Muəllif:

Bakı böyük kəndə necə çevrildi…

Desəm ki, sovet Bakısının vurğunu idim, əlbəttə ki, düzgün olmaz. Əslində mənim buna heç mənəvi haqqım da yoxdur. Mən 1988-ci ildə “bakılı” olmuşam.

88-ci ildə və az sonra Bakıya gələnlər çox olduğundan deməliyəm ki, mən onlardan deyildim, bura Moskva Universitetini bitirəndən sonra təyinatla gəlmişdim.

O vaxt yataqxanada bir otaq verdilər mənə. Düz 25 il yaşadım həmin otaqda — evləndim, uşaqlarımız oldu.

Binamızda çalışan yaşlı bir suçu vardı — ermənistanlı qaçqın idi. Arabir mənə beşotaqlı mənzilində kənd üçün, torpaq üçün necə darıxdığından, Yerevanın tər-təmiz bazarlarından danışırdı. Mən də məlul-məlul onu dinləyir və ürəyimdə deyirdim ki, İlahi, nə olar, mənə də belə darıxmaq, belə darıxdırıcı həyat qismət elə…

Sovet Bakısı haqda tək onu deyə bilərəm ki, şəhər mənə çox kontrastlı görünürdü; bir tərəfdə rus dilli, kosmopolit mərkəz, digər tərəfdə isə hələ də məhəllə psixologiyası ilə yaşayan kənd əhli.

Sonradan sovet Bakısı ilə bağlı nostalji hisslər də haçalandı: kimi rus dilli və kosmopolit Bakının, kimi də məhəllə, kənd Bakısının xiffətini çəkməyə başladı. Mənim üçün bunların hər ikisi anlaşılmaz idi, çünki nə bu, nə də o biri, mənim Bakım deyildi.

“Mənim Bakım” sonradan yaranmağa başladı. Bir neçə il ərzində şəhərin sosial strukturu tamamilə dəyişdi; güman ki, dünyanın heç bir paytaxtı bu aqibəti yaşamamışdı, çox qısa müddət ərzində yüz minlərlə əyalət — kənd adamı Bakıya axışdı və yavaş-yavaş Bakı tipik bir Şərq meqapolisinə çevrilməyə başladı…

Bakı yenə də paytaxtımız, necə deyərlər, baş kəndimizdir. Amma mən “yeni Bakı” deyilən o şəhəri hələ də görə bilmirəm.

Sözsüz, xeyli dəyişiklik var; böyük və yöndəmsiz körpülər tikilib, bir neçə bina ucaldılıbdır. Amma “yeni şəhər” təkcə bunlar deməkdirmi?..

Müasir bakılılar mövzusu bəlkə də ciddi araşdırmanın mövzusu ola bilər. Elə olur ki, hətta mən də rus dilli və kosmopolit Bakının xiffətini çəkənlərə qoşulmaq istəyirəm, çünki bu şəhərdə “siz” kəlməsi artıq yoxa çıxıb və onun yerini “dayı” və “bibi” sözləri tutub. İnanın, adamın belə “səmimiyyət”dən az qala, ürəyi bulanır…

Bunu quru və sxematik rəsmiyyətə sevgi kimi başa düşməyin, amma birdən-birə durub heç vaxt üzünü belə görmədiyin insanların “dayı”sına çevrilmək adamın ürəyini elə də açmır.

Həm də qorxuram, bu kəlmələr bizim şanlı efirlərimizə də yol tapar, çünki əyalət inqilabı ilk olaraq efirlərimizdə qalib gəldi: təsəvvür edin, efirdə hansısa qonağa müraciətlə “Filankəs dayı, bu məsələ haqqında nə düşünürsünüz?” deyirlər!

Bir məsələni qoyub, digərinə adlamaq olmasın, mən rayon uşağı olmuşam, Azərbycanın “dilbər guşə”lərindən birində — Haçıqabulda doğulub böyümüşəm.

O dövrün rayon toyları və bu toylarda oxunan bəzi zövqsüz, eybəcər mahnılar hələ də yadımdadır. Bir də gördüm ki, həmin səviyyəsiz mahnılar müstəqil dövlətimizin efirlərinə yol tapıb, sovetin vaxtında özünü efirdə təsəvvür belə etməyən o vaxtkı ara müğənniləri dönüb böyük sənətkar olublar.

Elə şəhərin arxitektur cəhətləri də adamda nikbinlik oyatmır. Bir-iki bina tikiblər, iki-üç “alov qülləsi” ucaldıblar.

Xüsusən bu “alov qüllələri” məni lap dilxor edir, az qala, başımızın qaxıncına çevriliblər, gözümüzü qabar ediblər, çünki elə bir reklam çarxı yoxdur ki, orada onları görməyək.

Yaxınlarda Rusiya kanallarından birində Qazaxıstanı, yeni Astana şəhərini göstərirdilər. Doğrusu, o tərəflərdə olmamışam, bəlkə də elə bu da bir reklam çarxıdır. Amma baxıb görürsən ki, camaat beş-on ilin içində əməlli-başlı yeni və müasir şəhər salıbdır. Bizimsə gözümüzə üç “alov qülləsi”ni soxurlar.

Qərəz, deyiləsi söz, çəkiləsi dərd çoxdur. Hansını deyəsən? Bu yaxınlarda mərkəzi küçələrin birində avtobusla gedirdim. Küçələri elan edəndə bir də gördüm ki, hamısı eyni regionun insanlarının adınadır! İnanın, mən bundan hansısa məna çıxarmıram, sadəcə, sözdür, deyirəm.

Nə isə, Bakımız həqiqətən də böyüyüb. Amma böyüyüb böyük kənd olub, elə insanları da hətta beş-on kəlmə ingilisdən də bilsələr də, yenə də ruhən kənd adamları olaraq qalırlar.

Amma özünüzə qəti dərd etməyin bunları. Səhv etmirəmsə, osmanlı qardaşlarımız paytaxta elə “baş kənd” deyirlər.

Ona görə də mənim kimi daim narazı bir-iki cızmaqaraçının yazdıqlarını ürəyinizə salmayın: tələbədən rüşvət almaqda, hətta elektron tərəzilərdə insanları “dayı”, “bibi” çağıra-çağıra aldatmaqda davam edin, efirdə çırtma vurub ürək bulandıran “musiqili meyxana”larınızı deyin, kanalizasiya lyuklarını əvvəlcə asfaltlayıb sonra yenidən qazın, nə bilm, ürəyiniz istəyəni edin…

Əsas odur ki, Bakı indi əsl, doğrudan doğruya, BİZİM ŞƏHƏRDİR və yenə də BAŞ KƏNDDİR…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 9,50 из 10)
Oxunma sayı: 512