mətbuat vasitəsilə öz köməyimizi təklif etdik. Xüsusən siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının potensialından istifadə olunmaması ciddi yanlışlardan biri idi.

 

Etiraf etməliyəm ki, ölkə Prezidenti çevik hərəkət edərək lazımi tədbirləri aldı, gərəkən qərarları verdi. Operativ Qərargah yaradıldı. Vəsait ayrıldı. Lakin Operativ Qərargah öz adına uyğun olmayaraq, hər şeyi nəzarətinə ala bilmədi. Bunda əsas səbəb isə ölkənin Səhiyyə Nazirliyinin iflic vəziyyətdə olması idi. Nazir Şirəliyev demək olar, heç bir fəaliyət göstərə bilmədi. Ölkənin baş infeksionisti bir neçə dəfə televiziyada görünsə də, geniş xalq kütləsini təhlükənin ciddiliyinə inandıracaq səviyədə yadda qalmadı. TƏBİB isə yeni yarandığından, təcrübələrinin azlığından yetəri qədər təsiretmə imkanında olmadı.

 

Bununla da OQ-nin qəbul etdiyi hər bir qərar ciddi yanlışlıqlarla müşahidə olundu, insanların dediyiniz kimi lağ obyektinə çevrildi. Nə vətəndaşı xəstəliyin ciddiliyinə indandıra, nə sosal məsafə saxlamağa alışdıra, nə də müalicəsinin yaxın aylarda mümkün olmayacağına inandıra bildi. Hesab edirəm ki, yumşalmaya vaxtından əvvəl gedilməsi və sanki artıq pandemiyanın məhv edildiyi əhvalı yaradılması ən böyük səhv idi.

 

Məsələnin arzuolunmaz tərəfi həm də onunla bağlıdır ki, ötən müddətdə iki dəfə ikigünlük evəqapanma elan edilərkən, hökumətlə cəmiyyət arasında ciddi problemin olduğu ortaya çıxdı. Əhali keçilən zaman içərisində düzgün bilgiləndirilmədiyindən, ölüm saçan virusu ciddiyə almadı. Sosial məsafə gözlənmədi və s. Hökumətsə yalnız cəza tətbiq etməklə nəyə isə nail olmağa çalışdı.

 

- Problem ondadır ki, bu gün koronavorusla bağlı hökumət, hətta, dövlət rəhbərliyi səviyyəsində pessimist açıqlamalar verilir. Necə düşünürsünüz, durumumuz çoxmu ağırdır və çıxış yolumuz varmı?

 

- Hesab edirəm, pessimist olmamağa əsas yoxdur. Vaxtında yanlış gedilən yol bizi bu duruma gətirdi. Başdan dediyimiz kimi hər şey gözəl başladı. Xüsusən ölkə rəhbəri lazımi vəsaiti ayırdı və əhaliyə yetəri qədər ön hazırlıqlı olduğumuz bildirildi. Mən hökumətin yarıtmaz və işinin öhdəsindən gələ bilmədiyinə yuxarıda da toxundum. Sanki dövlət başçısı yalnız ən yaxın bir qrup məmurla bərabər mübarizə aparır. Hökumət isə seyrçi mövqedə xəstəliyin ölkədə sürətlə yayılmasına tamaşa edir. Vəziyyətə hamıdan yaxın olan Prezident isə, əlbəttə, pessimist olmalıdır. Bu məmur ordusu ilə heç bir iş görmək mümkün deyil. Təcili OQ buraxılaraq, bacarıqlı mütəxssilərdən və işi bacaran insanlardan ibarət olmaqla yenidən formalaşdırılmalıdır.

