Alma-Ata Bəyannaməsi əsasında sülh sazişi və ya Rusiyanın dəyişməyən mövqeyi

Siyasət

07.12.2022 - 18:07

İnstitut rəhbəri: “Rusiya ərazinin Azərbaycandan qoparılmasında yox, hansısa statusu olan ərazidə yerləşməkdə, oraya nəzarət etməkdə və lazım olanda tərəflərə təzyiq etməkdə maraqlıdır”

Dekabrın 5-də Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş keçirilib. Rusiya XİN-in Qəbullar Evində keçirilən ikitərəfli görüşün protokol hissəsində nazirlər çıxış ediblər. Görüşdə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirəsi, həmçinin regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Daha sonra görüşün yekunları ilə bağı nazirlərin birgə mətbuat konfransı keçirilib. Konfransda Azərbaycanla Ermənistan arasında imzalanması vacib olan sülh sazişindən danışan Lavrov bildirib ki, tərəflərin sülh müqaviləsinin Alma-Ata Bəyannaməsi əsaslanmasına razı olması yekun işi yüngülləşdirir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı mövcud təkliflərdən danışan Rusiya XİN başçısı qeyd edib ki Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı Rusiyanın təklifi çoxdan var: "Bu təklif bu ilin əvvəlində tərəflərə təqdim olunmuşdu. Praqada tərəflər sülh müqaviləsinin Alma-Ata Bəyannaməsi əsasında imzalanması barədə razılığa gəliblər. Tərəflər buna razıdırlar. Bu isə sülh müqaviləsi ilə bağlı vəzifənin həllini yüngülləşdirir".

Bayramov isə rusiyalı həmkarı ilə görüşdə Ermənistanın öhdəlikləri yerinə yetirməməsindən, Üçtərəfli Birgə Bəyanatda göstərilən müddəaların icra olunmamasından şikayətlənib. Nazir rəsmi Bakının mövqeyini Rusiya tərəfinə çatdırıb.

Moskvadakı müzakirələri, Rusiyanın Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması ilə bağlı mövqeyini AYNA-ya müsahibəsində Siyasi Menecment İnstitutunun rəhbəri, politoloq Azər Qasımlı şərh edib. Analitik bildirib ki, Azərbaycanın XİN başçısı Prezidentin göstərişlərinə əməl edir, rəsmi Bakının mövqeyini Moskvanın diqqətinə çatdırır:

- XİN başçısı sərbəst deyil, təkbaşına qərar vermək imkanı yoxdur ki, onun hansısa görüşündə nələrsə əldə edilsin, yaxud edilməsin. Prezidentin tapşırıqlarını rusiyalı həmkarı ilə müzakirə etdi, vəssalam. Hesab edirəm ki, bu görüş hansısa detallar müzakirə olundu. Bu baxımdan, görüşlə bağlı ciddi nələrinsə əldə edildiyini söyləyə bilmərəm.

- Görüşdən sonrakı mətbuat konfransında Lavrov bəyanatlar verdi. Rusiya XİN rəhbəri bildirdi ki, həm Ermənistan həm də Azərbaycan Alma-Ata Bəyannaməsi əsasında sülh sazişinin imzalanmasına razıdırlar. Bu mesajın arxasında nə dayanır?

- Azərbaycan XİN, nazir bu bəyanatın nə demək olduğunu ictimaiyyətə açıqlasaydı, daha yaxşı olardı. Bu görüşdən 2 gün əvvəl Lavrov mətbuat konfransı keçirdi və fərqli-fərqli bəyanatlar verdi. Məsələn, dedi ki, Rusiya və Azərbaycan prezidentləri arasında “centlmen anlaşmalar” var. Amma bunların nələrdən ibarət olduğunu açıqlamadı. İndi isə Alma-Ata Bəyannaməsi əsasında sülh sazişinə razılıqdan danışır. Lakin yenə detalları açıqlamır. Nələr razılaşdırılır, ortaq məxrəc nədən ibarətdir, deyilmir. Yaxşı olardı ki, bizim XİN detalları açıqlayardı. Əks halda, biz sadəcə ehtimal edə bilərik.

- Sizin ehtimalınız nədir?

- Lavrovun bəyanatlarından, bundan qabaq Putinin dediklərindən bu qənaətə gəlmək olar ki, Rusiya tərəfi Qarabağı formal olaraq Azərbaycan ərazisi kimi qəbul edir, amma regionun statusu ilə bağlı bu gün qərar verilməsinin lehinə deyil. Moskva hesab edir ki, Azərbaycan və Ermənistan sülh istəyirsə, hər iki dövlət, hər iki xalq Rusiyanın moderatorluğunu, vasitəçiliyini qəbul etməlidir. Və prosesdə yalnız Moskva olmalıdır, nə Brüssel, nə Ankara olmalıdır. Xüsusilə, Rusiya Qərbin bu prosesdə iştirakını qətiyyən istəmir.

