Muəllif:

500 illik ömür və kömür

Son günlər dünyada olub-bitənləri öyrənmək üçün hara yollanırdımsa (Ağlınıza başqa bir şey gəlməsin, söhbət virtual səyahətdən gedir, internet, televiziya və s.) 500 rəqəmi məni qarabaqara izləyirdi. Demə, bu il Reformasiyanın, yəni Qərbi Avropanın bir sıra ölkələrində katolik kilsəsinin mənəvi diktaturasını məhv edən, nəticədə elmin və dünyəvi mədəniyyətin inkişafını asanlaşdıran ictimai-siyasi və ideoloji hərəkatın başlanmasının 500 illiyi imiş. Məhz 1517-ci ilin oktyabr ayının 31-də bu hərəkatın lideri Martin Lüter özünün 95 tezisi ilə çıxış edibmiş.

Sonra bir qrup alimin (əvvəlcədən alimlərin bizimkilər olmadığını deyib, bütün şübhələri onların üzərindən götürmək istəyirəm) yeni texnologiyaların inkişaf etməsi nəticəsində insanların 500 il yaşaya biləcəkləri barədə bəyanatı ilə tanış oldum. Onların belə texnologiyaların işlənib hazırlanmasının yaxın 30 ildə başa çatacağı fikirlərini oxuyandan sonra istədim səhifəni bağlayım, düşündüm ki, mənə nə. Sonra dedim, yaxşı deyil, adam təkcə özünü düşünməz, görək bir kişilər nə deyir (elm fədailərinin adları yazılmadığından aralarında qadın olub-olmadığını dəqiq bilmirəm). Nə isə, həmin alimlər hətta günü bu gün insanların asanlıqla 120 il ömür sürmək imkanları olduqlarını bildirirlər. Ancaq bir şərtlə: gərək sağlam həyat tərzi sürəsən. Amma bunu necə etməyin yollarını göstərmirlər. Məncə, səhər durub ora-bura qaçmaqla düzələn iş deyil. Zəhərli havada yüyürməkdənsə bir saat artıq yatsaq, məncə daha çox yaşamaq şansımız olar.

Növbəti öyrəndiyim o oldu ki, astronomların “Qaya” adı verdikləri JO25 asteroidi son 400 il ərzində planetimizə ən yaxın məsafədən keçib. Növbəti belə yaxınlaşma sizcə nə vaxt baş verəcək?! Tamamilə doğrudur! Düz 500 ildən sonra. Məncə alimlər məhz buna görə elə texnologiyalar üzərində işləyirlər ki, insanın ömrünü cəmi 500 il uzatsın. Yoxsa, xərc tök, 1000 illik texnologiya hazırla, asteroid də gəlsin çırpsın özünü bura. İt də gedər, ip də.

Gələcək nəsillərin uzun, xoşbəxt həyatı, iki tanışın təsadüfən küçədə rastlaşanda bir-birinə “Xoş gördük, nə var, nə yox, düz 398 ildir ki, görüşmürük” deyəcəkləri (görəsən təqaüd yaşı neçə olacaq o vaxt?) barədə xoş xəyallardan məni Deniel Uitmir adlı birisi ayırdı. Birisi deyəndə ki, o da alimdir, keçmiş astrofizikdir (astrofizikin də keçmişi olurmuş) və hal-hazırda Arkanzas Universitetində riyaziyyat dərsi deyir. O “İnternational Journal of Astrobiology” jurnalında dərc etdirdiyi məqaləsində bəşəriyyətin uzaq başı 500 ildən sonra məhv olacağını iddia edir. Onun fikrincə texnoloji sivilizasiyaların milyon illərlə mövcud olması ağlabatan deyil. İnsan sivilizasiyasının da o cümlədən. Bu alimin fikrincə, Homo sapiens, ümumiyyətlə, texnoloji cəhətdən ən geridə qalmış məxluqdur, çünki kosmosun fəthi və atom enerjisinin əldə edilməsi son 100 ildə baş verib. Eyni planetdə növbə ilə bir neçə sivilizasiyanın yaranması da mümkün deyil.

Bu alimlər də qəribə adamlardır. İndi, hansına inanasan? Gəl, bunların dediyi ilə həyatını planlaşdır görüm, bacarırsanmı?

Bu dəfə gələcək nəsillərin halına acıyırdım ki, sanki zaman maşını məni durğunluq dövrünə qaytardı. Kremlin Qurultaylar sarayı (düzdür, indi adını dəyişiblər): fəhlə, kəndli və ziyalıların nümayəndələri zalda, rəhbər isə kürsüdə. “Yoldaşlar, Rusiyanın hələ 500 illik kömür ehtiyatı var. Kömür hələ on illərlə əsas enerji daşıyıcısı olacaq. Bu nəhəng ehtiyatlar isə Rusiyaya hələ uzun müddət bu sahədə lider olmağa kömək edəcək”, ‒ deyə Rusiya prezidenti Putin, Şaxtaçı gününə həsr olunmuş təntənəli yığıncaqda söyləyirdi.

Fikirləşdim, deyəsən Reformasiya hələ oralara çatmayıb. Dünyanın bütün aparıcı avtomobil istehsalçıları gələn onillikdən benzinlə işləyən maşın buraxmayacaqlarını bəyan ediblər, bunlar isə hələ yaxın 500 ildə kömürdən istifadə etmək fikrindədirlər. Belə getsə parovozları da bərpa edəcəklər. Hələ neçə-neçə Staxanovlar yetişdirmək olar. Təsəvvürünüzə gətirin, 20 yaşlı sağlam cavan bir oğlan tapırsan, qərb alimlərinin hazırladıqları həbdən-zaddan verirsən, ömrünü 500 il uzadırsan. Sonra da külüngü əlinə verib salırsan yerin altındakı mədənə. O da, gözünə döndüyüm 500 il oraları eşib kömür çıxardır.

Bu vaxt televizordan ayırıb kompüterə yönəltdiyim gözlərimə yerli əhəmiyyətli bir xəbər dəydi. Sonradan məlum oldu ki, o, beynəlxalq statusa malikdir. Xəbərdən təhsil nazirimizin “Rus dilinin intensiv tədrisi” layihəsinin davam etdirilməsi barədə əmr imzaladığını öyrəndim. Əmrdə deyilirdi ki, ölkənin 5… Bu yerə çatanda tər məni basdı. Deyəcəksiniz, bu yay kimi tər basmayıb ki? Amma sizi inandırıram bu tər, o tərdən deyildi, onun üstünə gələn ikinci dalğa idi. Qorxa-qorxa sıfırları saymağa başladım: bir… İkincisini görmədim. Gözlərimi ovuşdurub bir də baxdım. Bircə dənə idi! Ürəklənib xəbərin ardını oxumağa başladım. “…50 ümumi təhsil müəssisəsində rus dili tədris ediləcək. Layihənin davam etdirilməsi, həmin müəssisələrdə tədris prosesinin təşkili və tənzimlənməsinin təmin edilməsini nəzərdə tutur”.  Sonra həmin məktəblərin adları sadalanırdı. Bu layihənin davametmə müddəti barədə isə bir söz yox idi. Lap gözəl. Təsəvvürünüzə gətirirsiniz, birdən bu müddət 500 rəqəmi ilə bağlı olardı. Nə yaxşı ki, 500 rəqəmi vaxtında məndən əl çəkmişdi. Yoxsa Kremldəkinin dili ilə çox danışsaq, qorxuram yaxın 500 ildə biz də kömürdən əl çəkə bilməyək.

Deyəsən, yaxşı qurtarmışıq…

 

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 253