Muəllif:

30 İLLİK MÜBARİZƏM

1-ci yazı

 İlk dəfə siqareti 2-ci kursda çəkmişəm. “Tətbiqi riyaziyyat”dakı uşaqların çoxu çəkən idilər. Kafedra müdirimiz prof. Vaqif Pirməmmədov (nur içində yatsın) koridorda bizimlə siqaret çəkir, Gümrah Cəfərli (mərhum Nəcəf Nəcəfovun qayınatası, işıqlar içində yatsın) isə mühazirənin ortasında şirin Borçalı ləhcəsi ilə “kimdə pışka var, a bala” deyib, “qəm tütəyi” adlandırdığı “Marlboro”sunu yandırırdı. “Firma”nın qoxusu köhnə binanın 3-cü mərtəbəsindəki böyük auditoriyadan koridora yayılır, əfsanəvi “Qara Rəşid” (görkəmli pedaqoq, professor Rəşid Məmmədov-işıqlar içində yatsın) qonşu otaqdakı kabinetindən gəlib, zəhmli baxışları ilə gah otaqdakı dumana, gah da həmkarının şalvarına baxardı. Dost idilər, Gümrah müəllimin dərsə “cins şalvar”la gəlməyinə göz yumurdu. O vaxt heç bir müəllim instituta o qiyafətdə gələ bilməzdi.

Bir Vaqif Səmədoğlu və Vəfa Quluzadə (torpaqları bol olsun) zövqlə geyinirdi, bir də bizim Gümrah müəllim. Dissident düşüncəli və qatı “antisovetçik” idi, Brejnev öləndə 5-6 nəfəri yığıb 28 apreldəki “Avtomat pivəxana”ya aparmışdı bizi. Onun bahalı siqaretinin ləzzətli tüstüsünü içimizə çəkə-çəkə Leonid İliçin ruhuna bokal toqquşdurduq. Qrup yoldaşımız Hüseyn isə “qəfil” ölümdən elə “sarsılmışdı” ki, pivəsinə yavaşca araq da qatmışdı. Gəncdik, toy idik, çəkirdik, amma oxumağımızdan qalmırdıq, buz baltası kimiydik…

1-2 qüllabla başlayıb sonradan isə gündə 1-2 ədəd  siqaretə keçmişdim. Moskvada, tələbə-inşaat dəstəsində isə artıq  “paçka” gəzdirməyə başladım, əməllicə siqaret tiryəkisinə çevrildim. Lovğalanmaq üçün “BT” və ya “Rodopi”ni (o vaxtın ən populyar bolqar siqaretləri) köynəyin döş cibinə qoyurduq. 3-cü kursda “Azİ”nin Nizami küçəsindəki “Tri ognya” tələbə barının tualetində uşaqlar “anaşa” çıxartdılar. Şiddətlə rədd elədim. Dayıma danışdım, “Qəti yaxın durma” dedi. Heç vaxt da o zəhrimara yanaşmadım. Zatən söz vermişdim — çox oxuyacaq, aspiranturaya girəcəkdim…

Atam siqaret çəkmir, qatı siqaret düşməniydi. Məni siqaretlə tutar deyə ar edirdim. Qoxusu gəlməsin deyə cibimdə daima “barbaris” konfeti, çantamda dezodorant gəzdirirdim. İnstitutda hamı hər yerdə rahatca siqaret çəkirdi – “Təzə Bina”nın önündə, “Köhnə”nin qarşısındakı sütunlu keçiddə, mərtəbələrdə, hətta kafedranın girişində belə. Mənimsə durumum fərqli idi – atam oxuduğum Neft və Kimya institutunun professoru, kafedra müdiri idi. Hər an qarşıma çıxa bilərdi. Hələ siqaretin zərərlərini bilmir və anlamırdım. 5-ci kursda qərar verdim ki, diploma çıxan kimi bu mərəti buraxacam.

Vaqif Pirməmmədov diplom işini yazmaq üçün məni Kibernetika institutundakı laboratoriyasına göndərdi. O gözəl kollektivin aurası siqareti unutmağa yardım etdi. Yarım il sonra diplom işimi müdafiə edib Naxçıvana 3 aylıq “sbor”a — hərbi təlimə getdik. Andropov Kommunist partiyasının Baş katibiydi. Ayaqda zorla dururdu, ölkədə “suxoy zakon”, mağazalar  bomboş idi. Naxçıvanın mərkəzindəki batalyonun əsgər mağazasında kiflənmiş siqaretdən başqa heç nə satılmırdı. Dedilər ki, “qəm tütəyini hicran yerinə qoyub çəkək ki, bu zillət tez bitsin”. Bakıya qayıdan kimi siqaretə son dedim. 12 kilo arıqlamış, amma buz baltası kimiydim…

Təyinatla 2 il çalışdım, sonra aspiranturaya qəbul oldum, siqaretə başladım. Müdafiə etdim, Moskvadan – “VAK”dan təsdiqim gəldi. Elmlər namizədi olan kimi buraxdım. Qızım oldu təkrar çəkdim, oğlum oldu tulladım.

