Muəllif:

Bəs biz?

 Fəxri Legion dirilərin elitasıdır

Şarl de Goll

 Fəxri Legion Ordeni (Ordre national de la Légion d’honneur) 1802-ci ildə Napoleon Bonapart tərəfindən orta əsr ordenləri timsalında yaradılmış ali təsisatdır. Fransa və fransız xalqı qarşısında müstəsna xidmətlərə görə verilir. Ölümündən sonra demək olar ki, heç kimə verilməyib.

 ***

Yuxudan başağrısıyla oyanmışdım. Çay-çörəkdən sonra iş otağıma keçib kompüteri açmağıma peşiman oldum – insanların ağrısı, kədəri, kini, umu-küsüsü ayaqlanıb üstümə gəldi. Sevinc bu “qələbəliyin” içində itib batmışdı. Hiss etdim ki, qulaqlarımdakı küy başımın ağrısını üstələyir. Tezcə kompüterdən aralandım. Anladım ki, evdən qaçmaq lazımdır. Yadıma tuapseli (Tuapse Qara dəniz sahillərində bir şəhərdir) əskər yoldaşımın məni Bakıya yola salanda dediyi son sözlər düşdü:”Передавай привет морю”. Elə də etdim, evə çatan kimi sahilə çıxıb Qara dənizli Yuranın salamını Xəzərə yetirdim.

Dəniz fırtınadan sonra sanki fağırlamışdı. Sakitliyi qırçın ləpələrin səsi, bir də təkəm-seyrək qağayi çığırtısı pozurdu. Qulağımdakı küy də elə bil səngimişdi. Deyəsən, həyat mənimçün məcrasına qayıdırdı. Amma bu çox davam edə bilməzdi. Əvvəlcə qulağıma traktor səsi gəldi, sonra da yükünü düz ləpədöyənə boşaldan maşınları gördüm. Təəccübləndim, çünki bizdə adətən sahil qumlarını ekologiya-filan demədən tikinti üçün dənizdən aparırlar. Bu dəfə isə tərsinə idi. Qaldırılmış daş hasarlar təbiətə yenilmişdi – külək və qum birləşib insanların bir-birindən gizlətmək istədiklərlərini qorumaq niyyətiylə ucaltdıqları divarları aşmışdı. İndi hər kəs bir vaxtlar olduğu kimi düz yolla gedirmiş tək sahilə kəsəsinə çıxa bilərdi və həmin traktor hasarların arxasındakı gizlinlər üzə çıxmasın deyə küləyin meydanda tək qoyub getdiyi qumu kürüyürdü. Eyni mənzərə, demək olar ki, hər yaz təkrarlanır. Qumsal Abşeron hələ də döyüşür. İnsanlar onun üstünə gəldikcə geri çəkilir, amma ilk fürsətdəcə təslim olmadığını göstərir, çünki təslim olmaq təbiətində yoxdur…

***

Bu günlərdə Parisdə Fransa “Oskar”ı olan “Sezar” kinomükafatının təqdimetmə mərasimi keçirilib. Fəxri “Sezar”ı almaq üçün səhnəyə qalxan əfsanəvi Jan-Pol Belmondonu bütün zal ayağa duraraq 2-3 dəqiqə ərzində sürəkli alqışlara qərq edib. Çox təsirli səhnə idi. Məni isə xəyalım 84 yaşlı Belmondoya baxdıqca ən azı 40 il geriyə, qayğısız və saf gəncliyimizə qaytardı…

Jan Qaben, İv Montan, Jan Mare, Jerar Filip,  Lino Ventura, Filip Nuare, Rober Osseyn, Jan-Pol Belmondo, Burvil, Jan-Lui Trentinyan, Lui de Fünes, Alen Delon və daha kimlər… Fransa və dünya kinematoqrafının qaymaqları. Bizim nəslin kino zövqünü məhz onlar formalaşdırmışdı. Jan Marenin “Paris sirrləri”, Jerar Filipin “Fanfan tülpan”ı, Filip Nuarenın “Köhnə tüfəng”i, İv Montanın “Vəhşi”si, Lino Ventura və Alen Delonun “Macəra axtaranlar”ı bizim gəncliyimizdi. “Şəhərdə iki nəfər” filmində eşafota aparılan Alen Delonun Jan Qabenə necə baxdıxını unutmaqmı olar? Onlar bizim qəhrəmanlarımız, o zamankı “dəmir pərdəni” azca da olsa, aralayıb Qərbin ruhunu bizə çatdıran “nəhənglər”di.

