Muəllif:

ALMANİYA QEYDLƏRİ — 1; MÜNHEN-FÜSSEN

Xarici ölkəyə işlə bağlı ezamiyyətə getmək çox rahatdır. İki-üç günlük bu “atüstü” səfərlərdə
hər şey əvvəlcədən hazır olur – oteldəki yerin ayrılır, səni hava limanında qarşılayırlar, hətta axşam yeməyi üçün də düşünməyə ehtiyac qalmır. Fərdi olaraq yola çıxanda isə sıravi turistsən, qalacağın yerdən tutmuş gedəcəyin yerlərə, görəcəyin məkanlara qədər hər şeyi özün planlamalısan. Bu da asan iş deyil, kompyuterin başında oturub uzun-uzadı araşdırma aparmağı tələb edir.

Mayın əvvəlində çantamızı toplayıb Almaniya-Avstriya səyahətinə çıxdıq. Səfər planını həyat yoldaşım tutdu, əvəzində də marşruta müdaxilə etməyəcəyimə dair məndən söz aldı. İşim asandı, “hazırın-naziri”nə qonmuşdum, təyyarə və qatar biletlərinə, otel rezervasionlarına qədər heç nəyə qarışmadım.

Türk Hava Yollarının İstanbul-Münhen səfərilə Almaniyanın cənubuna – Bavariya əyalətinin mərkəzinə uçduq. XXI əsrə düşdük, sanki yüz il keçmişdən modern çağa gəlmişdik. Soruşsaz ki, yüz ilmi geri qalmışıq, belə cavab verərəm — “Xeyr, daha çox”…

* * *

Almaniya ən çox getdiyim ölkələrdəndir. Odur ki, nabələd deyildik. Biletlərin çoxunu internet üzərindən aldığımızdan xeyli rahatdıq. Sabahın ilk işıqları ilə Münhen aeroportunun pasport kontrolundan keçib binanın içindən metroya endik. Göydən enib yerin altına düşəndə “Modern nəqliyyat şəbəkəsi budur” dedim öz-özümə. Almaniya haqda on məqalə yazsan, onun birini mütləq bu ölkənin dəmir yollarına həsr etmək lazımdır. Yox, əgər birini qələmə alsan, onun mövzusu elə almanların nəqliyyat möcüzəsi olmalıdır.

Almaniyada dəmir yollarının tarixi 1787-ci ildən – Rur vilayətində çəkilmiş taxta relslərdən başlayır. 1816-cı ildə, yəni 200 il (!!!) əvvəl isə Berlində buxarla çalışan ilk alman lokomotivi istehsal edilir (Bu Çerepanovların parovozundan on səkkiz il əvvəl baş verib). İki əsrdir yol gedən və “Deutsche Bahn” adlanan alman dəmir yollarının uzunluğu bu gün 40 min km-dir. Şirkət ildə 2 milyard sərnişin və 300 milyon ton yük daşıyır…

Münhen aeroportundan 31 avroya iki bilet aldıq. Əslində biletin biri 25 avrodur və hər sonrakı sərnişin üçün əlavə 6 avro ödəmək lazımdır. Yəni, yola çıxdığınız qrupdakı insan sayı artdıqca adambaşına düşən biletin qiyməti də ucuzlaşır. Əgər 2 bilet 31 avrodursa, 4 bilet 43 avroya gəlir. “Bavariya tiket” adlanan biletlə biz gün ərzində dəfələrlə avtobus, trolleybus, metroya minə bilər, hətta dəmir yolu ilə Avstriya və Çexiyaya da gedib gələ bilərdik.

Metro ilə dəmir yol vağzalı stansiyasına gəlib, eskalatorla perrona çıxdıq. 20-yə yaxın perronu olan Münhen vağzalı göz oxşayırdı — rəngli vitrinlər, gəl-gəl deyən kafelər, suvenir dükanları və ideal təmizlik. Hər tərəfdə çox sayda məşhur Bavariya pivələri satan bufetlər var, amma bir nəfər də olsun səndələyən, hay-küy salan içkili adama rastlamaq mümkün deyil. Tək-tük də olsa gözə dəyən kefli adamlar məlum ölkənin vətəndaşları idilər.

