Muəllif:

«Qış bazarlığı»:

Futbol üzrə Azərbaycan çempionatında qış fasiləsi başlar-başlamaz klublar heyətinə əl gəzdirməyə başladı. Bu aylarda klublar həm heyətdəki «arzuolunmaz futbolçular»dan canını qurtarır, hə də yeni oyunçularla anlaşır. Doğrudur, «transfer pəncərəsi»nin rəsmən açılmasına, keçidlərin qeydiyyata salınmasına hələ vaxt var. Lakin klublar xidmətlərində maraqlı olmadığı futbolçuları artıq müəyyən ediblər. Bu baxımdan, sözsüz ki, gələcək taleyini aydınlaşdırmalı olan futbolçular arasında gedənlərin sayı daha çoxdur.
Yola salınan futbolçuların sayına görə, «Turan» qalan digər klublar arasında öndə gedir. Tovuz komandası birdən-birə 10 futbolçusuna «qapını göstərib». Bunlar Hafiz Əliyev, İvan Qrabovaç, Marius Kazlauskas, Antonio Rukavina, Aleksandr Kurtskeviç, Nuqzar Kvrtiya, Ruslan Zubkov, Fərid Quliyev, Ender Günlü, Salif Ballodur. Hərçənd baş məşqçi postunda Əsgər Abdullayevi əvəzləyən Əfqan Talıbov bu futbolçularla uğurlu nəticələr əldə edirdi. Hətta Tovuz klubu nəzəri cəhətdən ilk «altılığ»a düşmək şanslarını saxlayır. Lakin bununla belə, klub əksər futbolçularla vidalaşmaq qərarına gəlib. Bu futbolçulardan bəziləri artıq hansı klubda oynayacaqlarını müəyyənləşdiriblər. Məsələn Ruslan Zubkovun yazda AZAL-ın formasını geyəcəyi bəllidir. Afrikalı Salif Ballonun isə «Qəbələ»yə keçidi gündəmdədir.
Çempionatda uğursuz çıxış edən və ilk «altılığ»a düşmək şanslarını faktiki olaraq itirən «Rəvan» isə 5 futbolçu ilə yollarını ayırır. Klub Amit Quluzadə, Nemanya Vidakoviç, Ekrem Hodziç, Davud Kərimi, Fransis Bossmanla vidalaşmaq qərarına gəlib. Çempionata çox yaxşı başlayan, lakin uğurlu çıxışın davamını gətirə bilməyən AZAL-ın isə 4 futbolçunu kənarlaşdıracağı gözlənilir. Komandası üçün yararsız olan futbolçular Yasin Abbasov, Aqil Nəbiyev, Etibar Şahmərdanov və Artur Patraşdır. Qeyd edək ki, Aqil Nəbiyevin öz gələcəyini «Bakı» ilə bağladığı artıq məlumdur. Yeri gəlmişkən, iddiaları ilə turnir vəziyyəti heç cür uyuşmayan «Bakı»da da gedənlər var. Baş məşqçinin komandasında görmək istəmədiyi futbolçuların sayı hələ ki ikidir — Vangelis Mantsios və Leandro Beserra. Amma paytaxt komandasından yola salınanların sayı arta da bilər.
Bu komandalardan fərqli olaraq çempionatda uğurla çıxış edən və «İnter»də də yola salınanlar var: Nizami Hacıyev, Arafat Cako, Haynts Barmettler.
Digər qalan komandalardan heyəti tərk edəcək futbolçuların sayı o qədər də çox deyil. Məsələn, «Qarabağ»ın Mustafa Səlim, «Simurq»un Nenad Stoyanoviç, «Xəzər Lənkəran»ın Kamal Bayramov, «Sumqayıt»ın Murad Doymuş, «Bakı»nın Nenad Kovaçeviç, «Neftçi»nin Rodriginyo və Saşa Yunisoğlu ilə yollarını ayıracağı məlumdur.
Yeni transferlərə gəlincə, bu sahədə hələ ki sakitlikdir. Əlbəttə, bir neçə gün əvvəl «Neftçi»nin braziliyalı Denis Silvanı və «Xəzər Lənkəran»ın Gökhan Güləci transer etməsini nəzərə almasaq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 114