Saxlanılan şəxslərin ətrafında zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı oğurluq cinayətləri törədən və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 5 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya verilən məlumata görə, rayonun Yuxarı Qəsil kəndi ərazisində 220 metr uzunluğunda rabitə kabellərinin naməlum şəxslər tərəfindən kəsilərək oğurlanması barədə şöbəyə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakinləri – Nicat Qarayev və Elcan Zülfüqarov saxlanılıblar.
Onlar ifadələrində əməllərini etiraf edib və oğurladıqları kabelləri əridərək Mingəçevir şəhərində metal qəbulu məntəqəsinə satdıqlarını bildiriblər.
Keçirilən digər əməliyyat nəticəsində isə usta kimi işlədiyi evdən müxtəlif məişət əşyaları və evdəki qapıları oğurlayan Zaur Abidov tutulub. Araşdırma zamanı saxlanılan şəxsin evdə heç kimin olmamasını fürsət bilərək oğurluq etdiyi və həmin əşyaları ayrı-ayrı şəxslərə dəyərindən ucuz qiymətə satdığı məlum olub.
Şöbənin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbirlər nəticəsində isə daha 2 nəfər rayon sakini - əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Rafiq Muradlı və Tehran Nağıyev saxlanılıb. Şəxsi axtarış zamanı R.Muradlıdan metamfetamin və heroin, T.Nağıyevdən isə heroin aşkar edilərək götürülüb.
Faktlarla bağlı saxlanılan şəxslərin ətrafında zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.