Muəllif:

Gürcüstanla hərbi əməkdaşlığın perspektivləri

Martın 17-19-da Gürcüstanın müdafiə naziri İrakli Alasaniya Azərbaycana səfər etdi. Səfər zamanı İ.Alasaniya ölkə prezidenti, xarici işlər, müdafiə və müdafiə sənayesi nazirləri ilə görüşlər keçirib. Bakıda keçirilən görüş bir sıra detallarla yadda qaldı:
— Birincisi, bu səfər Azərbaycan və Gürcüstan arasında hərbi strateji əməkdaşlığın bu günkü durumunu və perspektivlərini müzakirə etmək baxımından səmərəli oldu;
— İkincisi, bu səfər Gürcüstanın Azərbaycanın müdafiə sənayesində iştirak imkanlarını nəzərdən keçirməyə imkan verdi.
Xatırladaq ki, Gürcüstanın yeni hökumətinin müdafiə naziri Alasaniya Azərbaycanlı həmkarı Səfər Əbiyevlə martın əvvəllərində NATO-nun Brüsseldəki iclasında tanış olub və bir sıra məsələlər ətrafında müzakirələr aparılıb. Bu məsələlər sonradan onun Bakı səfərinin gündəliyinin tərtib olunmasında əsas rol oynayıb. Əldə edilən məlumatlara görə, Alasaniyanın Bakı səfərində aşağıdakı məsələlər müzakirə olunub:
— Strateji əməkdaşlığın genişləndirilməsi məsələləri;
— Hərbi sahədə əməkdaşlığın inkişafı;
— Birgə hərbi təlimlər;
— Təcrübə mübadiləsi;
— Əfqanıstanda İSAF çərçivəsində qazanılan təcrübənin bölüşdürülməsi, İSAF qoşunlarının çıxarılması zamanı Azərbaycan və Gürcüstanın tranzit dəstəyinin əlaqələndirilməsi;
— Azərbaycanın müdafiə sənayesinin inkişafında iştirak.
Qeyd edək ki, Alasaniya Bakıda Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovla görüşü nəticəsində ekspertlər qrupunun yaradılması və birgə layihələr üzrə işə başlanılması qərarına gəlinib. Bundan əvvəl İ.Alasaniya və Səfər Əbiyev 2013-cü il üçün müdafiə sahəsində əməkdaşlıq planını imzalayıblar.
Azərbaycan — Gürcüstan arasında 2013-cü il üçün hərbi əməkdaşlıq nə vəd edir? Araşdırmalar onu deməyə əsas verir ki, Rusiyanın hərbi-siyasi təzyiqlərindən ortaya çıxan Gürcüstanın çətin iqtisadi və maliyyə durumu, gürcü silahlı qüvvələrində maddi-texniki təminat prosesində üzə çıxan problemlər Tbilisini strateji tərəfdaşlıqda olduğu imkanlı qonşularına — Türkiyə və Azərbaycana müraciət etməyə vadar edib. Məlumatlar onu deməyə əsas verir ki, yaxın 6 ay ərzində Tbilisi və Bakı arasında hərbi əməkdaşlığın daha da dərinləşməsinə səbəb olacaq bir neçə sənəd imzalanacaq.
Xatırladaq ki, tərəflər arasında hərbi sahədə əməkdaşlıq haqqında ilk saziş 2002-ci il dekabrın 16-da Tbilisi şəhərində imzalanıb. 12 maddədən ibarət sənədi Azərbaycan tərəfindən müdafiə naziri Səfər Əbiyev, Gürcüstan tərəfindən isə o vaxtkı müdafiə naziri general-leytenant D.Tevzadze imzalayıb. Sənəd 1996-cı ilin 8 mart tarixində Tbilisi şəhərində imzalanmış «Azərbaycan Respublikası və Gürcüstan arasında əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə»nin məqsəd və prinsiplərini rəhbər tutur.
