Dövlət İmtahan Mərkəzi gözlənilən yeniliklərə aydınlıq gətirib

Cəmiyyət

24.12.2019 - 11:48

Natiq Əliyev: “İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndiriləcək”

 

Dövlət İmtahan Mərkəzi (DİM) rezidentura qaydalarına ediləcək dəyişikliklərə aydınlıq gətirib. AYNA xəbər verir ki, bu barədə DİM-in Yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin müdiri Natiq Əliyev açıqlama verib.

 

“Əvvəllər rezidenturaya baza imtahanı mart-aprel aylarında, ixtisas imtahanı isə iyul ayından sonra keçirilirdi. Bu prosesin davamı olaraq bu il Dövlət İmtahan Mərkəzi tərəfindən təklif verilib ki, baza fənləri üzrə imtahanlar daha tez verilsin. Rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndiriləcək”, - o bildirib.

 

Şöbə müdirinin sözlərinə görə, imtahandan “məqbul” alanlar 5 il ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılacaqlar: “4-cü kursda qeyri-məqbul alanlar növbəti kursda yenidən baza imtahanı verə biləcəklər. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş tələbələr (4-cü, 5-ci, 6-cı kurs tələbələri və əvvəlki illərin məzunları) də buraxılırlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən sonra buraxılırlar”.

 

Bundan əlavə, N.Əliyev vurğulayıb ki, ixtisas seçiminə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladığı balı DİM tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılacaqlar: "Müsabiqə namizədlərin ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladıqları bal əsasında aparılacaq. Artıq 2020-2021-ci il üçün aparılan qəbul qaydalarında dəyişikliklər öz əksini tapacaq".

Müəllif: Ayna.az