Muəllif:

Sürüşdürülən binanın sakinləri qorxurlar ki, mənzilləri əldən çıxar

Bakı şəhəri, Füzuli küçəsi, ev 39 ünvanında yerləşən tarixi binanın sakinləri narahat olublar və yığışıb prezident İlham Əliyevə müraciət
ünvanlayıblar. Onlar qorxurlar ki, sürüşdürüləcək tarixi binadakı mənzilləri əllərindən çıxa bilər. 22 sakinin imzaladığı müraciətdə deyilir:

«…Bakının mərkəzində yaşadığımız ərazidə Qış bulvarın salınması və bununla əlaqədar olaraq binamızın geriyə sürüşdürülməsi və binada bərpa işlərinin aparılması layihəsini də böyük sevinclə qarşılamışdıq.
Nəzərinizə çatdırırıq ki, 2012-ci ilin noyabrında Bakı şəhəri İcra hakimiyyətinin başçısı H. Abutalıbov sakinlərlə görüşündə binanın sürüşdürülməsinin beynəlxalq nüfuzlu “Bresser Eurasia” Niderland şirkəti tərəfindən təhlükəsiz həyata keçirilməsinə, eləcə də sakinlərin bütün işlər başa çatdırıldıqdan sonra binaya qayıdacağına söz verdi və bütün bunlara şəxsən özünün, onun sözləri ilə desək, “canlı qarant“ olmasını bizə bildirdi.
Bu tarixi hadisəyə iki gün qalmış R. Mehralıyevin rəhbərlik etdiyi Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin məmurları sakinləri yığıb kvadrat metr üçün 1500 manatdan hesablanaraq mənzillərin alqı-satqı prosesini həyata keçirmək məqsədləri haqqında məlumat vermışlər. Bakı İH məmurları təcili alqı-satqı vəziyyətinin yaranması məcburiyyətini binanın sürüşdürülmədən sonra qəza halına gələcəyi ehtimalı ilə izah etmişlər.
Məmurların ən azından təəccüb doğuran bəyanatından dərhal sonra “Bresser Eurasia” Niderland şirkətinin rəsmi bəyanatı açıqlandı. Bəyanatda, eyni zamanda şirkət tərəfindən keçirilən mətbuat konfransında bildirildi ki, binada heç bir qəza təhlükəsi yoxdur, binanın sürüşdürülməsi uğurla başa çatdırılacaq və şirkət, sakinlərin binada təhlükəsiz yaşamasına tam zəmanət verir.
Yeri gəlmişkən qeyd etmək istərdik ki, daşınmaz əmlak bazarında bu ərazidə yerləşən mənzillərin kvadrat metri 2500-3500 AZN dəyərində qiymətləndirilir. Bu bəllidir, və cənab Abutalıbov da görüşdə etiraf etdi ki, Qış bulvarın salınması başa çatdıqdan və yaşadığımız tarixi binada bərpa işləri yekunlaşdırıldıqdan sonra mənzillərin qiyməti 5000 AZN-dək qalxacaq. Ancaq biz sakinlər təmir işləri bitdikdən sonra öz mənzillərimizə, bizə vəd edildiyi kimi, qayıtmaq istəyirik və evlərimizi satmaq niyyətində deyilik.
Konstitusiyanın 13-cü maddəsinin I hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Və heç bir məmur mülkiyyət sahibini öz əımlakını satmağa məcbur edə bılməz. Əsas Qanun kimi Konstitusiyanın aliliyi onda təzahür edir ki, bütün qanunlar və dövlət orqanlarının digər aktları onun əsasında və ona uyğun olaraq qəbul edilir. Konstitusiyaya ciddi və dəqiq riayət etmək bütün dövlət orqanları, ictimai birliklər, bütün vətəndaşlar üçün ən ali davranış normasıdır.
Cənab Prezident, belə bir sual yaranır. Siz hər zaman vurğulayırsınız ki, məmurların işinin mərkəzində əsas olaraq insan amili olmalıdır, və məmurlar vəzifəyə təyin olunarkən onların peşəkarlıq səviyyəsi və insani keyfiyyətləri nəzərə alınmalıdır… Cənab Prezident, bütün bunları nəzərə alaraq, xahiş edirik ki, evlərimizə tez bir zamanda qayıtmağımıza və bizim mülkiyyət hüquqlarımızın qorunmasına Siz qarant olasınız! Əvvəlcədən Sizə təşəkkürümüzü bildiririk».

Müraciətin surəti ölkənin Birinci Xanımı Mehriban Əliyeva, Milli Məclisin Sədri Oqtay Əsədov, Baş Nazir Artur Rəsizadə və Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova da ünvanlanıb

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 249