Muəllif:

Məhkəmə aclıq elan edir!

İnsana faciənin miqyasını dərk etmək və onu düzgün qiymətləndirmək üçün mütləq müqayisə və bir az da şişirtmə lazımdır.
Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun və Binə Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovanın iddia ərizələri əsasında Azərbaycan məhkəmələri «Azadlıq» qəzetinə 62.000 manat məbləğində cərimə kəsiblər.
Öz-özlüyündə bu rəqəm heç nə demir. Məsələn, çox ola bilsin ki, 62 min Tağı müəllimin, ya Kəbirə xanımın heç bir maşınının qiyməti də eləmir. Amma «Azadlıq» həmin cəriməni onlara ödəmək üçün 620 min nüsxə qəzet satmalı (təxminən 3 aylıq tiraj!), redaksiyanın əməkdaşları isə həmin ayları pulsuz işləməlidirlər.
Bu müqayisədə şişirtmə də var, təbii. Amma «Azadlığ»ın xeyrinə deyil. Mənim hesablamamda qəzetin satışının 100% olacağı və «Qasid» firmasının redaksiyaya çatacaq pulu dərhal ona ötürəcəyi nəzərdə tutulur. Bu isə, həyat təcrübəsi göstərir ki, mümkün olan iş deyil. Odur ki, hökumət Tağı müəllimlə Kəbirə xanımı «Azadlığ»ın «qida borusu»ndan ayıranadək jurnalistlər 4 aylıq kollektiv aclığa hazırlaşmalıdırlar.
Əlbəttə, bu, «5 qəpikləri mənimsəməkdə» ittiham olunduğu üçün özünü alçaldılmış sayan metropoliten rəisinin və «satıcılardan pul yığdığı» haqda yazını böhtan hesab edən ticarət mərkəzi sahibinin problemi deyil. Hər ikisi mənəvi sarsıntı keçirib (bu yerdə düşündüm ki, medianın ən çox işlətdiyi «şok» sözünü qanunvericiliyimizə də yeritməyin vaxtıdır) və hər ikisi qəzetin yaşatdıqları acıları mümkün qədər tez unutmaq üçün ondan 30 min manat pul gözləyir. Kəbirə xanım bir az artıq — 32 min manat (qadın qəlbinin incəliklərini bilmək olmur!)
Ancaq Azərbaycan dövləti bu problemdən yaxasını kənara çəkə bilməz. Çünki məhkəmələr gənc respublikanın ən qocaman qəzetlərindən biri, eyni zamanda, ən tənqidçi nəşri olan «Azadlığ»ın belə ağır cəzaya məruz qoyulması (redaksiya rəhbərliyi deyir, «çökdürülməsi») barədə hökmü məhz dövlətin adından çıxarıblar. Avropanın «demokratiya yumurtaları» da nə Tağı müəllimə, nə də Kəbirə xanıma, yenə Azərbaycana, onun hökumətinə tuşlanacaq.
Seçkilər ilində təsadüfi heç nə baş vermir. Odur ki, «Azadlıq»la bağlı qərarların siyasi mahiyyət kəsb etdiyi, qərəzliliyi əksəriyyətdə şübhə doğurmur. Düşünmürəm ki, indiki mərhələdə söhbət qəzetin çökdürülməsindən gedir. Hələlik cəza məsələsi gündəmdədir. Səbəbini də anlamaq olar.
Ötən ilin sonu KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu, digər nəşrlərlə yanaşı, «Azadlığ»ın da inkişafına 95000 manatlıq dəstək verdi. Qəzet yardımı aldı, amma yazılarından (xüsusi ayrılmış bir səhifəlik elmi-tarixi araşdırmalarından savayı) bunu heç cür görmək olmadı. Siyasi məsələlərdə necə tənqidi mövqedə idisə, həmin mövqeyində qalmaqda davam etdi. Əlbəttə, hökumət də pulunun başından keçməyib və məşhur «Yeddi oğul istərəm» filmində Gəray bəyin sözlərini yaxşı xatırlayır: «Mən qızı sənə verim…» İndi «qızı» geri qaytarırlar. 30 minini — birinci dəfəyə, 32 minini — ikinci dəfəyə, qalır 33 mini. Deməli, ya üçüncü məhkəmə prosesini gözləmək lazımdır, ya da… Bildiyimə görə, yayım firması «Qasid»in «Azadlığ»a borcu elə bu qədərdir. Əvəzləşdirmək də olar.
Hökumət istəyəndə verir, istəyəndə başqa yollarla geri alır. Buna haqq qazandırmasam da, başa düşürəm. Başa düşülməsi çətin olan odur ki, bəs media özü hardadır? Onun bu məsələlərdə öz səsi-sözü varmı? «Azadlığ»ın keçirdiyi mətbuat konfransında redaksiyanın «SOS» qışqırığına beş jurnalist təşkilatı rəhbərindən və 3 hüquqşünasdan başqa, yığışan yox idi.
Bu yerdə elə mətbuat konfransı keçirilən gün «Zerkalo»da oxuduğum bir məqalənin başlanğıcı yadıma düşür:
«Ötən payız Ukrayna jurnalistləri hakimiyyətin parlament seçkiləri qabağı qəbul etməyə çalışdığı böhtan haqqında qanuna qarşı kəskin mübarizə apardılar. O vaxt, demək olar ki, bütün jurnalistlər qanun layihəsinin əleyhinə çıxış etdilər. Həm də təkcə mərkəzi nəşrlərdə və telekanallarda yox, bölgələrdə də. Kiyevə etiraz tədbirinə hər yerdən fəallarla bərabər, adi jurnalistlər toplaşmağa başladılar. Həmkarlar ittifaqları və professional qurumlar tətilə çağırışlar səsləndirdilər. Senzuranı bərpa etmək cəhdinə etiraz əlaməti olaraq, bir çox nəşrlər ağ səhifələrlə çıxdılar və bunun səbəbini oxucularına izah etdilər. Görünür, hansısa məqamda hakimiyyət də başa düşdü ki, çox dərininə gedib və nəticələr ağır ola bilər. Qanun layihəsi geri çağırıldı».
Məqalənin davamını oxumaq istəyənlər bu ünvana müraciət edə bilərlər: http://www.zerkalo.az/2013/izverzhenie-mediavulkana/ Mən isə bir şeyi də deyib, sözümü bitirirəm: mətbuat konfransının səhəri interneti ələk-vələk elədim, qəzetlərə baxdım (televiziyalardan gözləntim yox idi). Bir-iki saytda və bir-iki qəzetdə «Azadlığ»ın həmkarlarına müraciətlə keçirdiyi tədbir barədə çox böyük xəsisliklə hazırlanmış qısa xəbərlərdən başqa heç nə tapmadım.

Aynanın yeni köşə rubrikasından.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 139