“Artıq Minsk Qrupuna ehtiyac yoxdur, amma...”

Siyasət

01.07.2022 - 10:23

Fərid Şəfiyev: “Faktiki olaraq Minsk Qrupu ad olaraq, formal olaraq qalıb”

Keçmiş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə yaradılmış ATƏT-in Minsk Qrupu İkinci Qarabağ müharibəsindən sonra demək olar ki, fəaliyyətini və mahiyyətini itirmiş oldu. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, problem sülhlə yox, güc yolu ilə həllini tapdığı üçün həmsədrlik institutunun fəaliyyətinə ehtiyac yoxdur. Lakin Ermənistan tərəfi hər vəchlə Minsk Qrupunun dirildilməsinə çalışır.

Son günlər buna Qərbdən də müəyyən dəstək nümayiş edildiyinin şahidiyik. ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosu məlumat yayıb ki, rusiyalı həmsədr Qarabağın gələcəyini müzakirə etmək dəvətini qəbul etməyib.

“ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri bu gün həmkarları ilə Dağlıq Qarabağın gələcəyini müzakirə etmək üçün danışıb. Təəssüf ki, rusiyalı həmsədr dəvəti qəbul etmədi. Biz Minsk Qrupunun işini davam etdirməsini səbirsizliklə gözləyirik”, – deyə məlumatda bildirilir.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 24-də azərbaycanlı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında “ATƏT-in Minsk Qrupunun Amerika və Fransa tərəflərinin təşəbbüsü ilə fəaliyyətini dayandırdığını” açıqlamışdı. Ceyhun Bayramov da Lavrovun sözlərini yekunlaşdıraraq deymişdi: “2022-ci ilin fevralından başlayaraq məlum səbəblərdən ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında qarşılıqlı fəaliyyət formatı tamamilə iflic vəziyyətə düşüb. Və biz bu məlumatı müxtəlif mənbələrdən, o cümlədən rusiyalı tərəfdaşlardan almışıq”.

Görünür, Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosu Lavrovun açıqlamasından sonra "hərəkətə" keçib. Kapitulyant ölkə olan Ermənistanın da Büronun bu bəyanatı nəticəsində iştahı yenə artıb.

Lakin Azərbaycan Prezidenti həmsədrlik institutu ilə bağlı əvvəl dediklərini bir daha təkrarladı. İyunun 30-da Prezident İlham Əliyev Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında xatırladıb ki, Azərbaycan işğala son qoyub, ədaləti bərpa edib: "Mən 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısında qeyd etmişdim ki, biz beynəlxalq hüququ, ədaləti bərpa edəcəyik. Uzun illər, 30 il gözlədik ki, beynəlxalq ictimaiyyət tərəfindən bu məsələnin həlli tapılacaq və işğala son qoyulacaq. Bu məqsədlə 1992-ci ildə ATƏT-in Minsk Qrupu təsis olunmuşdu. Qrupun funksiyası münaqişənin həlli, işğala son qoymaq idi. Lakin əksinə, ATƏT-in Minsk Qrupu, sadəcə bir alətə çevrilmişdi".

Azərbaycan lideri Minsk Qrupu ətrafındakı spekulyasiyalara da toxunub: "Artıq Azərbaycan işğala son qoyub, Azərbaycan öz ərazi bütövlüyünü hərbi və siyasi yolla təmin edib. Belə olduğu halda artıq Minsk Qrupuna ehtiyac yoxdur, biz Minsk Qrupu ilə vidalaşmışıq, onlarla sağollaşmışıq. Lakin təəssüflər olsun ki, Ermənistan tərəfi və digərləri bu Qrupu canlandırmaq istəyirlər. Bildirmək istəyirəm ki, bu, qeyri-mümkündür. Artıq o Qrup ölüdür, cansızdır. Biz işğaldan xeyli əziyyət çəkmişik və bunu açıq-aydın şəkildə bildiririk. Düşünürəm ki, Minsk Qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, dağıdıcıdır, regionda sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir”.

Beləliklə, İ.Əliyev Minsk Qrupunu diriltmək istəyənlərə ikitərəfli mesaj vermiş oldu: birincisi, həmsədrlik institutunun bərpa olunmayacağında Bakının israrında qətiyyətli olduğunu, ikincisi, Minsk Qrupunun bərpası ilə bağlı dirənişin regionda sülhə ciddi ziyan verəcəyini, əngəl yaradacağını.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib ki, əsas məsələ regionda ərazi bütövlüyünün qorunmasının dərk edilməsidir:

- Prezident İlham Əliyev bir daha bu məsələyə toxundu və hesab edirəm ki, rəsmi Bakının mövqeyi bir daha Minsk Qrupunu dirçəltmək istəyən qüvvələrə çatdırılmış oldu. 30 il ərzində Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü, vətəndaşlarının fundamental hüquqları pozulub, torpaqları işğal altında saxlanılıb. 2020-ci ildə Azərbaycan Ordusu güc yolu ilə ərazi bütövlüyümüzü bərpa edib. Bundan sonra Minsk Qrupunun fəaliyyətinin canlandırılmasına təşəbbüslərin göstərilməsi, yaxud keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təklif edilmiş “Madrid prinsipləri” haqqında hansısa fikirlərin səsləndirilməsi kimi yanaşmalar qəbuledilməzdir. Azərbaycan ATƏT-in yeni təkliflərlə çıxış etməsini istədi. Hansı ki, onlar Cənubi Qafqazda sülhə və birgəyaşayışa xidmət edən təkliflər verə bilərdilər.

- Amma postmünaqişə ilə bağlı hansısa təklif vermədilər...

- Əgər Minsk Qrupu postmünaqişə dövründə də prosesdə qalmaq istəyirdisə, o zaman gündəmdə olan bir çox məsələlər - humanitar, mina problemi, Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslər və s. məsələlərlə məşğul olacağını elan edə bilərdi. Amma təəssüf ki, biz bununla bağlı Minsk Qrupundan addım görmədik.

- Məsələ burasındadır ki, ATƏT Minsk Qrupu fəaliyyətinə xitam verildiyini bəyan etməyib...

- Artıq Minsk Qrupuna ehtiyac yoxdur, ancaq bu təsisatın fəaliyyətinin dayandırılması mürəkkəb prosesdir və ATƏT çərçivəsində həll olunmalıdır. Faktiki olaraq Minsk Qrupu ad olaraq, formal olaraq qalıb. Onun mandatı Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması ilə bağlı idi. Bu məsələ isə artıq bizim üçün gündəmdə deyil. Ötən il Qarabağın statusu məsələsi gündəmə gətirilməyə çalışılırdı. Ancaq reallıq odur ki, Azərbaycan öz siyasətini yürüdür, gündəmi formalaşdırır və bu gündəlik faktiki olaraq qəbul olunub. 

Müəllif: Anar Bayramoğlu