Hərbi mənbələrdən verilən məlumata görə, 2013-cü il üçün imzalanmış plan 2002-ci ildə imzalanmış sazişdən ilham alır və aşağıdakı bir çox məsələləri əhatə edir:
— Hərbi quruculuq, hərbi islahat və silahlı qüvvələrin idarə olunması sahələrində təcrübə mübadiləsi;
— Hərbi-texniki, hərbi-iqtisadi, hərbi-elmi və hərbi-hüquqi fəaliyyətlər;
— Hərbi təhsil və kadrların yenidən hazırlanması;
— Hava hücumundan müdafiə sahəsində əməkdaşlıq;
— Tərəflər üçün məqbul olan sifariş sisteminə, silahların və hərbi texnikanın nümunələrinin nomenklaturasına, hərbi-texniki sənədləşməyə keçmə üzrə fəaliyyət;
— Silahlı Qüvvələrin standartlaşdırma, sertifikatlaşdırma və metroloji təminatı sahələrində qarşılıqlı fəaliyyət;
— NATO-nun «Sülh Naminə Tərəfdaşlıq» Proqramı çərçivəsində keçirilən tədbirlərdə iştirak üçün birgə fəaliyyət; Sülhü dəstəkləmə və humanitar əməliyyatlar;
— Hərbi-mülki əməkdaşlıq və mülki fövqəladə planlaşdırma;
— Beynəlxalq terrorizmə qarşı mübarizə;
— Neft və qaz kəmərlərinin qorunması üzrə ikitərəfli və çoxtərəfli təlimlərin keçirilməsi.
— Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin təhlükəsizliyinin təmin olunması işində əməkdaşlığın və səylərin əlaqələndirilməsi və gücləndirilməsi;
Alasaniyanın Azərbaycanın müdafiə sənayesi naziri Camalovla görüşündə isə aşağıdakı məsələlər üzrə ümumi razılaşmanın əldə olunduğu deyilir:
— Müdafiə sənayesi layihələrində birgə iştirak üzrə ekspertlər qrupunun yaradılması;
— Silahlar və hərbi texnikanın işlənib hazırlanması, istehsalı, təchizatı, istismarı, modernləşdirilməsi və təmiri üzrə müəssisələrin inkişafına hərbi-texniki yardım;
— Hərbi istehsalın rasional konversiyasına texniki yardım göstərilməsi;
— Lisenziya əsasında və ya investisiyalar cəlb olunmaqla hərbi-texniki əmlakın istehsalının təşkili;
— Hərbi texnika, silah ticarətində və birbaşa təchizatın təşkilində güzəştli şərtlərin yaradılması; informasiya yardımının göstərilməsi və s.
İlkin məlumatlara görə, qeyd edilən istiqamətlərdə sənədləşmə işlərinin aparılması xüsusi ekspertlər qrupunun boynunda olacaq və təxminən yay aylarında tərəflər arasında müdafiə sənayesi sahəsində birgə əməkdaşlığa dair sənəd imzalanması mərasiminin baş tutacağı ehtimalı var.
Müstəqil hərbi ekspertlərin qiymətləndirmələrinə görə, yaxın perspektivdə planda əksini tapan razılaşmaların müəyyən qisminin reallaşması isqitamətində addımlar atılması mümkün görünür. Onlar hesab edirlər ki, əməkdaşlığın uğurlu olması Tbilisinin Yerevanla münasibətlərinin gələcəyindən asılı olacaq.
Xatırladaq ki, Gürcüstan SSRİ dövründə müdafiə sənayesi baxımından müəyyən imkanlara malik ölkələrdən hesab olunub. Lakin SSRİ dağıdıqdan sonra iqtisadi problemlər səbəbindən bu ölkənin müdafiə sənayesi dağılmaq təhlükəsi ilə üz-üzə qaldı. Yalnız son illər ərzində Tbilisi müdafiə sənayesinin inkişafı üçün ciddi cəhdlər göstərir. Artıq 2011-ci ildə bunun aydın işartıları görünməyə başladı. Belə ki, 2011-ci ilin may ayının 27-də Rustaveli prospektindəki hərbi parad zamanı Gürcüstan Silahlı Qüvvələri Gürcüstanda yaradılan yeni hərbi texnikanı nümayiş etdiriblər. Gürcü «Didqori» (gürcülərin tarixlərində ən böyük hərbi qələbə qazandıqları yerin şərəfinə adlandırılıb) zirehli transportyorları paradın ən böyük yeniliyi olub. Gürcüstanın Müdafiə Nazirliyi bəyan edib ki, hərbi maşınlar yaradılarkən hərbi sənayenin bütün yenilikləri nəzərə alınıb. «Didqori» Gürcüstanda tank zavodunda yığılıb.