Onlar doğrudan da qəhrəmandır, çünki adlarını sadaladığım aktyorların əksəriyyətini kinodan başqa birləşdirən bir ümumi cəhət də var – onlar Fransanın ali mükafatı Fəxri Legionun Kavalerləridir. Jan Qaben, Lui de Fünes, Filip Nuare,  Jan Reno, Jan Pol Belmondo və nəhayət təkrarolunmaz Alen Delon. Onun necə bir aktyor olduğu barədə yazmaq niyyətində deyiləm, çünki bu barədə çox yazılıb və deyilib. Həm də indi məni aktyor Delon deyil, vətəndaş Delon maraqlandırır. Diqqəti onun necə bir fransız olduğuna çəkmək istəyirəm.

Alen Delon (Alain Delon) 1935-ci ildə Yuxarı Sena departamentinin So şəhərciyində Edit Arnold və damarlarında Napoleon Bonapartın qanının axdığını iddia edən Korsika qraf ailələrindən olan Ramolino de Kol’Altonun törəmələrindən biri Fabyen Delonun ailəsində doğulmuşdur. Anası o zamanlar qürrələnərək “Mənim balam Napoleon nəslindəndir” deyərmiş. Delonun ali təhsili yoxdur. Uşaqlıqda olduqca çılğın və dalaşqan olduğundan heç əməlli-başlı məktəb də bitirməyib. Qəssab atalığı ona birtəhər öz peşəsini öyrədib. Bir təsəvvür edin, dünya kinematoqrafının şəksiz ulduzu, 60-80-ci illərdə Fransanın seks simvolu sayılan aktyorun kolbasa ustası olduğundan başqa heç bir diplomu yoxdur…

***

Şarl de Qoll – onu XX əsr Fransasının Atatürkü də adlandırmaq olar. II Dünya müharibəsi zamanı III Reixin qoşunlarının tapdağı altına düşən Fransanın müqavimət hərəkatını yaradır, faşistlərə qarşı döyüşür, Fransanın işğaldan qurtulması və savaşdan sonra dirçəlməsində böyük rol oynayır. V Fransa Respublikasının yaradıcısı və prezidenti olur (1959-1969), Əlcəzairin Fransadan müstəqilliyini tanıyır. 1944-cü ildə bir neçə gün Bakıda da olub. Qız Qalasının yanındakı Haçınskinin evi kimi tanınan binada qalıb. 50-ci illərdə də Bakıya səfər edib. Deyə bilərsiniz ki, bunları yazmağa nə ehtiyac var, de Qollu kim tanımır ki? Düz də deyirsiz, amma təəssüf ki, gənclərimizdən onu sadəcə Fransadakı aeroport kimi tanıyanlar da var…

***

Alen Delonun nə qədər dolğun və maraqlı bir həyatı olduğunu deməyə ehtiyac yoxdur, ancaq onun haqqındakı məqalələrin birində diqqətimi bir məqam çəkdi. General Şarl de Qoll 1940-cı il iyunun 18-də London radiosi ilə işğalçılara qarşı müqavimət hərəkatına qalxmaqla bağlı qısa bir  çıxış etmişdi. Həmin çıxışdakı:”Fransa döyüşü uduzmuşdur, müharibəni deyil” cümləsini bilməyən fransız yoxdur. Müqavimət hərəkatı beləcə başlamışdı. Çıxışın əlyazması isə yoxa çıxmışdı. İllər sonra məlum olur ki, həmin çıxışın qeneral De Qollun öz əliylə yazılmış orijinalını yazı masasının üstündən icazəsiz götürmüş adam onu satmaq istəyir, amma bir şərtlə, “raritet”i heç bir fransız almamalıdır. Beləliklə, Fransa tarixinin bir zərrəciyi ölkədən gedəcəkdi və… Delon sayağı detektiv əhvalat başlayır. Aktyor əlyazmanı almaq üçün Argentinalı dostunu işə qoşur və onun vasitəsilə çox böyük məbləğə (söhbət milyonlardan gedir) de Qollun ikicə səhifəlik çıxışını vətəndə saxlayır. Sonra da milyonlar bahasına əldə etdiyi bu sənədi Müqavimət iştirakçıları Assosiasiyasına hədiyyə edir. Bu hadisə 1976-cı ildə baş vermişdi. Sənədi Müqavimət müzeyinə təqdim edəndə Ordenin magistrı aktyora:”Siz əskər olmusunuz. Sizə təşəkkür edir və özünüzü hələ də Fransanın əskəri kimi apardığınızla qürrələnirəm”.

