Muəllif:

24 İL BUNDAN ƏVVƏL HƏM DƏ…

Bəli, ölkə ilk böyük neft müqaviləsinin imzalanmasının 24-cü ilini də yola saldı. Böyük yubiley təntənələri güman ki, növbəti ildə olacaq.

İndi isə məmurlarımızın diqqətinin hələki başqa bir səmtlərdə olmasından istifadə edib bəzi detalları saf-çürük etməyə çalışmaq olar.

Hərçənd, bunun da elə bir mənası yoxdur, cəmiyyətimiz elə yatıb ki, sözün əsl mənasında onun malını-sərvətini oğurlamamaq, nefti burada çıxarıb onu ayıran böyük zavodları isə Türkiyədə tikməmək günahdır.

“Əslində neft bizə nə verdi?” sualının cavabı büdcəmizdə ifadə olunubdur; zəhmət çəkib baxsanız, əmin olarsınız ki, büdcəmiz hələ də kəskin neft qoxusu verir.

Təxminən 135-140 milyard dollar! Bəli, birinci böyük neft müqaviləsindən əldə olunan gəlir bu qədərdir: hər bir halda Azərbaycan kimi kiçik ölkə üçün çox böyük rəqəmdir.

Bunun əlbəttə ki, kiçik hissəsi bizim mədələrimizdə və böyük hissəsisə şanlı məmurlarımızın cibində “əriyib”.

Ona görə də gərək “Neft bizə nə verdi?” kimi suallarla nə özümüzü, nə də başqalarını yoraq, əksinə Tanrımıza şükür edək ki, nə yaxşı bizə neft qismət edibdir, çünki bu fərasət və xüsusən də ki, tamah bizim şanlı məmurlarımızda var, neftsiz Azərbaycan öz iqtisadi göstəricilərinə görə hətta Ermənistandan çox da irəlidə olmazdı.

Amma bizi əndişələndirən bunlar da deyil. Birinci neft müqaviləsilə bizim həyatımıza iki hərflik bir abreviatura daxil oldu: BP. Açıqlaması düşünürük ki, vacib görünməz; cəmiyyətimiz dinamika və yaxud hərəkət sarıdan axsasa da, şükür Allaha, savad və dünyagörüşü baxımından kasad deyil.

Bəlkə çəkdiyimiz əziyyətlər də çoxbilmişliyimizin üzündəndir:“Əşi, mənə nə?!” sualı bizim istənilən problemə demək olar ki, əsas və yeganə reaksiyamızdır.

Qərəz, gənc Azərbaycan dövlətilə əkiz olmasa da, BP onun ayrılmaz atributuna çevrildi: indi deyirlər ki, ölkə 2050-ci ilə qədər bu şirkətlə can bir qəlbdə çalışmaqda və Azərbaycanın altını tamamilə boşaltmaqda israrlıdır. Olsun. Buna da etirazımız yox: 24 il ərzində nə vaxt etirazımız olub ki, durub 22 il bundan sonranın davasını edək?..

Yadıma gəlir, ilk böyük transmilli şirkətlər Azərbaycana ayaq açanda dostlardan bəziləri, daha çox da cənublu siyasi mühacirlərimiz deyirdilər ki, siz hələ bu təşkilatları tanımırsınız, görəcəksiniz, onlar burada nələrə imza atacaqlar!..

Doğrudanmı bilmirdik? Yox, bilirdik. Artıq o vaxtlar xarici hüquq müdafiə təşkilatları transmilli şirkətlərdən dad edirdi. Sadəcə başqa çıxış yolu yox idi: bir tərəfdə Rusiya idi, o biri tərəfdə…

Ona görə də mümkün riskləri də nəzərə alaraq ölkə BP və digər şirkətlərlə iş birliyinə razı oldu. 24 ildən sonra məmurlarımızın tövründə bununla bağlı hər hansı narazılıq sezilmir. Bu illər ərzində Azərbaycan varlı ölkələrin sırasında yer almasa da, varlı məmurların ölkəsi kimi çox yaxşı tanındı.

Ən başlıcası isə, bir də baxıb gördük ki, demokratiya sözünün birinci hissəsi ixtisara düşübdü və söz BP-kratiya ilə əvəz olunubdur. Bundan da hakimiyyət mənsublarımız və yaxud böyük məmurlarımız hansısa narahatlıq keçirmədilər, çünki BP–kratiya həm də onların hakimiyyətidi.

Daha bir məsələni də deyək ki, ilk neft müqavilələrinə təkcə yaşıl dollarlar gətirəcək vasitə kimi baxmırdıq, gözləntilərimiz daha çox idi və ən mühümü də bu idi ki, Dağlıq Qarabağ problemində ciddi bir irəliləyişin olacağını zənn edirdik. Amma olmadı. İngilislər 1918-20-ci illərdə Azərbaycan üçün əllərini ağdan-qaraya vurmadıqları kimi, əsrin sonunda da elə bir əziyyət vermədilər özlərinə — onda da, indi də buradan yalnız neft daşıdılar…

Üstəlik, bu illər ərzində yenə də əsrin əvvəlində olduğu kimi, bir konfiqurasiya qurub adına “demokratik respublika” dedilər, əslindəsə bu bir az əvvəldə dediyim kimi, sırf BP-kratiya idi. Ən başlıcası isə 2050-ci ilə qədər bu “kratiya”nın davam edəcəyi gözlənir.

Son illərdə nəhayət ki, ayılmış bəzi vətəndaşlarımız soruşur ki, doğrudanmı yaxşılığa doğru heç bir dəyişiklik olmayacaq? Nə demək olar?

Bir onu deyə bilərik ki, heç kimin yaxşı olmaq istəmədiyi ölkədə, istənilən fikrə “Əşi, mənə nə?” deyən insanların məmləkətində yaxşılığa doğru heç nə baş vermir, əzizlərim!..

Axı siz ölkələr-dünyalar görmüş insanlarsınız: göydən üç alma yalnız nağıllarda düşür, o da nağıl deyənin heybəsinə. Nə siz, nə də ki, bəndəniz nağıl deyənlərdən deyilik, əksinə 24 ildir ki, nağıllara qulaq asan və buna ürəkdən inananlarıq…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (4 оценок, среднее: 7,25 из 10)
Oxunma sayı: 81