Bu ilin fevral ayının əvvəllərində Gürcüstan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin sədri İrakli Sesiaşvili bildirdi ki, Azərbaycan Gürcüstanın «Lazika» və «Didqori» döyüş maşınları ilə maraqlanır. Onun sözlərinə görə, hazırda müxtəlif sifarişlər üzərində iş gedir: «Bu mərhələdə müxtəlif növ sifarişlər üzərində intensiv iş aparılır və bu, çox vacib məsələdir. Qeyd etmək lazımdır ki, bu günə qədər dövlət bu istiqamətdə, ümumiyyətlə, çalışmayıb və daxili bazar ilə kifayətlənib. Bu mərhələdə Cənubi Koreya, Azərbaycan və bir neçə başqa ölkələr maraq göstəriblər. Bizim tərəfimizdən əsas odur ki, sifarişlər üzərində iş zamanı bütün detallar düzgün hesablansın.»
Gürcüstan müdafiə nazirinin məsləhətçisi Vako Avaliani söyləyib ki, Müdafiə Nazirliyi «Delta» hərbi texnikasının istehsalı üzrə müəssisəni müasirləşdirməyi planlaşdırır. Onun sözlərinə görə, «Lazika» və «Didqori» daha da mükəməlləşdiriləcək. Məlumatlı mənbələrdən verilən məlumata görə, Gürcüstan tərəfi müdafiə sənayesinin inkişafı prosesinə Azərbaycanı cəlb etmək fikrindədir. Belə ki, Tbilisi istəyir ki, hazırda davam edən və eyni zamanda, gələcəyə planlaşdırılan hərbi sənaye layihələrinə Azərbaycan sərmayəsini cəlb etsin. Eyni zamanda Gürcüstan Bakıda həyata keçirilən layihələrə ekspert və mütəxəssis dəstəyini vermək niyyətindədir.
Hərbi əməkdaşlıqda problemlər
Ümumilikdə, 2009-cu ildən bu yana Azərbaycan və Tbilisi arasında müdafiə sənayesi istiqamətində əməkdaşlığın daha da irəlilədiyini güman etmək olar. Bu prosesdə rəsmi Bakının Yerevanla olan münasibətlərinin Tbilisi tərəfindən nəzərə alınmasını tələb etməsi də diqqət çəkir. Xatırladaq ki, 2007-2009-cu illərdə rəsmi Bakının israrlı təkidindən sonra Tbilisidəki hərbi zavodlarda Ermənistan ordusuna məxsus tank və digər zirehli texnikanın, aviasiyanın təmirinin dayandırıldığı barədə məlumat yayılmışdı. Rəsmi Bakı bunun əvəzinə Tbilisiyə müdafiə sənayesi sahəsində birgə əməkdaşlıq təklif edirdi. Belə ki, tərəflər Tbilisidəki tank və aviasiya təmiri zavodlarının müasirləşdirilməsi ilə bağlı birgə fəaliyyət göstərilməsinə dair ilkin razılığa gəlmişdilər. Razılaşma həmçinin yaxın gələcəkdə Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan tank və aviasiya növlərinin Tbilisidəki aviasiya və tank təmiri zavodlarında təmirini də nəzərdə tuturdu. Azərbaycan Müdafiə Nazirliyi tank xidməti rəisi polkovnik Sakit Verdiyevin rəhbərlik etdiyi ekspert qrupunun 2009-cu il mart ayının 10-12-də Gürcüstana 3 günlük səfəri məhz bu istiqamətdə razılaşmanın əldə olunmasına yönəlmişdi.
Tbilisidəki tank təmiri zavodu 2005-ci ilin fevralında Gürcüstan Müdafiə Nazirliyinin mülkiyyətinə verilib. Tbilisidə yerləşən bu zavod Rusiyanın Cənubi Qafqazdakı qoşunlar qrupunun sərəncamında idi. Elə 2004-2005-ci illərdə Gürcüstan və RF qoşun qrupunun komandanlığı zirehli texnikanın təmirini Azərbaycan ordusuna təklif etmişdi. Lakin onda Bakı düşmən Yerevana göstərilən xidməti əsas gətirərək bundan imtina etmişdi. Nəhayət, 2008-ci ilin avqust hadisələrindən sonra Rusiya ilə münasibətləri kəsən və Ermənistan tərəfdən həmişə təhlükə gözləyən Gürcüstan qeyd edilən məsələdə Bakının şərtlərini qəbul etdi. Gürcüstan tərəfi Tbilisidəki təmir zavdolarında Ermənistan ordusuna məxsus silah və hərbi texnikanın təmir edilməyəcəyini vəd etdi. Bundan sonra müdafiə sənayesi əməkdaşlığında hiss ediləcək dəyişiklik oldu.
