Muəllif:

Ölkəyə valyuta gətirən film

“7 oğul istərəm” Amerikada Xəyyam Mirzəzadəni ağladıb

 “7 oğul istərəm” filminə baxanda həmişə  rəhmətlik Həsən Məmmədovla son görüşümüzü xatırlayıram. Çox söhbət elədik, onun portretini işləyirdim. Söhbətimizin sonunda içimdə qalan, dilə gətirmək istədiyim, amma gətirə bilmədiyim bir sualı gözlərimdən oxuyurmuş kimi eynilə filmdə Bəxtiyarın pilləkəndə oturub düşündüyü kadrda olduğu fason xəyala dalıb dedi:“Birdən məndən soruşarsınız ki, yaratdığınız obrazlar bu günün reallığı ilə ayaqlaşmır, deməli, əslində bu gün üçün heç nə etməmisinz. Məsələn, elə Bəxtiyar obrazı artıq bizdən deyil? Mən də o zaman cavab verəcəm ki, filmin son kadrlarında Bəxtiyarın  gözlərinə yaxşı-yaxşı baxın, o mənanı tutun”.

O vaxt çox təsirlənmişdim aktyorun bu fikirlərindən. Bir ömür boyu sənətkarın çəkildiyi filmlər, yaratdığı obrazlar, gördüyü iş tək bir ictimai formasiyanın dəyişməsi ilə tamam puç ola bilər. Həsən Məmmədovun fikirləri də həmin o puç olmanın təhlükəsindən yaranmışdı. Bəxtiyar obrazını, dolayısıyla öz sənət taleyini bu yolla xilas etmək məcburiyyətində görünürdü…

“7 oğul istərəm” filmi mənim yaşıdımdır. 1970-ci ildə  rəhmətlik nənəm demiş, “Sovetin yaxşı vaxtlarında” çəkilib.

Bu il “7 oğul istərəm” filminin 48 yaşı olur. 48 ildir ki, bir film sevilərək baxılır, o filmi ərsəyə gətirən ictimai quruluş, ideologiya iflasa uğramış olsa da, film sənət əsəri kimi qəbul olunur, baxılır. İndi də bəzi epizodları dillər əzbəridir.

48 yaşının içində olan adam bəlkə də elə 48 dəfə baxıb bu filmə. Hər dəfə yeni mətləblər açıb, hər dəfə nə isə kəşf edib, anlayıb. Bu günlərdə yenə kanalları çevirərkən qarşıma çıxdı və ilişib qaldım, yenə baxdım, yenə təzə kəşflər etdim özüm üçün. Mənə elə gəldi ki, Sovetin qılıncının qəbzəsinin də kəsdiyi vaxtlarda bu əsəri yazan, ssenarini qələmə alan kəs kökaltı çox mesajlar verib, mətləblər anladıb. Rəhmətlik teatr rejissoru Vaqif İbrahimoğlu deyirdi ki, əgər tamaşaçı tamaşada, yaxud kinoda rejissorun ağlına gəlməyən mətləbləri tapırsa, deməli tamaşa alınıb, rejissor məqsədinə çatıb. İndi bilmirəm, “7 oğul istərəm”də Tofiq Tağızadə nəyi bilərəkdən ötürmüşdü, nəyi bilməyərəkdən, amma bu günün tamaşaçısı diqqətli olsa, onun görmədiklərini belə, görə bilər. Keçək, təfsilata.

Hamam hamam içində

Xəlbir saman içində,

Dəvə dəlləklik eylər

Köhnə hamam içində.

İsmayıl Osmanlının film boyu müxtəlif məkanlarda gözlənilmədən peyda olub bu misraları oxuması filmə xüsusi rəng qatması ilə bahəm həm də obraza nifrət aşılayır. Aktyor da gözəl yaradıb. Yeri gəlmişkən, İsmayıl Osmanlı bu filmə çəkiləndən sonra Bakı küçələrinə çıxa bilmirmiş. Bir dəfə aktyoru küçədə Kələntər dayı bilib döyməyə də qalxıblarmış, Allah istəyib ki, ətrafda kinonu həyatdan ayıra bilən ayıq adamlar da olub.

“Çal aşıq, çal, komsomolun canı it canıymış”,   “Yanıq Kərəmi çal, ağa-bəy havasıdır”, “Tələsmə gizir”, “Hanı peykanlıda kişi?”, “Yoxsa əzrayıl gəlib bu kəndi torbasına yığıb aparıb”, “Allah sizə rəhmət eləsin ölülər”, “Sən mütrüflük edəndə, mən əlimə silah alıb döyüşürdüm”, saydıqca bitməyən sitatlar gətirmək olar “7 oğul istərəm” filmindən. Hər birinin də dərin və çoxçalarlı mənaları var.

