Muəllif:

Hamı kimi Rumıniya da bizdən investisiya gözləyir

Rumıniya Deputatlar Palatasının sədri Valeriu Zqoneanın rəhbərlik etdiyi heyətin Azərbaycana səfəri çərçivəsində bu gün Bakıda Azərbaycan-Rumıniya biznes-forumu keçirilib. Forum Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) tərəfindən təşkil olunub. «APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev qeyd edib ki, biznes-forumda Rumıniyadan 30, Azərbaycandan isə 100-dən artıq iş adamı iştirak edir:

«Ümid edirəm ki, bu tədbir ikitərəfli əlaqələrin və əməkdaşlığın inkişafına, həmçinin Rumıniya və Azərbaycan arasında ticarət dövriyyəsinin artırılmasına təkan verəcək».

Nazir onu da bildirib ki, 2012-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 23%-dən çox artıb. Lakin potensial daha böyükdür və hər iki ölkə bu potensialdan səmərəli istifadə etməlidir.

Ş.Mustafayev iki ölkə arasında mövcud əlaqələrdən danışıb və bildirib ki, Azərbaycan və Rumıniya arasında müxtəlif sahələrdə indiyədək 50-dən çox sənəd imzalanıb: «Yaxın zamanlarda Buxarest şəhərində Rumıniya-Azərbaycan hökumətlərarası komissiyasının 5-ci iclası keçiriləcək və bu iclasda bir sıra mühüm məsələlər müzakirə olunacaq».

Öz növbəsində V.Zqonea iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb, qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib. V.Zqonea iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsində özəl bölmənin rolunu vurğulayıb, iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Tədbirdə Rumıniyanın milli maraq kəsb edən infrastruktur layihələr və xarici investisiyalar üzrə xüsusi naziri Dan Şovan Rumıniyanın Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini qeyd edib. Nazir «Nabucco» layihəsindən danışıb və bildirib ki, Rumıniya bu layihənin icrasında maraqlıdır. Şovan əlavə edib ki, Rumıniyanın xarici investisiyalara ehtiyacı var və eyni zamanda ölkə xaricdə sərmayə yatırmaqda maraqlıdır.

Hazırda Azərbaycanda Rumıniya kapitallı 8, Rumıniyada isə Azərbaycanın 49 şirkəti fəaliyyət göstərir. Biznes-foruma neft-qaz sənayesi, İKT, bankçılıq, sənaye avadanlığı, elektrik enerjisi istehsalı, yol-nəqliyyat infrastrukturu, mədən sənayesi, vakuum texnologiyaları, inşaat avadanlıqları istehsalı və digər sektorları təmsil edən rumıniyalı iş adamları qatılıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 121