Muəllif:

RƏBİQƏNİN SUALININ CAVABI…

Rayonlarımızdan birində xəstəxananın cəmi iki təcili yardım maşını var. Deyir, maşınlar nə gündədirsə, bir çağırışa gediblər, xəstə maşını görüb, deyib ki, siz gedin, mən taksiylə gələrəm xəstəxanaya. İndi bizim umudlarımız elə gündədir ki, istəyirsən deyəsən, sən öz başının çarəsinə bax, biz özümüz birtəhər yaşarıq, daha doğrusu, ölərik…

“Şair, yazıçı, rəssam, elm adamı ac olar, məşəqqət, əzab-işgəncə içində yaşar” fikri nə vaxt beynimizə yerdilib, bilən varmı? Onu bizim ağlımıza kim soxub? Mən bu ideologiyanın sovet dövrünün məhsulu olduğunu düşünürəm, ancaq tam əmin deyiləm. Əmin deyiləm deyəndə, bəlkə tarixçilər daha yaxşı bilər deyə, hökm vermək istəmirəm. Bildiyim bircə budur ki, daş düşəydi o günün, o saatın, o çağın, o quruluşun, o zamanın başına. Heç yerli-dibli olmayaydı.

Niyə sovetləri düşünürəm?

Çünki o quruluşda cəmiyyətdəki bütün təbəqələr qəflətən yoxsullaşdı, daha düzü, yoxsullaşdırıldı. Varı olanın varı əlindən alındı, olmayana isə yenə heç nə verilmədi. Hamı, kəndlisindən şairinəcən hər kəs sosializm, ümumxalq işinə cəlb edildi, hamıdan öz mənafeyini qoyub ümumun mənafeyi haqda düşünmək, o cür yaşamaq tələb olundu.

Şair o vaxt əsil şair kimi qəbul edildi ki, ac oldu, yoxsul oldu, yaxşı yaşamaq umurunda olmadı, əzab çəkdi, sevgisi mütləq daşa dəydi, əyni-başı töküldü, saçları dağınıq oldu, dəli kimi öz-özünə danışdı, qan rəngli şərab aludəçisi oldu, ailə-uşağını düşünmədi, vərəmlədi, ciyəri çökdü və bir növ fəhlə-kəndli sinfiylə eyniləşdi, sadəcə, şeir yazdı.

İllərlə bu obrazın, bu təfəkkürün beyinlərə hakim olması üçün rejimin institutları titan işi gördülər. Çalışdılar və nail oldular. Günü bu gün də Azərbaycanın istedadlı adamları bu obrazdan kənara çıxa bilmir, üstəlik xalq da bunu tələb edir, özü üçün bir qəpik xeyir güdən şair-yazıçısını, yek kəlməylə ziyalısını töhmətləyir, ondan üz çevirir, küsür, “axı, sizin işiniz budur da” deməyə özünü tam haqlı hesab edir.

İdeoloqlar bununçün hansı vasitələrdən, hansı faktlardan istifadə etməyib? Əvvəlcə, Füzuli adi bir məzar qarovulçusu olub, 9 ağçaya möhtac olub dedilər, onsuz da böyük olan Tolstoyu göylərə qaldırdılar, allahlıq mərtəbəsinə yüksəltdilər, sonra onun bütün maddi nemətlərə göz yummasını, sonunda özünün olan hər şeydən imtina etməsini ortaya atdılar, o qədər şişirtdilər ki, aman-aman!

Sonra Hadi məsələsi qabardıldı. Sonra Mirzə Ələkbər Sabir mifi yaradıldı. Guya adam acından ölürmüş, çarəsizlikdən sabun bişirirmiş. Yox bir. Kişi kiçik bizneslə məşğul olub, pul qazanıb. Bunu ört-basdır etmək, onun xırda burjuy kimliyini malalamaq üçün əla fürsət idi. Sabun və şair. Heç düz gəlmirdi. (Hərçənd bu gün şairlər sabun bişirmir, ama sabunsuz bir saniyələri olmur). Yuyulmuş beyinlərə girmirdi şairin sabun bişirməsi. Həm də bu “bişirmək” kəlməsi çox qəribə səslənirdi. Sanki adam xörək yerinə sabun bişirib yeyirmiş. Assosiasiya beləydi. Əslində, yəqin ki, Mirzənin işçisi olub, bu kiçik sənaye ilə çörək qazanıb, özü durub qazanda sabun bişirməyib ki. Lap bişirsə nə olacaq ki? Şeir pul gətirmirsə, pul əvvəl-axır hardansa gəlməlidi axı. Yox, artıq bu fikir keçmir. Şairsən, otur şeirini yaz. Pul gələr, gələr, gəlməz də canın sağ olsun. Adın ki, şairliyə çıxacaq. Sabun qabardıldı, ancaq Sabirin Şərq ölkələrini səyahətə çıxması yada düşmədi. Ləyəndə 5-10 dənə sabun bişirməklə dünya səyahətinə çıxmaq olarmı? Halbuki mən öz kəndimizə belə getməyə imkan tapmıram…

