Vətəndaş həm birbaşa vergi ödəyir, həm də dolayısı ilə, amma fərqinə varmır

İqtisadiyyat

17.07.2019 - 10:06

Ekspert: “Birbaşa vergiləri vətəndaş özü ödəyir, amma dolayı vergi hesabından hiss edilmədən çıxır”

 

Vergilər Nazirliyi 2019-cu ilin yanvar-may aylarında vergi daxilolmaları barədə məlumat yayıb. Məlumatda bildirilir ki, cari ilin yanvar-may aylarında vergi daxilolmalarının artım tempi (8,3 faiz) ÜDM-in nominal artım tempini (2,8 faiz), qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının artım tempi isə (16,1 faiz) sektorda ÜDM-in nominal artım tempini (7,7 faiz) üstələyib.

 

2019-cu ilin yanvar-may aylarında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 3 milyard 139,3 milyon manat vergi səfərbər edilib. Proqnoza 110,1 faiz əməl olunub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz və ya 239,9 milyon manat çox vəsait toplanıb.

 

Ödənilən vergilərin 69 faizi qeyri-neft-qaz sektorunun, 31 faizi neft-qaz sektorunun payına düşüb. Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının artımı proqnoza nisbətən 13,8 faiz, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 16,1 faiz (299,7 milyon manat) təşkil edib.

 

Cəmi vergi daxilolmalarında qeyri-dövlət sektorunun xüsusi çəkisi 76,8 faizə yüksəlib. Qeyri-neft-qaz sektorunun özəl bölməsındən vergi ödəmələri 17,6 faiz artıb, onun qeyri-neft-qaz sektorundan vergi daxilolmalarda xüsusi çəkisi 77,3 faizə, cəmi vergi daxilolmalarında xüsusi çəkisi 53,3 faizə çatıb.

 

2019-cu ilin yanvar-may aylarında regionlardan vergi daxilolmaları 18,6 faiz artıb, regionların ümumi vergi daxilolmalarında xüsusi çəkisi 9,8 faizə yüksəlib. Cari ilin iyun ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz artaraq 452.242 təşkil edib. Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 40 faiz artaraq 21.394-ə çatıb.

 

Bu dövrdə hüquqi şəxs olan aktiv ƏDV ödəyicilərinin sayı 33,9 faiz artaraq 17.610-a, fiziki şəxs olan aktiv ƏDV ödəyicilərinin sayı 78,2 faiz artaraq 3784-ə çatıb. 2019-cu ilin 1 iyun tarixinə aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,2 faiz artaraq 145.377-ə çatıb.

 

Son statistik göstəriciləri AYNA-ya şərh edən maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənovun sözlərinə görə, vergi hesabatlığı barədə cəmiyyətə tam açıqlama verilmədiyi üçün, qeyd olunan rəqəmlərin həqiqətə nə dərəcədə uyğun olduğunu söyləmək çətindir: “Məsələn, məlumat yayırlar ki, vergi yığımı artıb. Hansı vergi növü üzrə? Axı müxtəlif vergi növləri var. Məsələn, gəlir, mənfəət, torpaq, əmlak, sadələşdirilmiş və başqaları. Bunlar konkret deyilmədiyi üçün hesablamaq və ya müqayisə etmək çətindir”.

Təranə Xudabaxşiyeva