 

Bütün bunları nəzərə alaraq, düşünürəm ki, təcili və vəziyyəti yaxşıya dəyişəcək qərarlar qəbul olunmalıdır. İş o yerə çatmamalıdır ki, hökumət də, xalq çıxılmaz vəziyyətdə qalsın, hamımız pandemiyanın əsirinə çevrilək. Belə məqamlarda tək çıxış yolu var – hər kəsin əlini daşın altına qoyması. Və mən vətəndaşlarımızı qətiyyən ümidsizliyə qapılmamağa, ruh düşkünlüyünə uğramamağa çağırmaqla yanaşı, onlardan daha ehtiyatlı davranmağı, təhlükənin ciddiliyini qəbul etməyi xahiş edirəm. Bu virusun, onsuz da öhdəsindən gəlinəcək, amma ya ağır itkilərlə, ya da daha asanlıqla. Bunun yolu isə öz məsuliyyətimizdən keçir.

 

- Deyək ki, vətəndaş qaydalara məhəl qoymamaqda, yoluxma sayı artmaqda, Operativ Qərargah isə vətəndaşı məsuliyyətsizlikdə ittiham etməkdə davam edəcək. Və biz hara gedirik?

 

- Yox, belə olmaz. Artıq son günlər virusun yayılma arealı genişlədikcə, vətəndaşın yoluxma dairəsi kiçildikcə insanlar tədbir almağa çalışırlar. Mən əvvəllər də bununla bağlı danışarkən demişdim ki, biz real ölü görməsək, xəstəliyi ən yaxın çevrəmizdə müşahidə etməsək, inanmayacağıq. Son günlər virusun sürətlə yayılması artıq vətəndaşı tədirgin edib. İndi kimin məsuliyətsiz, kimin yarıtmaz olduğunu dartışmağın məqamı deyil. Xüsusən, Operativ Qərargahın ittiham etməyə haqqı çatdığını düşünmürəm. Çünki ölkə Prezidenti etimad göstərərək görəvləndirib onları. Demək olar, geniş səlahiyətlər və lazımi maddi-texniki vasitələrlə təmin olunublar. Yarıtmadıqları işi etinasız vətəndaşı ittiham etməklə örtə bilməzlər. Pessimizm hamımızı məhv edər. Bədbinləşməməliyik. Hesab edirəm ki, ölkəmizdə xeyli bacarıqlı insan var ki, dar gündə dövlətin yanında olacaqlar, vətəndaşı qorumaq üçün çıxış yolu təklif edə biləcəklər.

 

- Pandemiya dünyada və ölkəmizdə bütün sahələri “dondurub”: siyasəti, iqtisadiyyatı, sosial həyatı və s. Amma hər halda, həyat davam edir. Aydınlar Partiyası olaraq, vəziyyətdən çıxış yolu kimi təklifləriniz, alternativləriniz, proqramınız varmı?

 

- Təbii, pandemiya bütün dünya iqtisadiyatını, inkişaf etmiş ölkələri iflic edib. Dünyada öz nüvə silahı ilə “at oynadan” Rusiya kimi bir imperiya kiçicik bir virusun əlində əir qalıb. Türkiyə, İspaniya kimi inkişaf etməkdə lan ölkələr sıxıntı yaşayırsa, bizim ölkəmiz də dünyanın bir parçası olaraq ciddi sıxıntılarla üz-üzədir.

 

Aydınlar Partiyası olaraq biz pandemiya ölkəmizdə yayılmağa başlayandan dövlətimizin yanında olduğumuzu elan etdik. Baxmayaraq ki, yaxın vaxtlarda keçirilmiş Parlament seçkilərində partiyamızın namizədi saxtalaşdırma yolu ilə bir mafioz insana uduzdurulmuşdu, biz bütün umu-küsüləri kənara qoyduq. Hər zamankı kimi Azərbaycan dövlətinin varlığı bizim üçün hər bir firqə və şəxsi maraqlardan üstün oldu.

