Nazirlər kabineti həmçinin 8 ölkədən onlarla şirkət və 1 fiziki şəxsə qarşı sanksiya tətbiq etmək qərarına gəlib
Yaponiya hökuməti anti-Rusiya tədbirləri çərçivəsində Rusiyadan olan 11 fiziki şəxs, 51 hüquqi şəxs və 3 banka, həmçinin 8 ölkədən onlarla şirkət və 1 fiziki şəxsə qarşı sanksiya tətbiq etmək qərarına gəlib. AYNA xarici mediaya istinadən bildirir ki, müvafiq qərarları Yaponiya Nazirlər Kabineti tərəfindən verilib.
Bundan əlavə, Rusiya Federasiyasına sənayedə istifadə olunan kapsaisinin və 335 növ malın, o cümlədən xüsusi texnika, kiçik motosiklet və alətlər üçün hissələrin ixracı qadağan edilib.
Xüsusilə, tədbirlər “Alrosa”nın baş direktoru Pavel Marinyçevin, “Rostec” Dövlət Korporasiyasının baş direktorunun birinci müavini Vladimir Artyakov, “PSV Technologies” rəhbəri Sergey Petrov, “CMRBank”ın vitse-prezidenti Dmitri Nikulin, “Novelco” logistika şirkətinin baş direktoru Qriqori Qriqoryevin aktivlərinin dondurulmasını nəzərdə tutur.
Bu tədbirlərin təsirinə məruz qalan təşkilatlara Moskva İstilik Mühəndisliyi İnstitutu, “NPO Mashinostroeniya”, Aleksinski Kimya Zavodu, KB Turbina, Ümumrusiya Elmi Tədqiqat Radiotexnika İnstitutu, “Vımpel” Dövlətlərarası Səhmdar Korporasiyası, “Mari” Maşınqayırma Zavodu, və “Almaz-Antey” konserninin bir hissəsi olan “Granit” müəssisəsi, Klimovski İxtisaslaşdırılmış Kartuş Zavodu, Kazan və Tambov Barıt Zavodu, Radio Naviqasiya İnstitutu, eləcə də digər şirkətlərdir.
Sanksiyalar “CMRBank”, “RFK Bank” və “Timer Bank”a şamil edilir. Eyni zamanda, Violetta Priqojina da daxil olmaqla 8 nəfər sanksiya siyahısından çıxarılıb.
Rusiyadan daha 22 şirkət və təşkilatın ixracına məhdudiyyətlər tətbiq edilir. Eyni tədbirlər Çin (18), BƏƏ (1), Qazaxıstan (1), Qırğızıstan (2), Tailand (1) və Türkiyədən (8) ümumilikdə 31 şirkətə şamil edilir. Bundan əlavə, aktivlərin dondurulması bir Şimali Koreya vətəndaşına, eləcə də Gürcüstanın “MRB Bank”ına aiddir.