Rusların Avropada, xüsusən də Almaniyadakı ədalarını, özlərindən razı baxışlarını və yekəxanalığını anlamaq mümkün deyil. Az qalırdım qatarda önümüzdə oturan 35-40 yaşlarındakı ər-arvada yaxınlaşıb, üzlərindən tökülən zəhrimarın, narazılıqlarının və bağıra-bağıra danışmaqlarının səbəbini soruşum. Ancaq qadının bərkdən “Подумаешь, какие у них поезда” deməsi ilə polemikaya girməkdən vaz keçdim.

“Deutsche Bahn”ın ikimərtəbəli qatarları kosmik kapsula bənzəyir. İçində hər cür şəraiti var – sürəti, komfortu, pulsuz interneti, isti və soyuq su axan təmiz tualetləri, müxtəlif meyvə şirələrilə soyuq sendviçlər satan avtomatlar. Dayanacaqlarda enən və minən sərnişinlərin üzlərindəki mülayim ifadə, davranış mədəniyyətlərinə valeh olur insan. Almanların qaradinməz və soyuq olmaları haqda söylənənlərin həqiqətdən uzaq olduğunu gördüm növbəti dəfə. Buklouya qədər davam edən 1 saat 20 dəqiqəlik səyahət boyu ancaq rus ər-arvadın haylı-küylü səsləri eşidilirdi. Yerli insanlar qatarın içində demək olar ki, telefonla danışmır, zəng gəlsə də, telefonlar səssizdə olduğundan eşidilmir, cavab verəndə isə söhbəti qısa kəsirdilər.

Vaqonlar yataqlı olmadığı üçün oturaraq səyahət edilir. Yerlər 1 və 2-ci siniflərə bölünüb, aralarındakı fərq 1-ci sinif yerlərin nömrəli olmasındadır. 2-ci sinifdə isə harada bəyəndiyin boş yer varsa, orada otura bilərsən. Təbii olaraq 1-ci sinif biletləri nisbətən bahadırlar. Biz yuxarı mərtəbəyə çıxdıq, buradan Bavariyanın yamyaşıl ovaları ilə Alp dağlarının qarlı zirvələrini seyr etməkdən doymaq olmur. Yaşayış məntəqələrinin içindən keçərkən gözə sataşan nizam-intizamı, səliqə-səhmanı heç yerlə qarışdırmaq mümkün deyil – Almaniyadasan, bizim AzTV-nin “Batdı, dağıldı” dediyi Almaniyada…

Bavariya (almanlar Bayern deyirlər) ölkənin ən böyük və ən səfalı əyalətidir. Yol boyu gözə çarpan təsərrüfatlar modern Almaniyanın indiki durumuna, onun dünyanın 4-cü iqtisadi gücü olduğuna ən bariz misaldır – müasir sulama sistemləri, yeni robot texnologiyaları və kosmik qurğulara bənzəyən ulrta-modern texnika. Çalışanların uniformalarına, istifadə etdikləri alətlərə baxanda onları fermerdən çox astronavta bənzədirsən. Füsunkar təbiətin qoynundakı mal-qara isə ayrıca bir mövzudur. Buradakı baxımlı inəklərə çox az yerdə rast gəlmək olar, çizgi filmlərinin qəhrəmanları ilə süd reklamlarındakı personajlara bənzəyirlər – təmiz, bəzəkli və mutlu inəklər.

Fermer təsərrüfatlarında əsasən günəş enerjisindən istifadə edirlər. Binaların damına montaj edilmiş günəş panellərindən sayrışan işıq parıltıları vaqonun içində oynaşıb bərq vururdular. Qatar irəlilədikcə bərəkətli Bavariya torpaqlarının nə qədər qeyri-adi coğrafi mövqeyə sahib olduğuna şahid olursan. Almaniyanın cənub və cənub-şərqində yerləşən Bavariya əyaləti Avstriya və Çexiya ilə sərhəddir. İqlimi yumşaq və mülayimdir. Ucsuz-bucaqsız ovaları ilə məşhur olan Bavariya qışda qar görsə də ovalarda ağ örtük qalıcı olmur. Alp dağları isə əksinə — 4-5 ay boyunca qalın qar örtüyünə bürünür. Ölkənin ən tanınmış qış kurortları, populyar xizək mərkəzləri də elə burada yerləşir.