2011-ci ilin avqustunda Gürcüstan Müdafiə Nazirliyinin hərbi sənayeyə cavabdeh qurumu «Delta» Hərbi-Elmi Texniki Mərkəzinin direktorunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəldi. Səfər çərçivəsində Gürcüstan nümayəndə heyəti Müdafiə Sənayesi Nazirliyinin bir sıra müəssisələrinə baş çəkdi, istehsal prosesi və Azərbaycan müəssisələrində istehsal edilmiş müdafiə təyinatlı məmulatlarla tanış oldu. Qeyd edək ki, Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən mərkəzə «Tiflis Aviasiya Zavodu» da olmaqla bir sıra müəssisələr daxildir.
Proqnozlar
Bir sıra məlumatlara görə, tərəflər hazırda yaxın gələcək üçün Gürcüstan və Azərbaycanın müdafiə sənayesinin kooperasiyası istiqamətində aşağıdakı addımları atmaq niyyətindədirlər:
— birincisi, Gürcüstandakı hərbi təyinatlı (tank və aviasiya) zavodların tam işlək vəziyyətə düşməsi üçün Bakı və Tbilisinin birgə səy göstərməsi;
— ikincisi, zirehli texnikanın, bir sıra avadanlıq və detalların hazırlanması üçün Azərbaycan müdafiə sənayesi obyektlərinin imkanlarının artırılması;
— üçüncüsü, Gürcüstan Silahlı Qüvvələri üçün zəruri olan detalların Azərbaycan mövcud müdafiə sənayesi kompleksi tərəfindən təmin edilməsi.
Beləliklə, yaxın gələcək üçün Azərbaycan və Gürcüstan müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirməyə qərar veriblər. Aşkar müşahidə olunan durum budur ki, bu proses Qərb tərəfindən dəstəklənir. Qərbdə hesab edirlər ki, Azərbaycan və Gürcüstanın müdafiə sənayesi komplekslərinin inkişaf etməsi Cənubi Qafqazı regionda hərbi sənaye mərkəzinə çevirə bilər ki, bu da postsovet məkanının Rusiyadan hərbi sənaye baxımından asılılığına son qoya bilər. Bu isə bölgə dövlətlərinin qısa zaman kəsiyində NATO-nun silah və hərbi texnika standartlarına uyğunlaşdırılmasına yardım edəcək.
Müşahidə olunan odur ki, Gürcüstan Azərbaycanla daha sıx hərbi əməkdaşlıq münasibətinin qurulmasını arzulayır. Belə ki, Alasaniya Bakıya səfərindən sonra bəyan etdi ki, 2014-cü ildə keçiriləcək Gürcüstan-ABŞ birgə hərbi təlimlərinə Türkiyə və Azərbaycan da qoşula bilər. Onun sözlərinə görə, Gürcüstan Müdafiə Nazirliyi gələn il briqada səviyyəsində təlimlər keçirməyi planlaşdırır.
«Bununla əlaqədar biz ilk növbədə ABŞ tərəfi ilə danışıqlar aparırıq. Çox güman ki, bu təlimlərə region ölkələri də qoşulacaq. Təbii ki, biz bunu gizlətmirik, bizim Türkiyə və Azərbaycanla xüsusi hərbi əməkdaşlığımız var. Biz artıq üçtərəfli danışıqlar aparırıq, birgə qərargah təlimləri keçirmişik. Buna görə də güman edirik ki, əgər iştirakçıların coğrafiyası genişlənməli olsa, bu ilk növbədə Türkiyə və Azərbaycanın hesabına olacaq».
Ekspertlərin sözlərinə görə, Türkiyə, Gürcüstan və ABŞ-la birgə hərbi təlimlərdə iştirak etmək Azərbaycanın milli təhlükəsizlik maraqlarına cavab verməklə yanaşı, eyni zamanda, Silahlı Qüvvələrin taktiki hazırlığının möhkəmlənməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 518