Ssenari o vaxt filmi çəkəcək rejissorla birgə, onunla razılaşdırılıb yazılıbmış. Filmi çəkmək isə Kamil Rüstəmbəyova həvalə olunubmuş. Bəli, “Axırıncı aşırım” filminin rejissoru Kamil Rüstəmbəyova. Fikir verəndə aydın sezmək olur ki, bu iki film arasında qəribə bir “qohumluq” var. Estetika, ruh qohumluğu. Ssenari tam hazır olub, rollar belə bölüşdürülüb, bu vaxt Mərkəzi Komitədən göstəriş gəlib ki, filmi Tofiq Tağızadə çəkməlidir.

O vaxt kinostudiyaya  rəhbərlik edən və filmi Kamil Rüstəmbəyovun uğurlu çəkəcəyinə inanan Adil İsgəndərov heç nə edə bilmir.  Yalnız  “Axırıncı aşırım”ı çəkmək söhbəti ortaya gələndə onu Kamil Rüstəmbəyova həvalə edib üstündə durmaqla yanğısını çıxarır. Odur ki, bu iki film fərqli rejissorların adına da olsa nə iləsə dəsti-xətt bənzərliyi var.

Tofiq Tağızadə həmkarının seçiminə hörmətlə yanaşmaqla yalnız Humay və Cəlal obrazlarına seçilən aktyorları dəyişir. Cəlal obrazına Əliabbas Qədirovu deyil Ənvər Həsənovu çəkir. Humay isə Zemfira İsmayılova olur, ona qədər tanınmayan başqa bir aktrisa sınaqdan keçirilibmiş.

Sarı Şəmistan 7 aktyora xalça bağışlayıb

Film Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 50 illiyinə ithaf olunub. Ssenarini Yusif Səmədoğlu  Səməd Vurğunun “Komsomol poeması” əsasında qələmə alıb.

Gəray bəy, Şəkər bəy, Bəxtiyar  konkret tarixi şəxsiyyətlərdir. Sarı Şəmistanla sonralar çəkiliş qrupunun görüşü də olub. Onlar yalnız film ekranlara çıxandan sonra məlum olub. Bütün bölgələri, əyalətləri gəzən filmlə birgə oralarda görüşlərdə olan aktyorlar qarşılarına çıxıb özünü təqdim edən personajların qarşısında karıxıb qalırmışlar.  Belə görüşlərdən birində sağ-salamat Sarı Şəmistan 7 oğulun hərəsinə bir xalça da bağışlayıb.

Bir neçə epizodda çəkiliş vaxtı dəyişiklik olunub. Məsələn, Bəxtiyar Humayı döyən səhnədə mübahisə düşüb. Sonda belə qərara gəlinir ki, bolşevik silahdaşını itirdiyi üçün gözünə heç nə görünmür, qızı döyür, amma o biri bolşevikdə milli hisslər baş qaldırır,  kişinin qadını döyməsinə yol vermir. Burda hadisənin biri o birini tamamlayır.

Qəbristanlıqda  “gədələri də yığışdır” ifadəsi bəy balası Cəlalı qıcıqlandırır və Gəray bəyə silah çəkir.

Çəkilişlər Abşeronda, Şağanda, Mərdəkanda, Buzovnada, Fatmayidə, Qobustanda və kinostudiyanın pavilyonunda aparılıb.

Xəyyam Mirzəzadə Amerikada göz yaşlarına boğulub

Filmə çəkilən 7 aktyor bu film sayəsində 7  əzəli əbədi qardaş olublar. İndi də rəhmətə gedənlərin də ailəsinin xeyir-şərinə sağ qalanlar yarıyır. Bu gün onlardan üçü sağdır – Əbdül Mahmudov, Rafik Əzimov və Ənvər Həsənov.

Rafik Əzimov deyir:“Yeddi oğul istərəm” filmi SSRİ bankına ən çox valyuta gətirən 10 film cərgəsində idi:“Bir maraqlı faktı da deyim ki, filmin bəstəkarı Xəyyam Mirzəzadə Amerikada Brodveydə gəzintiyə çıxıbmış. Birdən şəhərin bir küçəsində geniş bir reklama rast gəlir. Həmin reklam ingilis dilində yazılsa da, şəkillərdə 7 oğulun məğrur görünüşü baxana gəl-gəl deyirmiş”. Həmin reklama çox diqqətlə baxan Xəyyam Mirzəzadənin gözündən biixtiyar yaş axmağa başlayır. Bu, sevinc yaşları idi ki, Azərbaycan filmi Amerika kimi bir ölkədə geniş maraq doğurmuşdu…”

Filmin finalı da son anda dəyişdirilib. Gəray bəy məğlub olub intihar etməzdən əvvəl kəndə od vurub onu yandırır. Başqa bir versiyaya görə kəndə əslində bolşeviklər od vurub yandırıblar, Gəray bəyi ələ keçirmək üçün.  Finalda bütün kəndin od tutub yanması səhnəsi dəyişdirilir, kənddə heç bir faciə yoxdur, yalnız Gəray bəy intihar edir.

