Unudulmuş sərəncam və ya qeyri-təvazökar müqayisələr

Cəmiyyət

10.09.2019 - 12:27

Rafiq İsmayılov: “Biz bir qrup mütəxəssislə üç dövlət qurumuna tapşırılmış vəzifəni yerinə yetirdik”

 

2013-cü il aprelin 9-da Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiq olundu. Sərəncamda 2013-2020-ci illərdə bu istiqamətdə çox vacib tədbirlərin həyata keçirilməsi nəzərdə tutulurdu. Gələn il Proqrama ayrılmış müddət bitir. Yəqin ki, indidən onun icra səviyyəsi haqqında bəzi fikirlər söyləmək olar.

 

AYNA əməkdaşı mövzu ətrafında filologiya üzrə fəlsəfə doktoru, “Altun-kitab” nəşriyyatının direktoru Rafiq İsmayılovla həmsöhbət olub.

 

- Rafiq müəllim, adıçəkilən Dövlət Proqramında “qloballaşma şəraiti”, “zamanın tələblərinə uyğun” kimi ifadələr işlədilir. Yəqin, bu, Proqramın icraçılarından tələb edir ki, Azərbaycan dili və dilçiliyinə dünyada linqvistika sahəsində baş verən yeniliklər kontekstində yanaşsınlar. Ümumiyyətlə, dünyada bu sahədə nə baş verir?

 

- Əvvəla, onu deyim ki, linqvistika daha əvvəlki ənənəvi dilçilik deyil. Onun mahiyyətində kommunikativ yanaşma durur, yəni o, dili ünsiyyət vasitəsi kimi öyrənir və dilin bu imkanlarını genişləndirməyə çalışır. Dilin əsasını təşkil edən fonetik, leksik, qrammatik vasitələr daha çox semiotik işarələr sistemi kimi nəzərdən keçiriir. Bu isə dilçilikdə riyazi modelləşdiməyə gətirib çıxarır.

 

Təsəvvür edin ki, bu gün bir çox müzakirələrin mövzusu olan süni intellektin yaradılmasında riyazi-linqvistik araşdırmaların böyük rolu var. Belə baxanda, olmalıdır da. Bu robotu yaradandan sonra onunla danışmaq lazımdır, ya yox? Dildən yaxşı ünsiyyət vasitəsi var? Ona görə də kompüter linqvistikası durmadan inkişaf edir, dillərin riyazi modelləşdirilməsi aktual məsələyə çevrilir. Kompüter linqvistikasının inkişafı korpus linqvistikasına, avtomat tərcümənin, nitqin tanıdılmasının təkmilləşdirilməsinə də yol açır.

 

Digər tərəfdən, Marsı fəth etməyə hazırlaşan İlon Mask iddia edir ki, insanların beyninə balaca bir çipi yerləşdirməklə onlara istənilən dili bir neçə saniyəyə mənimsətmək mümkün olacaq. Mask kimi passionar şəxslərin sözlərini isə qulaqardına vermək olmaz.

 

- Belə başa düşdüm ki, bu gün dünyada linqvistika informatika ilə sıx inteqrasiyada inkişaf edir. Bu sahənin mütəxəssisi olmasam da, yaxın zamanda bizim bu səviyyəyə çatacağımız məndə böyük şübhə doğurur.

 

- Doğrudan da, bunu görmək üçün nə linqvist, nə də proqramçı olmağa ehtiyac var. Orfoqrafiya qaydaları və ya dilimizə yeni sözlərin daxil olması ilə bağlı mətbuatda gedən çəkişmələri izləmək kifayətdir. 15 ildir, dilçilərimiz ictimaiyyəti razı sala biləcək bir orfoqrafiya lüğətini ərsəyə gətirə bilmirlər. Kimsə ağıllı görkəmlə quyuya bir daş atır, qalanları da (içi mən daxil olmaqla) eyni görkəmlə müzakirə edir ki, bu daş quyuda qalsın, yoxsa onu çıxaraq, əgər çıxarırıqsa, necə çıxaraq. Və bütün bu müzakirələr “Dilimiz milli varlığımızdır” kimi patetik cümlələrlə müşayiət olunur.

 

Orfoqrafiya lüğəti, sadəcə, sözlərin düzgün yazılışını əks etdirir. Mən təsəvvür edirəm, növbə izahlı, terminoloji və etimoloji lüğətlərə çatanda nə baş verəcək. Söhbət heç də ondan getmir ki, biz bir neçə ilə kompüter linqvistikası sahəsində Qərbin zirvə standartlarına çataq. Əgər bu gün bizim təbii intellektimiz süni intellekt yaratmağa imkan vermirsə, heç olmasa, bu haqda düşünməliyik, buna uyğun yolumuzu, strategiyamızı müəyyənləşdirməliyik. Ən azı korpus linqvistikamızı yaratmalıyıq.

