Muəllif:

Samir Piriyev: «İstərdim toylar 1-2 saat çəksin»

Samir Piriyev səsi ilə özünü ölkədən kənarda, məsələn, Türkiyədə tanıda bilib. Hər halda, belə düşünmək olar, çünki son illər yaradıcılıq işlərini məhz Türkiyədə həll edir və nələri olsa onu yerli tamaşaçısı ilə yanaşı, Türkiyə auditoriyasına da təqdim etməyə çalışır. Deyir ki, onun səsinə orada maraq var. Belə bir planı var ki, hər iki ölkə musiqiçilərinin iştirakı ilə müştərək bir layihə hazırlasın. Deyir ki, bu layihə ilə izləyicilərin zövqünə xidmət edəcək. Bu barədə deyir:
— Şou-biznesin belə bir layihəyə ehtiyacı var. Nə edirəmsə, səviyyəli şəkil alır. Mən hələ bu günə qədər yaradıcılığımda elə hərəkət etməmişəm ki, tamaşaçının gözündən düşəm və ya kimsə mənim səsimdən, sözümdən yorulsun. Çox şükür ki, hələ mənə heç kəs «sən bizi bezdirmisən» deməyib.
— Bəs sizin bir tamaşaçı olaraq efirdə gözünüzü yoran həmkarınız var?
— Mən adətən kimisə efirdə çox və mənasız şəkildə görəndə, sadəcə, kanalı dəyişirəm.
— Bu vaxta qədər hansısa həmkarınız ilə qalmaqalınız olub?
— Nəinki özümü reklam etmək, heç «məqsədyönlü qalmaqal»larım, yaxud «doğruçu qalmaqal»larım da olmayıb.
— Bəs, neçə yaşda sənətdən ayrılmaq istərdiniz?
— Bir müddət uzaqlaşmışdım sənətdən. Amma gördüm ki, boğuluram, xəstələnirəm. Daxilimdə olan musiqi sevgisi mənə qalib gəldi.
— Şou-biznesdə nəyi dəyişmək istərdiniz?
— İnanırsız, bu sual lap ürəyimdən xəbər verdi. Ümumiyyətlə, istərdim ki, toylar bir-iki saat çəksin. Gəlib toyda səhərdən axşama kimi oynamasınlar, axşam masalara israfçılıqla düzülən yeməkləri yeyib, gedib evdə mədələrinin ağrısını çəkməsinlər. Bütün bunlar səhhətə ziyandır. Cavanları, bəlkə də, anlamaq olar, amma bir də görürsən yaşlı adamlar 6-7 saat oynayır, ifrat dərəcədə yeyirlər. Çox görmüşəm toydan sonra xəstəxanaya gedənləri. Ona görə də, məncə, toyların vaxtı və təqdim olunan qidalar məhdudlaşsa, çox gözəl olar.
— Konsertləriniz görünmür, səbəbi maddi çətinlikdir, yoxsa tamaşaçı qıtlığı?
— Bilirsiniz, bizim tamaşaçı yad ulduzlara daha çox dəyər verir, nəinki bizə. Bizi özlərinə əl çatan bildikləri üçün keçirəcəyimiz konsertlərə bilet almağı bizə çox görürlər. Amma başqa ölkənin az tanınan birisi belə gəlsə, o konsertə çox baha qiymətə bilet əldə edirlər. Bu, məni, əlbəttə ki, incidir. Ona görə də mən tərəfdən heç bir konsertdən söz ola bilməz. Hətta bir nömrə Aygün Kazımova və bir çoxları da keçirdikləri konsertdən, əminəm ki, ziyanla çıxıblar. Mənim prestij üçün konsert vermək fikrim yoxdur.
— Özünüz haqda yalan şayiə eşitmisiniz?
— Şayiə qalsın bir yana, hələ həmkarlarımın bəziləri məni axtaran toy yiyələrinə deyirlər ki, gah Samir Bakıda yaşamır, gah Türkiyəyə köçüb. Hələ deyirlər ki, guya Samirin səsi batıb, oxuya bilmir. Bütün bunları toyları əlimdən almaq üçün edirlər. Paxıllıq çox pis xəstəlikdir. Allah onlara şəfa versin.
— Siz plastik və estetik əməliyyat keçirən kişi ifaçılar siyahısında varsınız, yoxsa yox?
— (Gülür) Mən o plastik əməliyyat keçirən həmkarlarıma demək istəyirəm ki, insan hər halı ilə gözəldir. O, əsas vermir ki, sən səhnə adamısansa, mütləq plastik əməliyyat etdirib özünü min cildə salmalısan. Bəzi qadın sənətçilərimiz var ki, məndən inciməsinlər, onları görəndə elə bilirəm, əvvəl kişi olublar, sonra qadına çevriliblər. Plastik əməliyyatla gözəlləşmək əvəzinə, eybəcərləşirlər. Başqa ölkələrin o qədər yaraşığı olmayan, amma çox sevilən minlərlə sənətçiləri var ki. Məsələn, Kibariyyə, Sertap Erener, İşın Karaca, Mark Entoni və bir çoxları. Onlar plastik əməliyyat etdirməyiblər, sevilmirlər ki?

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 418