Kiyevə CIOR-a assosiativ üzv olmaq təklif olunub
Ukraynaya NATO ölkələrinin ehtiyatda olan zabitlərini birləşdirən beynəlxalq təşkilat - CIOR-a assosiativ üzv olmaq təklif olunub. AYNA xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi özünün “Telegram” kanalında məlumat yayıb.
“Ukrayna NATO-nun ehtiyatda olan zabitlərini birləşdirən və Alyansa bağlı dünyanın ən böyük təşkilatlarından biri olan CIOR-a üzv olmağa dəvət edilib”, - deyə məlumatda qeyd edilib.
Vurğulanıb ki, Ukrayna müdafiə nazirinin müavini Sergey Melnik CIOR nümayəndəsi Tomas Luman ilə Ukrayna hərbi personalının minalardan təmizlənməsi və Qərb hərbi texnikasının təmiri sahələrində təlim keçmək üçün NATO ölkələrindən ehtiyatda olan zabitlərin cəlb edilməsi məsələlərini müzakirə edib.
Nazirlikdən verilən məlumata görə, CIOR ukraynalı zabitlərə təşkilatın dil akademiyasının təşkil etdiyi təlim kurslarında iştirak etmək imkanı verməyə hazırdır.
CIOR 1948-ci ildə yaradılıb və 34 ölkənin təmsil olunduğu ehtiyatda olan zabitlərin toplaşdığı dünyanın ən böyük birliyidir.