İşlərə bu il avqust ayının 15-də başlanılıb və noyabrın sonunadək tamamlanması planlaşdırılır
Bakı şəhərinin Xətai, Nəsimi, Səbail rayonlarında 50 min nəfər sakinin qaz təchizatı yaxşılaşacaq. Bunun üçün mövcud istismara yararsız qaz kəmərlərinin yenilənməsinə başlanılıb. Bu barədə AYNA-ya “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov məlumat verib.
Qeyd olunub ki, Xətai, Nəsimi, Səbail rayonlarını qazla təmin edən ümumi uzunluğu 3500 m olan 530 mm diametrində yeraltı qaz kəməri ötən əsrin 80-ci illərində çəkilib. Bu kəmərin 1500 m-lik hissəsi 2017-2018-ci illərdə təmir olunub. Hazırda Xətai rayonu Xocalı prospektindən başlayaraq N.Rəfiyev küçəsi və Nobel prospekti ilə Y.Səfərov küçəsinə kimi mövcud olan 2000 m uzunluğundakı qaz kəməri 400 mm diametrində olan polietilen kəmərlə dəyişdirilir.
İşlərə bu il avqust ayının 15-də başlanılıb və noyabrın sonunadək tamamlanması planlaşdırılır. Bu günədək tikintinin 70 faizi icra olunub.