Bununla yanaşı, Rusiyanın mövqeyi budur ki, Qarabağın statusunu gələcək nəsillərə saxlamaq lazımdır. Söhbət hansı “gələcək nəsillər”dən gedir, 15 il, yoxsa 30 il sonradan gedir, bilinmir. Daha bir məqam, gələcək status müəyyənləşənədək Rusiyanın hərbi qüvvələrinin Qarabağda qalmasını istəyirlər. Əslində Rusiyanın dediyi və istədiyi bunlardır. İndi bunamı razılaşıblar, mən deyə bilmərəm.

- Rusiya XİN başçısı həm də “Altılıq platforması”nın inkişafı perspektivləri haqqında danışdı, bunun müzakirə olunduğunu bildirdi...

- Bununla mesaj ötürüldü ki, “3+3” ideyasına qayıtmaq istəyirlər. Həm də “Altılıq platforması” adlanan bu formatda 3 Cənubi Qafqaz ölkəsi – Azərbaycan-Ermənistan-Gürcüstan, 3 isə region ölkəsi – Rusiya-Türkiyə-İran  nəzərdə tutulub. Ümumi desək, Rusiyanın mövqeyi ondan ibarətdir ki, Rusiyanın vasitəçiliyindən başqa hansısa platforma olmamalıdır, Ermənistan və Azərbaycan yalnız Rusiya ilə oturub danışmalıdırlar, razılaşdırmalıdırlar. Və bölgənin problemlərin həlli məsələləri Rusiyanın lideriliyi ilə müzakirə oluna bilər, digər bölgə ölkələri – Türkiyə və İranda iştirakçı ola bilər. Ermənilərə də mesaj verirlər ki, ABŞ-dan, Fransadan fərqli olaraq, Rusiya onların hüquqlarını daha yaxşı qoruya bilər. “Valday” Diskussiya Klubunun iclasında bunu Putin açıq şəkildə bildirmişdi. Deməyim odur ki, hər şey göz önündədir.

- Rusiya əvəllər açıq deməsə də, sülhə narazı olduğuna işarələr edirdi. İndi isə Lavrov Alma-Ata Bəyannaməsi əsasında sülhdə razı olduqlarını bildirdi. Sizcə, Rusiyanın mövqeyində dəyişiklik varmı?

- Birincisi, Alma-Ata Bəyannaməsi əsasında sülh razılığı deyəndə nə nəzərdə tutulur, forma nədir, bunu heç bir tərəf açıqlamır. Rusiyanın mövqeyinə gəlincə, mən bunda heç bir dəyişiklik görmürəm. Rusiyanın mövqeyi bundan ibarətdir ki, SSRİ dövründə necə idisə, elə də qalsın. Məsələn, SSRİ dövründə Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti idi. Moskva yenə bu variantın olmasında maraqlıdır. Rusiya heç də istəmir ki, Qarabağ Azərbaycandan qoparılsın Ermənistana verilsin. Buna da razı deyil. Yeri gəlmişkən, Rusiya Dnestryanının Moldovadan, Abxaziyanın, Cənubi Osetiyanın gürcüstandan qoparılmasını da istəməzdi. Kreml sadəcə bu bölgələrdə münaqişəli vəziyyətin davam etməsini, bu səbəblə də hərbi kontingentinin orada yerləşdirilməsində maraqlıdır. Birinci mərhələdə sülhməramlı adı ilə bölgədə yerləşsin, müəyyən müddətdən sonra da hərbi kontingent baza statusu alsın. Abxaziyanın və Cənubi Osetiyanın “müstəqilliklərini” tanıması Rusiya tərəfindən ciddi səhv idi, sonradan bunu özləri də başa düşdülər. Çünki Gürcüstana təsir rıçaqlarını əllərindən vermiş oldular. Demək istəyirəm ki, Rusiya ərazinin Azərbaycandan qoparılmasında yox, hansısa statusu olan ərazidə yerləşməkdə, oraya nəzarət etməkdə və lazım olanda tərəflərə təzyiq etməkdə maraqlıdır. Lavrov deyir ki, “Dağlıq Qarabağ Muxtar Vilayəti Alma-Ata Bəyannaməsinə əsasən Azərbaycanın tərkibində olub”. Diqqət edin, “muxtar vilayət” deyir. Deməli, məsələ aydındır. İstək odur ki, Qarabağ formal olaraq Azərbaycan ərazisi kimi qalsın, amma orada Rusiyanın hərbi bazası olsun. Moskvanın hər zaman istəyi bu olub, məsələ bu qədər sadədir. Buna Rusiyanın mövqeyinin dəyişməsi demək yanlış olar.

Müəllif: Anar Bayramoğlu