Times of Israel: Ukrayna İsraildən Rusiyanın işğalçı müharibəsini açıq şəkildə pisləməyi tələb edir
Ukraynanın İsraildən tələbləri və xahişləri məlum olub. AYNA xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti yazıb. Nəşr yazıb ki, Ukrayna İsrailin xarici işlər naziri Eli Koenin Kiyevə səfəri ərəfəsində Rusiyanın işğalçı müharibəsini açıq şəkildə pisləməyi tələb edib.
Qəzetin yazdığına görə, Kiyev Rusiyanın işğalçı müharibəsinə ictimai qınaq və ölkənin ərazi bütövlüyünə dəstək ifadəsini istəyir.
Bununla yanaşı, Ukrayna tərəfi İsraildən 500 milyon dollar krediti təsdiq etməyi xahiş edib. Eyni zamanda, Kiyev yaralı hərbçiləri və mülki şəxsləri müalicə üçün İsrailə göndərmək istəyir.
Adı açıqlanmayan ukraynalı rəsmi qəzetə bildirib ki, Koenlə Ukrayna lideri Volodimir Zelenski arasında mümkün görüş İsrailin Kiyevin xeyrinə addımlar atmaq istəyindən asılıdır.
"Prezident Koenlə fotosessiya üçün görüşməyəcək", deyə Ukrayna rəsmisi qeyd edib.
Bundan əvvəl məlum olub ki, Ukrayna İsraillə hərbi yardım almağa razılaşıb. İsrail Ukraynaya raketlər və pilotsuz təyyarələr üçün xəbərdarlıq texnologiyalarını ötürməyə başlayıb.