Rövzət Qasımov: “Seçkilərlə bağlı indiyə qədər hər hansı bir şikayət daxil olmayıb”
İndiyə qədər bələdiyyə seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına hər hansı bir rəsmi şikayət daxil olmayıb. AYNA-nın xəbərinə görə, bunu jurnalistlərə Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.
Onun sözlərinə görə, seçkilər normal şəkildə davam edir: “Hələ ki, biz narahatlığın şahidi olmamışıq. Müşahidəçilər də bildirirlər ki, seçki prosesi öz qaydasında davam edir. “Qaynar xətt”ə müraciətlər daxil olur və bunlar da əsasən namizədlər tərəfindən texniki xarakterli, hansısa məsələlərin aydınlaşdırılması ilə bağlı olur. Mərkəzi Seçki Komissiyasının əməkdaşları dərhal müraciətlərə cavab verir və lazımi köməklik göstərilir”.
Sədr müavini qeyd edib ki, seçkilərdə fəallıq əvvəlki illərlə müqayisədə daha yüksəkdir: "Bələdiyyə seçkilərində fəallığı əvvəlcədən proqnozlaşdırmaq çətin olur, ancaq onu deyə bilərəm ki, ötən seçkilərlə müqayisədə fəallıq artıb. Eyni zamanda, veb-kameralar vasitəsilə müşahidə fəal şəkildə davam etdirilir”.