Yaponiyanın Fukusima atom elektrik stansiyasında 2011-ci ildə baş vermiş dəhşətli qəzadan sonra Almaniya nüvə enerjisi istehsalından tamamən imtina edir. Mövcud 110 atom qurğusu 2022-yə qədər qapanacaq. Bu inqilabi qərar alman xalqının ətraf mühitə, ekologiyaya və ən əsas da insana verdiyi dəyərin ən bariz göstəricisidir. Bavariyanın bu təkrarsız və füsunkar gözəlliklərinin dünya durduqca var olacağı düşüncəsi bütün mütərəqqi insanları sevindirir. Ancaq bəziləri bu qədər böyük sənaye qüdrətinə sahib ölkənin atom elektrik stansiyasıyaları olmadan iqtisadiyyatını enerji ilə tam təmin edəcəyini şübhə altına alırlar. Çoxluq isə alman zəkasının bu tarixi sınaqdan uğurla çıxacağına inanır.

İnsanın ən ali varlıq olduğu ölkədə hər şey insan zəkası, onun rahatlığı, əmin-amanlığı və mutlu yaşamı üçündür…

* * *

“Qarmiş Partenkirxen” sürət qatarının yanımızdan keçməsi məni əvvəlcə məktəb, sonra da gənclik illərimə geri apardı. Məktəbli ikən atam Moskvadan “Qış Olimpiadalarının tarixi” adlı bir kitab gətirmişdi. Maraqlı məlumatlarla bərabər içində biri-birindən gözəl rəngli foto-şəkillər də vardı. 1936-cı ildə Qış Olimpiya oyunları Almaniyanın cənubundakı Qarmiş Partenkirxen (alm. Garmisch-Partenkirchen) qəsəbəsində keçirilmişdi. Əhalisi cəmi 26 min olan bu qəsəbə Olimpiadadan bir il əvvəl Qarmiş və Partenkirxen adlı iki qonşu kəndin birləşməsindən yaranıb. Qatarda nağıllardakı kimi dümağ qarla örtülmüş dağ kəndlərinə bənzəyən bu Alp qəsəbəsinin gözqamaşdırıcı gözəllikləri gəldi gözümün önünə. May ayının əvvəli olmasına baxmayaraq vaqonun pəncərəsindən Alp dağlarının bəyaz zirvələri insanı bihuş edirdi.

Tələbəlik illərində seyr etdiyim bir filmlə Qarmiş Partenkirxen yenidən diqqətimi çəkmişdi. Adolf Hitlerin göz bəbəyi sayılan elitar dağ-atıcı “Edelveys” diviziyasının baza və komanda qərargahı da burada yerləşirdi. 1942-ci ildə Elbrusun zirvəsinə alman bayrağını da məhz “Edelveys” diviziyasının komandosları sancmışdılar.

Sovet İttifaqının dağılmasında Qarmiş Partenkirxen xüsusi rol oynayıb. Belə ki, Soyuq Müharibə illərində SSRİ-ni öyrənmək və izləmək üçün qurulmuş məşhur “Rusiya institutu” da burada yerləşirdi. Məktəb faktiki olaraq kəşfiyyatçı hazırlayırdı. İndi dönüb keçmişə baxaraq bu məktəbin xeyli professional kadr yetişdirdiyini söyləmək mümkündür…

* * *

Hardasa 50 dəqiqə sonra Buklou stansiyasına çatdıq. Rus ailəsi sanki bizi təqib edirdi -arxamızca onlar da vaqondan çıxdılar. O biri platformda Füssen qatarına mindik. Bu qatar əsasən dağların döşü ilə hərəkət etdiyi üçün çox sürət yığa bilmir. O qədər səssiz gedir ki, sanki dəmir relslər üzərində deyil, Maskın Hyperloop-unda — vakuumda gedir. Uşaqlığımda Bakı-Qazax qatarı ilə yay tətilində babamgilə getdiyim taqqaturuqlu rus qatarlarını xatırladım. Spesifik qoxusu olan o qatarların taqqaturuğu musiqi kimi gəlirdi mənə. Alman qatarlarının səssizliyi isə uşaqlıq illərimin romantik xatirələrinə tərs gəlirdi – bir anlıq Los Anceleslə San Fransisko arasındakı vakuum boruda hərəkət edən kapsul-vaqonda hiss etdim özümü.

