Azərbaycan xalqının müqəddəratını dəyişən tarix - <font color=red> BEŞİNCİ YAZI</font>

Siyasət

27.04.2020 - 23:09

Həkimlər Klinikalar SEO Xidməti

Bakıda olan bütün türklər yalnız Qafqaz Diyar Komitəsinin əmr və göstərişləri üzrə işləmək haqqında türk milli hərəkat komitəsindən sərəncam almışdılar

 

Bakı ilə münasibətlərdə təzyiq amilinin tərəfdarı olan bolşevik rəhbərlərindən Y.Rudzutak aprelin 25-də Həştərxandan Moskvaya göndərdiyi teleqramda tövsiyələrini bildirmişdi: «Bakıda vəziyyəti kəskinləşdirən erməni – tatar münasibətləridir. Hökumət tatar milliyyətinə arxalanır. Çevrilişi yalnız müsəlmanlara dayaqlanmaqla həyata keçirmək mümkündür, bununla bərabər məsul vəzifələrə bir ermənini belə təyin etmək olmaz. Çiçerinin susması Azərbaycan hökumətini qorxuya saldı». Hərbi təhdid altında Azərbaycan hökumətindən hər pud üçün 10-15 rubl qiymətinə neft ehtiyatlarının yarısını almağın mümkünlüyünü yazan Rudzutak naviqasiya vaxtı keçdiyindən Bakı məsələlərini bu və ya digər şəkildə təcili həll etməyi lazım bilirdi. Artıq Moskvada «Bakı məsələlərini» həll etməyin güc yolu qətiləşmişdi: Aprelin 21-də Qafqaz cəbhəsi komandanlığı XI ordu rəhbərliyinə 490 №li direktiv göndərmişdi ki, AC ordusunun əsas qüvvələri ermənilərlə cəbhədə cəmləşmişdir. Həmin direktivə əlavə olaraq 1 gün sonra, 52 №li əmr verilir: XI ordu qarşısında aprelin 27-də Azərbaycanın sərhədlərini keçmək və 5 gün ərzində çox sürətli yürüşlə Bakı quberniyasının ərazisini ələ keçirmək vəzifəsi qoyulur. Məsələnin birmənalı şəkildə nəzərdə tutulduğu halda, Çiçerin həmin günlərdə, aprelin 24-də F.Xoyskiyə sonuncu teleqramı göndərir. Azərbaycanla sərhəddə qoşunların irəliləməsini Denikin qüvvələri ilə mübarizə zərurətindən irəli gəldiyini göstərir, yenə də Azərbaycan hökumətini denikinçilərlə iş birliyində günahlandırırdı. Bu dəfə Çiçerin daha irəli gedərək Azərbaycan hökumətini hərbi yardım üçün hər hansı bir üçüncü ölkəyə müraciət etməkdən çəkindirməyə çalışır. Azərbaycan və Rusiya respublikaları arasında yaranmış şəraitdən istifadə edərək hər hansı bir dövlətin hərbi qüvvələrinin sovet qoşunlarına qarşı hücumçu hərəkətlərinin olmayacağına dair Xoyskini Rusiya hökumətinə təminat verməyə çağırırdı. 


Rusiyanın son «diplomatik akkordu» 3 gün sonra baş tutmalı olan «Bakı əməliyyatı»nı pərdələmək forması idi. Bu əməliyyatın qansız  ötüşəcəyinə Orconikidzedə ümid yaradan digər bir xarici amil də var idi: «Türkiyədə milli hərəkatın rəhbəri Mustafa Kamal paşa ingilis hücumlarından müdafiə olunmaq üçün sovet qoşunlarının Türkiyə sərhədlərinə buraxılmasını Azərbaycandan tələb edir».

 

Ermənilərin «sifarişli» qiyamının, inqilabi cəhdlərin gözlənilən nəticəni təmin etmədiyini görən bolşevik siyasəti «türk nüfuzundan da istifadəyə sövq etdi». Qafqaz Diyar Komitəsi türk milli hərəkatı ilə əlaqəyə girmişdi: «Bakıda olan bütün türklər yalnız Qafqaz Diyar Komitəsinin əmr və göstərişləri üzrə işləmək haqqında türk milli hərəkat komitəsindən sərəncam almışdılar. Mövcud Azərbaycan hökumətini devirmək uçün türklər bizə Xəlil Paşadan istifadə etməyi təklif edirlər. Erməni-tatar qırğınını aradan qaldırmaq üçün Zəngəzura gedəcəyi bəhanəsi ilə Xəlil Paşanı Dağıstana, oradan isə dağıstanlılardan ibarət könüllü dəstə ilə Bakıya göndərməyi təklif edirlər. «Aprel böhranı»nda Türkiyə tərəfinin birbaşa iştirakı əhalinin qırmızı ordunun psixoloji qəbuluna zəmin yaratmışdır: «müsəlmanlara türk zabitləri rəhbərlik edirlər (Xəlil bəy və b.)». Məhz həmin zabitlərin göstərişi xalqı yad orduya qarşı çıxmamağa, həyəcanlanmamağa yönəldirdi. Bu xidməti Kirov və Orconikidze Leninə 4 may tarixli məlumatda vurğulamışdır: «Türk əsgərləri və zabitləri Bakıda inqilabın xeyrinə olduqca fəal rol oynadılar ki, onların dəstəsi (müsavat) hökumətinin Bakıdan qaçmaq imkanının qabağını aldı». Türkiyənin yardımına getməli olan bir hərbi qüvvə müttəfiq kimi təqdim edilirdi. Bu səbəbdən Türkiyə bayraqları şəhərin hər yerində olduğu kimi, «inqilab komitəsinin yerləşdiyi parlament binası üzərində belə» dalğalanırdı.

 

Firdovsiyyə Əhmədova

Tarix üzrə fəlsəfə doktoru, dosent

Müəllif: Ayna.az