Muəllif:

Dünya göz yaşlarına inanmır…

Yaşı 70-i keçmış müəllim həmkarım əlində tutduğu qəzeti şəstlə açıb, qoşa səhifədəki yazısını mənə  göstərdi. I Pyotrun Rusiyaya işğalçılıq planını göstərən məşhur vəsiyyəti barədə yazmışdı, sonra da həmin vəsiyyətə nifrətini nəzmə çəkmişdi, daha çox həcvə oxşayırdı. Müəllim o qədər də tanınmayan bir qəzetdə çap edillmiş yazısına görə elə sevinirdi, Rusiyanı “ifşa” etməsindən elə şövqlə danışır, yazıdakı bəzi məqamları ucadan oxuyub elə köhnə izahlar verirdi ki, az qala mən onun bu məsələləri birinci dəfə və elə indi eşitdiyinə inanacaqdım… Xalq hərəkatının başlandığı ilk dövrlər, emosional dalğaların şahə qalxdığı ötən oyanış günləri yadıma düşdü.

Onda da tarixdən adda-budda hadisələr qoparılıb “təhlil” olunur, ayrı-ayrı epizodlar haqqında yalan-doğru mühakimələr yürüdülür, adamlar keçmişdə buraxılan səhvləri bu gün, uzağı sabah düzəltmək eşqinə düşür, bütün bu ədalətsizliklərdən dünyanın xəbərsiz olduğuna sadəlövhcəsinə inanır və dərdlərimizi dünyaya çatdırmağın vacibliyindən danışırdılar. Zaman keçdikcə çox qaranlıqlar aydınlaşdı, çox sular duruldu, amma “faciələrimizi dünyaya necə çatdıraq, özümüzü necə tanıdaq?” sualına cavab tapa bilmədik.

*  *  *

XX əsr Azərbaycan üçün faciələr, fəlakətlər əsridir, sanki küncə qısnanan, heysiyyəti tapdalanan, torpaqlarını itirə-itirə uçuruma gedən, amma faciəsini dərk etməyən bir toplumun uğursuzluq zolağıdır. Yaxşı ki, gec də olsa, bu həqiqətlər indi dərk edilir. Anlaşılır ki, milli mövcudluq və dünyaya qovuşmaq uğrunda mübarizədə qalib olmaq üçün biz həmin dünyanın dilində danışmağı bacarmalıyıq, demokratiyaya yönəli bilgi və davranışları mənimsəməli, özümüzü təqdim və təbliğ etməyin fərqli texnologiyalarını öyrənməliyik.

Xocalı faciəsi, bütövlükdə Qarabağ problemi, 31 mart soyqırımı bizim milli dərdlərimizdir və bunların dünyaya çatdırılması çox vacibdir. Faciə qurbanlarını yad edərək ağlayıb göz yaşı tökmək, insanın dərdini bir anlıq yüngülləşdirir, amma dünyanın ürəyini yumşaltmır. Dünya ağlamağı çoxdan tərgidib, kövrək hisslərin yerini çoxdan hüquqi formullar, hər halda qanun və məntiq havasına köklənmiş düşüncə tərzi tutub. Üzdə olan bunlardı, görünməyən isə siyasi maraqlardı və bir az da xristian təəssübkeşliyidir. Biz özümüzdə təpər tapıb Şərq müdrikliyini və yayğın düşüncə tərzimizi Qərbin işgüzar təfəkkürü və davranış texnologiyası ilə birləşdirməliyik. Ağlaşma, fəryad, ifşa tərzi və duyğusallıq burada keçərli deyil. Biz ölkənin təbliğat və piar işini hansısa varlı məmur övladlarına tapşırıb, sonra da büdrəyən kimi onları topa tutmamalıyıq, işlək təbliğat sistemi qurmalıyıq.

Yalançı hay-küylə, ittihamla, hələ də şüurlarda tüğyan edən kortəbii (və çox vaxt saxta) vətənpərvərliklə uzağa gedə bilmərik. Biz milli problemlərimizi dünyaya çatdırmağın yeni üsullarını tapmalıyıq. Bunun üçün, çox gec olsa da, ölkədə xüsusi elmi mərkəzlər, araşdırma və piar qrupları  yaratmalıyıq. Ayrı-ayrı institutlarda problemlərin müxtəlif tərəfləri öyrənilsə də, vahid informasiya bazasına ehtiyac var. Problemin təqdimatında vahid sistem, vahid mövqe və texnoloji baxımdan cazibəli təbliğat metodikası da yoxdur. O səbəbdən hər kəs əlinə keçən fakta və ya tarixi epizoda öz sərbəst yozumunu verir. Təbii ki, düşünülmüş və təsirli sistem yoxdursa, belə “sərbəst” elementlərin effektindən danışmağa dəyməz.

Müasir dünya yığcam və tutumlu vizual informasiyaya meyillidir. Etiraf etmək çox acıdır, amma faktdır ki, milli problemlər kontekstində Azərbaycanın son dövr tarixini əks etdirən yığcam və dolğun sənədli filmlərimiz yoxdur. Uzun-uzadı və təkrarlanan xronoloji kadrlar üzərində qurulmuş filmlər isə eyni məzmunlu qalın kitablar qədər mənasızdır. Bizə yeni düşüncə, yeni texnologiya, yeni davranış və dünya ilə yeni dialoq tərzi lazımdır. Məsələn, bir neçə il əvvəl Xocalı soyqrımının yad edildiyi günlərdə Azərbaycanın 310 mindən çox məktəblisi BMT-yə müraciət ünvanlamışdı, bu soyqırımla bağlı aparılan miqyaslı kampaniya da, virtual Qarabağ saytının yaradılması da effektlidir. Məncə, belə addımların  mahiyyətində müəyyən ümid və istisi duyulan işıq var.

Nağıllarda deyildiyi kimi, bizlər bu işığı tutub getməliyik. Hərçənd ki, nağıllar dövrü çoxdan bitib. Qorxulu divlər çoxdan nağıllardan çıxıb adamlara çevrilib, itlər də nəyə və kimə hürməyinin fərqindədir. Bizə qalan işıqdır və biz bu işığa necə çatmağın yolunu tapmalıyıq. Hamımız — kiçik də, böyük də, şeir deyən uşaq da, elm öyrənən tələbə də, tarixçi-alim də, diplomat da, I Pyotru “ifşa edən” yaşlı və sadəlövh müəllim də, bunun üzərində düşünməliyik.

* *  *

Yəqin ki, Ictimai TV-də xəbərlərdən öncə efirə verilən “hələ də dünya ictimaiyyəti bu ədalətsizliyə dözür” videoçarxını çox adam görüb. İngilis dilində də səslənən bu videoda Azərbaycan torpaqlarının işğala məruz qalması və bu işğala son qoymaq barədə BMT qətnamələrinin yerinə yetirilməməsi barədə dünyaya haqlı çağırış var. Amma giley də var ki, dünya bizim səsimizi eşitmir. Məncə, heç eşitməyəcək də. Ta, bu telekanal həqiqi ictimai televiziya olmayınca! Axı cəmiyyətin səsini eşitməyən, onun sözünü deməyən, ağrılarını göstərməyən bir televiziyanın səsini dünya necə eşidə bilər ki?!

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (10 оценок, среднее: 9,90 из 10)
Oxunma sayı: 766