Muəllif:

Neft Fondu qızıl biznesindən zərər edib

Qızılın dünya bazar qiymətində azalma davam edir. Bu həftə bu qiymətli metalın qiyməti son illərin ən aşağı rekordunu vurub — dünya bazarında 1 qram qızıl 51 dollara təklif edilib. Qızılın 1 unsiyasının qiyməti isə 1606 dollardır. Nəticədə qiymətli metal 5 faiz dəyər itirib.
2008-ci ildə baş verən qlobal maliyyə böhranından sonra qiyməti artan qızılın 2013-cü ildə ucuzlaşacağı gözlənilən idi. Belə ki, 2008 və 2009-cu illərdə böhranın nəticələrini və eləcə də müddətini proqnozlaşdırmaqda çətilik çəkən investorlar öz pullarını qızılda saxlamağa üstünlük verdilər. Bu isə o vaxt qızılın qiymətində artımlar ilə müşahidə edilirdi. Amma son bir ildə qızılın qiymətindəki artımlar azalmalar ilə əvəz olunub. Bu göstərici 7,1 faiz təşkil edib.
Bəlli olduğu kimi, Azərbaycan Dövlət Neft Fondu da ötən ildən qızıla investisiya etməyə başlayıb. Fond artıq 2012-ci ildə 15 ton qızıl alıb və bu il qızıl ehtiyatlarını 2 dəfə artıracağını açıqlayıb. Qızılın qiymətinin bundan sonra da enməsi gözlənirmi? Bu enmələr Azərbaycana nə dərəcədə təsir edəcək?
İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, qızılın dünya bazar qiyməti Azərbaycanın dövlət rezervlərinin dəyəri baxımından da əhəmiyyətlidir. Belə ki, Dövlət Neft Fondu ilə yanaşı Mərkəzi Bankın qızıl ehtiyatları yarım tondan çoxdur: “Neft Fondu qızılın alma tarixi və eləcə də qiyməti ilə bağlı ictimaiyyətə məlumat vermədiyindən bunun Azərbaycana neçəyə baş gəldiyi bəlli deyil. Bununla belə, son 1 ildəki qiymət azalmaları Neft Fondunun qızıl biznesindən gəlir deyil, zərər əldə etdiyini söyləməyə imkan verir. Praktik olaraq, Neft Fondunun aldığı qızılın qiymətinin düşməsi səbəbindən dövlət rezervlərinin dəyərində nisbi azalmalar müşahidə edilir”.
Ekspert 2008-ci ildən bəri dəfələrlə Neft Fondu aktivlərinin bir hissəsinin qızılla saxlanılmasını təklif etdiklərini deyir: “O zaman bu onunla əlaqələndirilirdi ki, aktivlərin valyuta ilə saxlanılması arzu olunan deyildi. Qızıl isə qlobal maliyyə böhranı dövründə ən çox dəyər qazanan yığım vasitəsi idi. Bu baxımdan aktivlərin qızılla saxlanılması həmişə aktualdır. Lakin təəssüf ki, həmin vaxt Dövlət Neft Fondu aktivlərin qızılla saxlanılması barədə qərar qəbul etmədi. Qızılın qiymətindəki son azalmalar fonunda isə aktivlərin qızılla saxlanılması daha çox gecikmiş qərar kimi qiymətləndirilə bilər. Böhrandan sonra qızıla tələbatın azalması müşahidə edilir və belə olan halda Fondun qızıl alışı nəinki gecikmiş qərardır, hətta perspektiv olaraq riskli addımdır”.
İqtisadçı bildirdi ki, qızılın qiymətində azalma bu ilin sonunadək davam edəcək: «Amma bu il qızılın qiymətində dramatik azalma gözlənilmir. İlin birinci yarısında 1 qram qızılın orta qiymətinin 50 dollar olacağı poqnozlaşdırılır. Dünya bazarında neftin qiymətinin yüksəlməsi, eləcə də bir sıra inkişaf etmiş ölkələrdə, xüsusən də ABŞ-ın real sektorda gəlirlik normasının yüksəlməsi investorların öz vəsaitlərini qızıl bazarından çəkməsinə səbəb olub. Qızıl bazarında investor aktivliyinin azalması qiymətli əşyanın dəyərinin düşməsinə səbəb olub.
Ekspert Samir Əliyevin sözlərinə görə, son vaxtlar qızıl ən etibarlı aktiv hesab olunur: “Dollar, avro, funt sterlinq kimi valyutaların məzənnəsindəki kəskin eniş-yoxuş, bundan başqa, neftin qiymətindəki qeyri-sabitlik və s. səbəblər valyutanın yığım vasitəsi kimi etibarını itirməsi ilə nəticələnib”.
Dünya Qızıl Şurasının açıqlamasında da göstərilir ki, ötən il qızılın qiymətindəki artım tempi əvvəlki illə müqayisədə aşağı olub. Bunun səbəbi isə 2012-ci ildə qızıla tələbatın azalması olub. Qızıla tələbatın azalmasına gəldikdə, bu azalma daha çox zinət əşyaları məqsədilə istifadə olunan xammalın qiymətində müşahidə olunub. “Lakin mərkəzi bankların yığım üçün müraciət etdiyi külçə qızıla tələbatda azalma yox, artım olub. Bunun da səbəbi valyutaların kursundakı və neftin qiymətindəki qeyri-sabitlik nəticəsində mərkəzi bankların qızıla üstünlük verməsi olub. Hindistan, Rusiya, Çin mərkəzi bankları böyük həcmdə qızıl alıb. Zinət əşyaları üçün xammala tələbatın azalmasının səbəbi isə zinət əşyalarının əsas alıcıları hesab olunan Yaxın Şərq ölkələrində, o cümlədən Hindistandakı konfliktli vəziyyətlərlə əlaqədardır”.
S.Əliyevin fikrincə, bütün bunlara rəğmən, qızılın qiymətindəki enmələr müvəqqəti haldır. Ekspert bildirir ki, gələcəkdə qızılın bahalaşması, hətta 1 unsiyasının 2 min dolları ötməsi proqnozlaşdırılır.
O ki qaldı qızılın qiymətindəki hazırkı enmələrin Azərbaycana təsirlərinə, S.Əliyevin sözlərinə görə, ölkə son bir ildə qızıl almağa başlayıb: “Bilirsiniz ki, bizdə Neft Fondunun və Mərkəzi Bankın valyuta ehtiyatları var və hər iki qurum 2011-ci ildən etibarən öz ehtiyatlarına qızılı daxil etməyə başladılar. Biz lap əvvəldən deyirdik ki, Neft Fondu öz ehtiyatlarına qızılı daxil etməlidir. Son 4-5 ildə qızıl demək olar 2 dəfəyə qədər bahalaşdı. Neft Fondu qızıla investisiya yatırmağa daha əvvəldən başlasaydı, bu, daha böyük effekt verərdi. Çünki biz müşahidə edirik ki, Neft Fondunun illik gəlirləri əvvəllər 3-4 faiz idisə, indi 1 faizə qədər azalıb. Artıq valyutaların kursundakı dəyişmələr öz təsirini göstərib. Amma indi də çox gec deyil və fond tərəfindən qızılın alışı müsbət haldır. Bayaq da qeyd etdiyim kimi, ucuzlaşma müvəqqətidir və gələcəkdə qızıl bahalaşacaq. Odur ki, həm Mərkəzi Bank, həm Neft Fondu öz ehtiyatlarında qızıla geniş yer verməlidirlər”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 266