 

Başdan sosial media və mətbuat vasitəsilə hakimiyətə öz köməyimizi təklif etdik. Elan etdik ki, bütün partiyalar, ictimai-siyasi xadimlər bu pandemiya ilə mübarizədə dövlətə dəstək olmalıdırlar. Dərhal hakimiyyətin təcili bir “dəyirmi masa” təşkil edərək müxalifətlə fikir mübadiləsi etməsini təklif etdik. Nə yazıq ki, dəyərləndirilmədi.

 

Proqram və təkliflərimizə gəlincə, əlbəttə, yetəri qədər kadr potensialımız olduğundan, hakimiyət tərəfindən gələ biləcək istənilən məsələni müzakirə edə, təkliflərimizi verə bilərdik. Nə yazıq ki, bu olmadı. Buna baxmayaraq biz öz təkliflərimizi verməkdə davam edirik.

 

Ən son dünən Bakı, Sumqayıt və digər şəhərlərdən əhalinin rayonlara çıxması və bu çıxış zamanı özləri ilə bərabər pandemiyanı yaymamaları üçün təkliflərimizi verdik. Düşünürük ki, insanların rayonlara buraxılmasına iv=cazə verilməlidir. Amma o şərtlə ki, test nəticələri əllərində olsun və yoxlanış zamanı təqdim etsinlər. Bu da o deməkdir ki, COVID-19 testi hər kəs üçün əlçatan olmalıdır.

 

Eyni zamanda, çimərliklərlə bağlı təklifimiz mətbuat və sosial mediada çox yaxşı qarşılandı. Bildiyiniz kimi, vaksini və tam müalicəsi tapılmamış virusdan qorunmanın əsas yollarından biri insanların immunitetinin möhkəmləndirilməsidir. Virusla mübarizənin ən ağır mərhələsi havaların soyuyacağı vaxta düşəcək. Cənub yarımkürəsində indi qışdır və orada tüğyan edən pandemiyadan xəbəriniz var. İmmun sistemi güclü insanlar isə bu virusa və ya qrip kimi viruslara yaxalandıqda yüngül keçirirlər. Bunun üçün Allahın bizə hədiyyə elədiyi dənizin və bol günəşin imkanlarından maksimum yararlanmaq lazımdır. Təcili, gecikmədən çimərliklər xalqa açılmalıdır. Özəl çimərliklərə belə, vətəndaşdan ödəniş alnmaması tələb olunmalı, bəzi vergi güzəştləri edilməlidir. Vətəndaşlar isə sosial məsafəni gözləyərək sabah və axşam günəşi almalıdırlar. İnsanlar yeni rejimdə yaşamağa alışmalı, OQ tərəfindən veriləcək təlimatlara uymalıdırlar. Heç kimin ixtiyarı yoxdur ki, xəstəliyin yayılmasına vasitə olsun və bu millətin genefondunu məhvə sürükləsin.

 

Bundan başqa, aztəminatlı ailələrə sosial yardımların verilməsi, kiçik və orta biznesin durumu və s. ilə bağlı da iqtisadçılarımızın layihələri var. Həftənin əvvəlində rayonlara gediş-gəliş və çimərliklərlə bağlı təklifimizi rəsmən Operativ Qərargaha təqdim etməyi düşünürük.

 

Buradan, ayrıca Azərbaycan həkimlərinə və tibb işçilərinə partiyamız və şəxsim adından təşəkkürümüzü bildirirəm. Bu ağır sürəcdə onlar inanılmaz qəhrəmanlıqlar edirlər. Xüsusən son gərginləşmə fazasında həkimlərimizin üzərinə çox iş düşür. Onlar robot deyillər, fiziki enerjiləri tükənə bilər. Tükənməmələri, enerjili olmaları üçün hər zaman sevimli doktor və bütün tibb işçilərinə minnəttarlıqla dəstək olmalıyıq. Vətəndaşlara durumun nə qədər ağır olduğunu anladaraq onları nizam intizama, sosial məsafəni gözləməyə, maska geyinərək hərəkət etməyə çağırmalıyıq və çağırırıq.

Müəllif: Tural Talehoğlu