“Get Sarı Şəmistana de ki, Gəray bəyi qanına qəltan etdim”.

Ənvər Həsənovun xatirələrindən:“Mənim üçün ən çətin səhnə Cəlalın ölüm səhnəsi olub. Səhnə həm fiziki, həm də mənəvi cəhətdən ağır idi. Cəlal dağa, dərəyə çıхır, qayalıqları keçir, neçə yerdən qaçır, atılıb-düşür və həmin vəziyyətdə dayanır, Gəray bəyin qarşısında. Başlayır monoloqunu deməyə. Bu kadr Qobustanda çəkilirdi. Cəlala dörd güllə dəyir və hər güllə dəyən səhnə ayrıca lentə alınırdı. Həmin kadr isə 3-4 dubl çəkilirdi. Aхırıncı gülləni Gəray bəy vurur. Həmin gülləylə də Cəlal yerə yıхılaraq ölür. Mən yerə yıхılan vaхt çəkiliş qrupundan qəribə səs eşidildi. «Stop» deyildikdən sonra hamı mənim başıma yığışdı və asta-asta başımı qaldırdı. Demə, yıхıldığım yerdən azca kənarda sivri ağızlı daş varmış. Əgər bir az da kənara yıхılsaydım, daş gicgahıma bata bilərdi. Cəlalın ölüm səhnəsi az qala mənim ölümümə səbəb olacaqdı. Çəkilişdən əvvəl səhnə təmizlənmişdi. Ancaq o kiçik daş nəzərdən qaçmışdı. O çəkilişdən sonra bir həftə işə çıхmadım. Bu səhnələr heç vaхt yaddan çıхmaz».

Ənvər Həsənov Qobustanda aparılan çəkilişlər zamanı baş vermiş gülməli bir hadisəni хatırlayır:“Uzun müddətlik və ağır çəkilişlərdən sonra aktyorlar istirahət etmək üçün kölgə aхtarışına çıхırlar. Birdən əllərində torba və uzun çubuqlar olan iki kişinin gəldiyini görüb onların ilan tutan olduğunu anlayırlar. Həmin kişilərə yaхınlaşıb ilanlar barədə söhbət etməyə başlayırlar. Hamının diqqəti ilanlara yönələn anda Elçin Məmmədov yavaşca yaхınlaşıb Hamlet Хanızadənin (filmdə Gizir rolunu ifa edir) ayağından elə tutur ki, guya onu ilan çalır. Bu zaman Hamlet Хanızadənin rəngi ağarır və ürəyi zəif olduğundan huşunu itirir. Aləm dəyir bir-birinə. Tofiq Tağızadə gəlib ilan tutanları qovur. Hamlet Хanızadəni 15-20 dəqiqədən sonra özünə gətirirlər. Ayılandan sonra Hamlet Хanızadə qisas almaq üçün Elçini aхtarmağa başlayır. Elçin Məmmədov isə bunu əvvəldən bildiyi üçün qaçıb gizlənmişdi. Aхırda «qoy gəlsin, filmimizi çəkib qurtaraq, isti vurub başımıza» deyə Хanızadəyə müraciət edirlər. Nəhayət, çətinliklə də olsa aktyorları birtəhər barışdırmağa müvəffəq olurlar”.

Bəxtiyarın pilləkəndə oturub siqaret çəkmə səhnəsi 3 dubl çəkilib. Həmin çəkilişi xatırlayan Uzun Qasım – Əbdül Mahmudov deyir ki, şəxsən özü bu səhnəni səbirsizliklə gözləyirdi:“Mən də pilləkənin altında oturub maraqla Həsən Məmmədova baxırdım. Onun bu səhnəni necə yaradacağı mənə çox maraqlı idi. Gözünün içini, plastikasını görmək istəyirdim. Əslində mənə elə gəldi ki, o, heç nə etmədi. Çünki adət etdiyimiz pafosu, ah-ufları görəcəyimi düşünürdüm. Plyonka aşkarlanandan sonra bu epizoda baxanda dəhşətə gəldik. Bu səhnəni Həsən Məmmədov o qədər gözəl yaratmışdı ki. Qəribə nisgilli, kədərli baxışları vardı. Mənim fikrimcə, o epizod olmasaydı, film də yaxşı alınmazdı”.

Belə. Deyəsən, nostalji hisslər bizi üstələyib.  Çox istərdim ki,  “Azərbaycanfilm” o səviyyəyə çatsın ki, 48 il əvvəl çəkilən Sovet filmlərini unudaq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (3 оценок, среднее: 6,67 из 10)
Oxunma sayı: 299