Britaniya kəşfiyyatı: müharibə əleyhinə olan rusların sayı artıb

Dünya

04.12.2022 - 16:45

Rusların 55 faizi Ukrayna ilə sülh danışıqlarının, 25 faizi müharibənin davam etməsinin tərəfdarıdır

Rusiyada əhali arasında Ukraynada “xüsusi hərbi əməliyyat”a dəstəyin əhəmiyyətli dərəcədə azalması qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə Böyük Britaniya kəşfiyyatı məlumat yayıb. Kəşfiyyatın bu yaxınlarda apardığı araşdırmaya görə, əhəmiyyətli uğur əldə edilmədiyi üçün Rusiya hakimiyyətinə müharibənin uzadılmasına ruslardan razılıq almaq getdikcə çətinləşir.

Britaniya kəşfiyyatı Rusiyanın “Meduza” nəşrinin dərc etdiyi qapalı rəy sorğusunun nəticələrinə istinad edir ki, rusiyalıların 55 faizi Ukrayna ilə sülh danışıqlarının tərəfdarıdır. Əhalinin yalnız 25 faizi müharibənin davam etdirilməsinin tərəfdarıdır.

Kəşfiyyat qeyd edib ki, bu məlumatlar oktyabrda Rusiya Federasiyasında respondentlərin 57 faizinin danışıqların tərəfdarı olduğu analoji müstəqil sorğuya uyğundur. Eyni zamanda, 2022-ci ilin aprelində rusların təxminən 80 faizinin Ukraynadakı müharibəni dəstəklədiyi iddia edilir.

“Rusiya hakimiyyətinin informasiya mühitinə geniş nəzarəti təmin etmək səylərinə baxmayaraq, 2022-ci ilin sentyabrından, “qismən səfərbərlik”dən sonra bir çox ruslar üçün müharibənin təsirləri getdikcə hiss olunmağa başlayıb”, - Britaniya kəşfiyyatı qeyd edib.

Rusiyanın qarşıdakı bir neçə ayda döyüş meydanında ciddi qazanc əldə edə bilməyəcəyi bir şəraitdə, Kreml əhaliyə müharibənin vacibliyini izah edə bilməyəcək.

Vurğulanıb ki, sentyabrın sonunda Putin rejimi “qismən səfərbərlik” elan etdiyi gündən repressiyaları gücləndirib. Polis gücləndirilmiş rejimə keçib, bəzi vilayətlərdə yollarda polis postları qurulub, yerli sakinlərin evlərində axtarışlar aparılır. Ukraynalılarla ünsiyyətdə olan şəxslər axtarılır.

Kreml müharibəyə müxalif olan şəxslərə qarşı repressiyaları gücləndirib. Dekabrın 1-dən isə Rusiya Federasiyasında Putin diktatura rejiminin tənqidçiləri və əleyhdarlarına qarşı “xarici agentlər” haqqında qanuna düzəlişləri təsdiqləyib.

Müəllif: Ayna.az