Elmi rəhbərim, görkəmli alim, akademik Azad Mirzəcanzadəni (Tanrının rəhməti üzərində olsun) sıxışdırırdılar, o da ömrünü verdiyi Neft-Kimya institutundan mən də daxil 11 nəfər tələbəsini – 11 elmlər namizədini alıb nümayişkarcasına çıxdı (İndi o 11 nəfərdən 3-ü Akademiyanın müxbir üzvü, 5-i professordur). Azad müəllimə dost əlini akademik, gözəl insan, mərhum Fərəməz Maqsudov uzatdı. Mexanika-riyaziyyat institutunda bir laboratoriya açdı ona. Amma yer yox idi, bizə Bəşir Səfəroğlu küçəsindəki tarixi hamamın içində 4 otaq ayırdılar.

Hamamda otağın birində Azad müəllim, iki otaqda isə biz otururduq. 4-cü otağa isə yeganə qiymətli inventarımız olan “CM 4” hesablama maşınımızı (o vaxt kompyuter elə adlanırdı) yerləşdirdik. Başneft və Tatneft üçün elmi araşdırmalar aparırdıq. Oradan qazandığımız qonorarı öz aramızda bölüşdürmək yerinə ”Zaporojets” marka avtomobil aldıq. Azad müəllim yaşlanırdı, onu 28 aprel küçəsindən işə gətirmək və aparmaq lazım idi. Düşünə bilirsizmi, dünya miqyaslı alim o sınıx-salxaq 2 qapılı “əlamətə” minib “hamama işə gəlirdi”.

Azad müəllimin iri cüssəli bədəni ilə çətinliklə maşına minməsi və əziyyətlə, qan-tər içində enməsi gəlir gözümün qabağına. O balaca maşına sığmadığı kimi ölkəyə də sığmırdı əziz müəllimim. O sistemin adamı deyildi, başqa bir dünyanın adamı idi Azad Mirzəcanzadə.

İndi Akademiyanın müxbir üzvü olan Geylani Pənahov bir gün  “Zaporojets”i hamamın önündə saxlayıb bizi səslədi ki, gəlin maaşlarınızı daşımağa kömək edin. Nə dediyini maşından çıxan böyük qutuları görəndə anladıq – maaş əvəzinə hər birimizə qutu-qutu “Prima” papirosu vermişdilər. Ölkə batmaq üzrə idi, dövlətdə nə pul var idi, nə də bu dövləti saxlamağa güc. Qorbaçov bir epoxanın sonunu gətirmək üzrə idi. Mən o axşam yenə çəkməyə başladım. Bu dəfə “maaşımı çəkirdim”

Sovet dağıldı, hər şey dəyişdi, mən yenə də bu zəhrimardan qurtula bilmirdim. Tərgidir, yenidən başlayırdım. Tədricən siqaretin cana zərərini hiss etməyə başladım. Siqaretlə boğuşmağım AzTV-nin Türkiyə Təmsilçisi kimi qardaş ölkəyə getdiyimdə də davam etdi. Satışda “Marlboro 100’s” gördüm, nəfsimi saxlayammadım. Təzyiqim oynadı. Həkim dostlarım qorxutdular. Mən də zərəri guya azdır deyə “sigarillo”ya keçdim. Zamanla gündə bir paçka “Cafe Creme” çəkməyə başladım. Siqaret çəkəndə saralan dişlərim Sumatra tütünündən qaralmağa başladı. Pul da çatdırmaq olmurdu, düşündüm ki, ən yaxşısı gündə 1 dəfə axşamları bircə dənə sigar çəkim. Hollandiyalı jurnalist dostum ad günümə mənə bir yekə qutu “Cohiba” gətirdi. Bolluğa düşdüyümdən sigarı da sigaret kimi çəkməyə başladım.

Ankarada, Çevrə Sokakdakı evim həm yaşayış yerim, həm də Təmsilçiliyin ofisi idi. Yer, göy, üstüm, başım, xidməti maşınım – hər yer sigar qoxurdu. Nifrət edirdim özümə – bu mərətin əsirinə çevrilmişdim. Sağlamlığım silkələnirdi. Sigarı da buraxıb idman salonundan çıxmamağa başladım. Düz 3 il çəkmədim, bir dostum avtomobil qəzasında həlak olması ilə yenidən başladım.

30 il siqareti yenmək üçün müxtəlif yollara baş vurdum – müxtəlif seanslar, nikotinli saqqızlar, yapışdırma plastırları, elektronik siqaretlər. Və bu mübarizə düz 2009-a qədər davam etdi. Əczaçı dostum Zeynəb bir gün MORO Terapidən bəhs etdi mənə. O gün həyatım dəyişdi…

 (Ardı var)

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (11 оценок, среднее: 9,00 из 10)
Oxunma sayı: 853