Almanların təmizliyə, səliqə-səhmana verdikləri önəm bilinən bir şeydir. Bunu vaqonlar və içindəki tualetlər haqda da demək olar. Tualet kabinlərində axan isti-soyuq su, köpüklü sabun və istifadə olunan digər gigiyena vasitələri oralar üçün adi şeylərdir. Almanların tətil anlayışı, çalışma sistemi, iş intizamı və iş əxlaqı dünyanın bir çox millətləri üçün örnək sayılır.

“Deutsche Bahn”ın qatarları günün işıqlı saatlarında ölkə daxilindəki şəhər və qəsəbələri birləşdirir. Gecə saatlarında isə əsasən Avropa ölkələrinin paytaxtları arasında sərnişin daşıyırlar. Bu qatarlar ölkədaxili səfərlərdəkilərə görə xeyli sürətlidirlər, yəni gecə Berlində minən insan səhərin ilk işıqları ilə Parisə və ya Madriddəki mənzil başına çatır.

Almaniyada daxili turizm də çox inkişaf edib, hər tərəfdə gözə yerli turistlər dəyir. Xüsusilə də iki Almaniyanın birləşməsindən sonra daxili turizm sektoru görünməmiş səviyyəyə qalxıb. “Deutsche Bahn” və onun mükəmməl servisi olmasa, Almaniya daxili turizmdən milyardlarla avro qazana bilməzdi. Məncə, Bakı-Gəncə, Bakı-Qəbələ-Şəki, Bakı-Lənkəran istiqamətlərində rahat və sürətli dəmir yolları xətləri olmadan turizmi inkişaf etdirmək müşkül məsələdir.

* * *

Bir az mürgüləməyə çalışdım, səssizlikdən gözümə yuxu getmədi. Vaqona girən nəzarətçi əlindəki POS terminal alətinə bənzəyən bir şeylə biletləri yoxlamağa başladı. Biletsiz yaxalansan 70 avro cəzası var. O qədər sərnişin içindən bir nəfər də olsun biletsiz çıxmadı. Almaniyada qatarlarda belə yoxlamalar mütəmadi olmur, ancaq buna baxmayaraq alman əxlaqı biletsiz getməyə yol vermir.

Yarım saat sonra qatarımız alışdığımın əksinə fısıldaman, pufuldaman Füssen stansiyasında dayandı. Çantalarımızı alıb Bavariyanın cənubundakı Şərqi Alqoi (alm. Ostallgäu) rayonunda, Leh çayının sahillərində yerləşən şəhərə ayaq basdıq. Buralar Avstriyanın tarixi Tirol əyaləti və onun paytaxtı İnsburqa çox yaxın olduğundan Alp turizminin önəmli dayanacaqlarından biri sayılır.

Füssenin əhalisi cəmi 14 min nəfərdir. Belə bir marşrutun altında nəyin yatdığını və bura hansı səbəblə gəlişimizin səbəbini anlamaq istəyirdim. Öz-özümə dedim ki, keşkə Buklouda qatar dəyişdirməyib birbaşa Avstriyaya – Zalsburqa gedəydik. Cəmi bir saat sonra isə bu fikrin nə qədər səhv olduğunu anladım. 3 il əvvəl yoldaşım həkim rəfiqələri ilə bu bölgəni gəlib gəzmişdi. Qayıdanda mənə nağıllardakına bənzəyən bir qəsrdən və onun Vaqner musiqisinə heyran olan sahibindən danışmışdı.

Gözüm qara Bavariya pivəsi ilə qızarmış sosis satılan “Beer garden” (Pivə baxçası) axtarırdı. Ancaq proqrama riayət etmək üçün əşyalarımızı otel otağına buraxıb, özümü eşiyə atdım. Avropanın ən məşhur və ən möhtəşəm qəsrlərindən birini – Noyşvanştaynı (alm. Neuschwanstein) görməyə səbirsizlənirdim. Bu qəsr “ölmədən öncə görüləsi yer”lərdən biridir.

Sonrakı yazımın mövzusu Noyşvanştayn qəsrinin nağıllar dünyası olacaq…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (10 оценок, среднее: 9,00 из 10)
Oxunma sayı: 393