***

Herostrat eramızdan əvvəl 356-cı ildə Efesdəki Artemida məbədini yandırmış bir gəncdir. Məbəd dünyanın yeddi möcüzəsindən biri sayılırdı. Rəsmən deyilənə görə, Herostrat bunu məşhurlaşmaq üçün edibmiş. Təəssüf ki, məşhurlaşıb da.

Alen Delonun milyonlarla pul verib Şarl de Qollun 20-30 cümləlik çıxışını nə üçün alması barədə düşünəndə öz-özümə sual verdim ki, görəsən bizdə də buna bənzər hadisə olubmu? Belə bir şeyə şəhadət edən heç bir fakt tapa bilmədim. Olmayıb. Bəs nədən olmayıb, görəsən?

Düşünürəm ki, həm Şarl de Qoll, həm də Alen Delon ölkə və millətləri üçün dəyərə çevrilə bilmişlər. Və həmin dəyərləri şübhə altına almaq istəyənlər yoxdur. Delonun bu hərəkətində heç bir konyunktur məna da axtarmayın, çünki General 1976-cı ildə artıq Prezident deyildi və altı il idi ki, dünyasını da dəyişmişdi…

Deməli, dəyərlər. De Qoll dəyərdir, Alen Delon dəyərdir, Mopassan dəyərdir, Balzak dəyərdir, Belmondo dəyərdir, Katrin Denöv dəyərdir və daha kimlər… dəyərdir. Və bu dəyərlərin ümumi çəkisi herostratların yaranmasına macal vermir. Fransızlar dəyərlərin yükünü mənən çiyinlərində hiss edirlər və bir toplum olaraq yarımçiqlıqdan uzaqdırlar. Natamamlıq deyə bir şeyin nə olduğunu bilmirlər. Ona görə də küll halında sərbəst və azaddırlar. Özlərini içəridən yemirlər.

Delon dəyər olduğu üçün dəyərlərin qədrini bilir. O özünə əmin bir insandır. Bioqrafiyasında bu hərəkəti barədə heç bir şey yazılmayıb, çünki bunu gözə soxmaq üçün etməyib.

Bir məqam da var. Delonun pulları təmizdir, çünki onları hamının gözü qabağında qazanıb. Buna görə də o, mənən azad və sərbəstdir, əmindir ki, “oğrusan” deyə qazandığını əlindən heç kim almayacaq. Pulların təmizliyi həm də azadlığın və sənin heç kimdən asılı olmamağının təminatıdır.

Bəs bizdə necə? Dəyərlər varmı? Varsa da onlara dəyər veririkmi? Dəyərli insanlarımız ehtiyac içində onun-bunun ümidinə qalıb, dəyərsizlərimizsə dəyərlərimizi dəyərsizləşdirməklə özlərinə haqq qazandırmağa çalışırlar və təəssüf ki, bacarırlar da…

***

“İbn Sinanın şağirdi” deyə çox güclü bir Hollivud filmi var. Bədii təxəyyülün də yer aldığı bu əsərin qəhrəmanı bir kimsəsiz ingilis gəncidir. İbn Sinanın mədrəsəsində oxumaq üçün min-bir əziyyətlə İsfahana gələn, hətta dərs ala bilmək üçün özü-özünü sünnət də edən bu xristian İbn Sinanın ən bacarıqlı və sevimli şagirdinə çevrilir. Edama aparılan müəllim və şagird arasında qısa bir dialoq olur. Şagird İbn Sinaya deyir:”Ustad, sağ olun ki, bildiklərinizi mənə öyrətdiniz” və cavabında eşidir:”Sən sağ ol ki, öyrətdiklərimi öyrəndin”. Filmin sonunda cahil və nadanlar əsl elm məbədi olan mədrəsəni yandırırlar. Qaragüruh Şərqin nurunu, elmini məhv edir. İngiltərədən gəlmiş Qərbli gənc isə Londonda ilk xəstəxana açır. İndi hamımız müalicə üçün Şərqdən Qərbə gedirik…

***

Yazımı elə Alen Delonla da bitirirəm. Müsahibələrindən birində o, zarafatla deyib:”Yaponiyada olanda otel işçilərindən biri Fransadan gəldiyimi biləndə soruşdu ki, siz də Alen Delon və Şarl de Qoll kimi fransızsınız?”.

Bəs Biz?

 

email:qlavred@hotmail.com

 

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (7 оценок, среднее: 9,86 из 10)
Oxunma sayı: 1081