 

- Bayaq da bu termini işlətdiniz. Nə deməkdir korpus linqvistikası?

 

- Leksikoqraflar bilirlər ki, hər bir lüğət layihəsi kartotekanın yaradılmasından başlayır. Kartotekada istənilən sözün işlənməsinə dair müxtəlif mənbələrdən nümunələr toplanır. Sözün mənası həmin nümunələrdəki kontekstə görə izah olunur. Əvvəllər “kartoteka” dediyimiz həmin baza bu gün lüğət korpusu adlanır: dil materialının müvafiq proqram texnologiyaları ilə idarə olunan elektron bazası. Bu məsələ dilçilik üçün o qədər vacibdir ki, lüğət korpusunun yaradılması və müxtəlif məqsədlərlə istifadə olunması haqda ayrıca dilçilik sahəsi yaranıb: korpus linqvistikası. Xüsusi proqramlar vasitəsilə etibarlı mənbələrdən (ilk növbədə, internet resurslarından) on milyonlarla cümlə, sitat toplanıb bazaya daxil edilir ki, burada hər bir sözə, frazeoloji ifadəyə, sintaktik konstruksiyaya aid yüzlərlə nümunə səliqə ilə təsnif olunur. Korpus linqvistikası statistik yollarla müəyyən edir ki, hansı söz okkazionalizmdir və onu lüğətə salmağa ehtiyac yoxdur, hansı söz neologizmdir və lüğətdə əks olunmalıdır.

 

Kompüter texnologiyalarının tətbiqi hesabına müxtəlif xalqlar çox böyük lüğət korpusları yaradıblar və daim onu zənginləşdirirlər. Məsələn rus dilinin lüğət korpusu 283 milyon söz istifadəsindən ibarətdir və XI əsrdən bu yana on minlərlə bədii və elmi əsərləri əhatə edir.

 

- Axı niyə korpus bu qədər vacibdir? Məsələn, müəyyən bir sözün hansı nitq hissəsinə aid olunmasında lüğət korpusunun nə rolu var?

 

- Yadınızdadırsa, bir il əvvəl orfoqrafiya qaydaları müzakirə olunarkən xeyli mübahisə getdi ki, iki “y” ilə yazılan sözlər indi bir “y” ilə yazılsın, ya yox. Elmi ictimaiyyət özünü yeyib-tökdü, hərə bir arqument gətirdi. Halbuki lüğət korpusu olan cəmiyyətlərdə bu məsələ çox sadə həll olunur: bir-iki düyməni basmaqla həmin sözlər korpusdan çıxarılıb ortaya qoyulur və oradakı yazılışa uyğun qərar verilir. Bu gün normal elmi cəmiyyətlərdə dil normalarında inqilab etmək heç kimin ağlına belə, gəlmir. Dilin orfoqrafiyasını sadələşdirmək lazım gəlsəydi, bunu elə birinci ingilislər edərdilər. Hamı başa düşür ki, dilçiliyin vəzifəsi dildə olan qanunauyğunluqları aşkar etmək, sözlərin yazılışını, deyilişini fiksasiya etməkdir. Lüğət korpusu bu vəzifəni effektli şəkildə həyata keçirməyə imkan verir.

 

- Bəs orfoqrafiyası və orfoepiyası hələ sabitləşməmiş, yəni dilimizə yenicə daxil olan alınma sözlər? Əgər mötəbər mənbələrdə bu sözlər işlənməyibsə, lüğət korpusu necə kömək edə bilər?

 

- Bax bu yerdə köməyə qaydalar, standartlar gəlir. Elə sözügedən Dövlət Proqramında da maddələrdən biri milli transliterasiya standartlarının hazırlanmasını nəzərdə tutur. Amma bu standartların hazırlanmasında da lüğət korpusu baza rolunu oynaya bilər. Məsələn, korpusun “Alınma sözlər” kateqoriyasında “İngilis dilindən alınma sözlər” düyməsini basırsınız və minlərlə söz əsasında ingilis mənşəli sözlərin Azərbaycan dilinə orfoqrafik adaptasiyası qaydalarını hazırlayırsınız.

- İstəyirdim, Dövlət Proqramının 6.4.2. maddəsindən danışaq: “Azərbaycan dilinin təkmilləşdirilmiş yeni orfoqrafik, izahlı, frazeoloji, terminoloji, tərcümə, ensiklopedik və tezlik elektron lüğətlərinin hazırlanması”. Amma belə çıxır ki, lüğət korpusumuz yaradılmayıbsa, bu maddə haqqında danışmağın mənası yoxdur.

