Bundestaq miqrasiya siyasətinin sərtləşdirilməsi haqqında qərar qəbul edib
Almaniyada parlament müxalifəti miqrasiya siyasətinin köklü şəkildə sərtləşdirilməsinə yönəlmiş qətnamənin qəbuluna nail olub. AYNA xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.
Bundestaq üzvlərinin əksəriyyəti daimi sərhəd nəzarətinin qaytarılmasını, sərhəddə sığınacaq verilməsinin rədd edilməsinin mümkünlüyünü və deportasiyaya məruz qalan əcnəbi vətəndaşların saxlanmasını ehtiva edən təşəbbüsə səs verib.
Səsvermədən əvvəl kansler Olaf Şolts deputatları qətnaməni rədd etməyə çağırsa da, yekunda 348 deputat onu dəstəkləyib, 345-i əleyhinə, 10-u isə bitərəf qalıb. Sənədə CDU/CSU koalisiyası ilə yanaşı, Azad Demokrat Partiyası (FDP) və sağçı populist Almaniya üçün Alternativ (AfD) də səs verib. Almaniya Sosial Demokrat Partiyası (SPD), Alyans 90/Yaşıllar və Sol Partiyasının nümayəndələri əleyhinə səs verib.
CDU/CSU blokunun hüquq-mühafizə orqanlarının səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutan ikinci təşəbbüsü təsdiqlənməyib: 190 deputat onun lehinə, 509-u əleyhinə, 3-ü isə bitərəf qalıb.
CDU/CSU bloku Almaniyada immiqrantlar tərəfindən törədilən bir sıra yüksək profilli cinayətlərdən sonra miqrasiya siyasətini sərtləşdirmək təşəbbüsü ilə çıxış edib. Belə ki, yanvarın 22-də Bavariyanın Aşaffenburq şəhərində Almaniyada olmaq hüququ olmayan 28 yaşlı əfqan bıçaqla yoldan keçənlərə hücum edib. Hücumun qurbanları iki yaşlı uşaq və 41 yaşlı kişi olub. Bir uşaq da daxil olmaqla daha üç nəfər yaralanıb.
Bir ay əvvəl, dekabrın 20-də Maqdeburqda terror aktı törədilib: bir avtomobil Milad bazarında izdihamın üzərinə tam sürətlə gedib. Beş nəfər ölüb, 200-dən çox insan yaralanıb. Hücum edən şəxsin qaçqın statusu olan 50 yaşlı Səudiyyə Ərəbistanı vətəndaşı olduğu üzə çıxıb.