Ondan sonra gözünü bu hazır əfsanələrlə həyata açan gənc bir istedad bu faktın qarşısından hayana qaça bilərdi? Nə olsun istedad var? Füzulidən, Tolstoydan artıq deyil ki istedadın?

Beləliklə, gözünü açan yaradıcı adamın sualı Domokl qılıncı kimi başının üstündə hazırdır: Fikrin yaxşı yaşamaqdısa, səndən yazıçı olarmı? Yaxşı yaşasan, necə yazarsan? Gerçəkdən, günü bu gün də hələ o sarsaq sualın cavabı təmin olunmayıb: maddi qayğısı olmayan adam yaza bilərmi? Heç birimiz o qayğısızlığa çatmamışıq deyə, cavab da verə bilmirik ki, yazmaq olurmuş, olmurmuş. Tərslikdən maddi cəhətdən yüksək səviyyədə təmin olunmuş yazıçıların da (mən ancaq postsovet ölkələrindən danışıram) heç biri əməlli-başlı bir sənətkar olmadı ki, durub deyəsən, atam-atam, olurmuş…

Bu, hələ sovetin bizim təfəkkürümüzə vurduğu bircə travmadı ki, indi də ağrısını minlərlə şair-yazıçı çəkir və çıxış yolu da tapa bilmir. Çünki o sistem mövcud yolların hamısını qırx qıfıl altında gizlətdi, əvvəlcə bunu uşaqkən beyinlərdən, sonra həyatda sildilər. Bircə yol saxladılar: dövlətə, hakimiyyətə, rejimə yarınmaq, varlanmaq, kökəlmək, yağlanmaq və yaradılmış təsəvvürlərə əsasən şikəst qalmış beyni seytnota salaraq istedaddan məhrum etmək. Sovetə tabe olub varlananlar sonradan az-çox istedadlarını da itirib sadəcə fəxri məmura çevrildilər, yüksək vəzifələrə getdilər, kresloya yiyələndilər və bir daha təkrarlayım, beyinlərinə yeridilmiş sənətkar obrazıyla mövcud durumları üst-üstə düşmədiyinə görə sarsılıb azdılar, ədəbiyyatın yolunu itirdilər.

Bilirsinizmi bəzən məni nə heyrətləndirir? Niyə indi hətta ən demokratik fikirli, sovet quruluşuna nifrət edən biri belə keçmişin, SSRİ-nin xiffətini çəkir, yanıb-qovrulur və Qorbaçova ölkəni dağıtdığı üçün lənət oxuyur?

Çünki insanlar artıq bu ölkədə bir gün güclü sosial dövlət olacağına, demokratiyanın qayıdacağına inamlarını itiriblər. Daha heç kim haçansa əvvəllər olduğu kimi, “bu, müvəqqəti çətinlikdi, sabah daha gözəl olacaq”, deyə bilmir və şüuraltı ehtiyac onları keçmişə qaytarıb ah çəkdirir…

Mənim kimi xroniki işsizlikdən əziyyət çəkən bir yazar dostum məşhər ayağında qalıb. Birinci yarımili kreditlər, lotereyalar hesabına iki qız övladının təhsil haqqını ödəyib, indi ilin ikinci yarısı başlayıb və ödəməni tələb edirlər. Nə az, nə çox – 2000. Neynəyəcəyini bilmir. Gündə bir sayt açılır, ancaq qürurunu yerə qoyub heç kimə ağız açmır. Niyə? Çünki onu kim tanımır ki? İstəsələr, çağırardılar. Niyə çağırmırlar? Çünki obrazı zədələmək istəmirlər — şair ac olar, dərisi soyular, şaqqalanar, güllələnər, sürgün edilər, daşqalaq edilər, unudular, ancaq əyilməz, qürurunu ayaq altına atmaz!

Yaxınlarda şair dostumuz Rəbiqə Feysdə yazmışdı: “Kim axırıncı dəfə nə vaxt sevinib?”. Mən də gizlətmədim, düzünü yazdım: “İki-üç gün qabaq dırnaqlarımı tutanda”. Başqa nə yazaydım ki?..

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (6 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 122