 

- Bu maddədə söhbət mövcud lüğətlərin təkmilləşdirilməsindən və onların əsasında elektron lüğətin hazırlanmasından gedir. Həmin maddənin icrası, səhv etmirəmsə, AMEA-ya, Təhsil Nazirliyinə və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tapşırılmışdı. Bu qurumlar tərəfindən belə bir lüğətin yaradılması mənə məlum deyil. Amma rəhbərlik etdiyim nəşriyyatda “Azleks” onlayn lüğətlər toplusu və onun mobil aplikasiyası yaradılıb. Beləliklə, təvazökarlıqdan uzaq olsa da, “Azleks”in redaktoru professor Qulu Məhərrəmli və bir qrup mütəxəssislə biz üç dövlət qurumuna tapşırılmış vəzifəni yerinə yetirdik. (gülümsünür – müəll.). Hətta ona yaxın yeni lüğət də hazırlayıb bura əlavə etdik. Onların arasında bir neçə terminoloji lüğət, İsrailin “K-dictionaries” şirkəti ilə birgə İngiliscə-Azərbaycanca lüğət, etimoloji lüğət, frazeologiya lüğəti və bir neçə tədris lüğəti da var. Lüğətlər bir-biri ilə əlaqələndirilmiş və tezaurus effekti yaradan axtarış sistemi ilə təchiz olunmuşdur. Hazırda bu lüğətə gündə orta hesabla 2 min istifadəçi müraciət edir.

 

- Rafiq müəllim, orta məktəblər üçün Azərbaycan dili dərsliklərinin müəllifi olduğunuza görə, istəyirdim, Proqramdakı daha bir maddəyə toxunaq: “6.1.2. Azərbaycan dilinin tədrisi metodikasının təhsilin bütün pillələri üzrə yeni standartlarının hazırlanması”.

 

- Bu maddədə kiçik bir yanlışlıq var: təhsildə “standart” sözü məzmuna aid edilir, metodikaya yox. Metod və üsullar məzmun standartından və tədris materialından asılı olaraq seçilir. Ancaq hələ 6 il əvvəl Proqramla tanış olarkən bu maddəni görüb sevindim. 2008-ci ildən bəri yeni təhsil sistemi (Kurikulum) əsasında Azərbaycan dili dərslikləri üzərində işləyərkən bir çox məzmun standartlarındakı çatışmazlıqları görürdüm. Xüsusilə oxu məzmun xətti üzrə standartların bir çox bacarıqları əhatə etməməsi, dil qaydaları üzrə standartların həddən artıq ümumi olması təhsilin keyfiyyətinə də təsir edirdi.

 

İki il bundan əvvəl Təhsil Nazirliyində ehtiyat dərsliklərin yaradılması üzrə layihə üzərində işə başlanıldı. Bununla bağlı mənə 1-ci sinif üçün Azərbaycan dili dərsliyinin konsepsiyasını hazırlamaq tapşırıldı. Layihə iştirakçıları ilə birgə bir neçə ölkənin dil kurikulumlarını araşdırdıq və onların əsasında öz standartlarımızı təkmilləşdirdik. Bu il pilot məktəblərdə tədris olunan yeni Azərbaycan dili dərslikləri təkmilləşdirilmiş standartlar əsasında yazılıb. Hazırda eyni proses 2-ci sinif dərsliyi üzərində gedir.

 

- Heç olmasa, bu sahədə müəyyən nailiyyətlər var. Yeni standartlar artıq Təhsil Nazirliyi tərəfindən təsdiq olunub?

 

- Xeyr, pilotajdan sonra dərslik özünü doğrultsa, yəqin ki, müzakirəyə çıxarılacaq. Amma bu gedişlə bütün siniflər üzrə standartların təkmilləşdirilməsi xeyli vaxt apara bilər.

 

- Sizcə, niyə belə vəziyyət yaranır? Proqramda xüsusilə lüğətçilik üzrə nəzərdə tutulan maddələr çox vacib vəzifələri əhatə edir, amma onların icrası, yumşaq desək, ürəkaçan deyil. Səbəb nədir?

 

- Göründüyü kimi, Proqram müxtəlif yönümlü bir çox məqsədləri əhatə edir. Bu cür proqramlara layihələr kompleksi kimi yanaşmaq daha təsirli olar. Strateji məqsədlər açıqlanıb, hər bir məqsəd üzrə daha səmərəli layihə təklif edən quruma dövlət tərəfindən qrant ayrılmalıdır. “Bu maddə üzrə filan dövlət qurumu ixtisaslaşıb, qoy bunu ona həvalə edək” prinsipi nəticə vermir. Bu gün Azərbaycanda dövlət əhəmiyyətli layihə konsepsiyasını, onun icra mexanizmini hazırlaya bilən mütəxəssislər tapmaq çətindir. Bu cür layihələri idarə edə bilən adamları tapmaq ondan da çətindir.

 

Başa düşürəm ki, Azərbaycan gerçəkliyinə yad olan sözlər deyirəm. Amma məşhur kitabda deyildiyi kimi: “Əvvəlcə Söz vardı...”

Müəllif: Ayna.az