“Ukrayna yıxılarsa, Rusiya üzünü digər postsovet ölkələrinə çevirəcək” – KOVBASYUK

Aktual

10.01.2023 - 14:09

Ukraynalı analitik: “Rusiyanın Ukrayna ilə müharibədə məğlubiyyəti Ermənistan-Azərbaycan münaqişəsinin sabitləşməsinə töhfə verəcək”

“Şübhəsiz ki, 2023-cü il Ukrayna üçün həlledici ola bilər. Hər şey müttəfiqlərin Ukraynaya kömək etməyə davam etməsindən asılıdır, çünki Ukrayna iqtisadiyyatı bu gün hərbi ehtiyacları hələ də tam ödəyə bilmir. Qərbdən nə qədər çox dəstək olarsa, Ukraynanın Rusiyanın iqtisadi, hərbi və siyasi gücünü sarsıtmaq şansı bir o qədər az olar. Siz tez-tez eşidirsiniz ki, Ukrayna bütün Avropa üçün sipərdir, amma burada mən deyərdim ki, Ukrayna, ilk növbədə, bütün keçmiş SSRİ ölkələri üçün sipərdir, Ukrayna yıxılsa, Kremlin iştahı artacaq, ona görə də Ukraynaya hər hansı yardım, hətta humanitar yardım belə, bütün sivil ölkələr üçün gələcəyə töhfədir”.

Bunu AYNA-ya açıqlamasında Ukrayna Politologiya Assosiasiyasının eksperti Rinat Kovbasyuk deyib. Onun sözlərinə görə, belə bir məqamda Ukraynanı meydanda qoyub, tərk etmək mümkün deyil, çünki o zaman dünya nizamı pozulacaq və hər şey domino prinsipi ilə dağılacaq.

“Bunun sadəcə bir nümunəsi var. Ermənistan Qarabağda Azərbaycanın ərazi bütövlüyünə meydan oxumağa çalışır, lakin bu ölkənin nüvə silahı yoxdur və münaqişənin dünya siyasi və iqtisadi proseslərinə o qədər də güclü təsiri yoxdur, çox güman ki, bu vəziyyət yalnız Cənubi Qafqazda regional təhlükəsizliyə xələl gətirir. Əslində, Rusiyanın Ukrayna ilə müharibədə ehtimal olunan məğlubiyyəti Ermənistan-Azərbaycan münaqişəsinin sabitləşməsinə töhfə verəcək, çünki açıq-aydın görünür ki, Kreml heç vaxt bu məsələni tam həll etmək istəməyib. Bu, Azərbaycan və Ermənistanla bağlı ona həmişə əlavə təsir rıçaqları verib”, - deyə ekspert bildirib.

Kovbasyukun fikrincə, Rusiyanın potensial demilitarizasiyası ona kömək edəcək ki, Ermənistan hakimiyyəti Qarabağ məsələsində güzəştə getməyə daha çox meylli olacaq və bəlkə də, nəhayət, bu məsələni hamı üçün məqbul şərtlərlə həll etmək mümkün olacaq.

Azərbaycanlı eko-fəalların Laçın-Xankəndi yolunda etiraz aksiyasına toxunan həmsöhbətimiz söyləyib ki, bura beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan ərazisidir: “Ermənistan iddia edirsə ki, ekoloji fəallar humanitar böhran yaradırlar, Azərbaycan hakimiyyəti milli mənşəyindən asılı olmayaraq Qarabağın yerli əhalisi ilə maksimum kommunikasiya qurmalı və həqiqətən belə faktlar varsa, bu məsələni həll etməlidir. Bu addımlar bütün mümkün medialarda işıqlandırılmalıdır, çünki bu gün jurnalistlərin rolu çox vacibdir. Məsələn, mən Qarabağda yaşamıram və ola bilsin ki, bütün məlumatları bilmirəm, ona görə də müəyyən təbliğatçıların mənə verdiyi məlumatlardan istifadə edə bilərəm. Əsas odur ki, şəffaflıq və ya hər hansı münaqişədə Azərbaycan informasiyaya nə qədər çox vəsait yatırırsa, bu və ya digər məsələlərlə siyasətçilərin manipulyasiya etməsi bir o qədər çətin olacaq”.

“Başa düşmək lazımdır ki, dünyanın digər ölkələrində bir çox insanlar ilk növbədə öz şəxsi və daxili siyasi problemləri ilə yaşayırlar və çox vaxt Qarabağdan coğrafi uzaqlıqda olduqları üçün bu məsələ ilə daha az maraqlanırlar. Odur ki, belə insanlara məlumatı bu və ya digər tərəf üçün əlverişli yöndə, bir o qədər asan şəkildə təqdim etmək olar. Buna misal olaraq Ukraynadakı müharibəni göstərmək olar. Münaqişə 2014-cü ildən bəri davam edir, lakin bu, digər ölkələrdə adi bir vətəndaşın həyatına o qədər də təsir etmirdi. Lakin genişmiqyaslı hərbi əməliyyatlar başlayandan sonra, Avropanın bir çox sakinləri, məsələn, artan enerji qiymətləri ilə üzləşdi. Rusiyanın Ukraynaya hücumu bir çox Afrika ölkəsini aclıq həddinə çatdırıb. Ona görə də diqqət Qarabağ məsələsindən çox Ukraynadakı müharibəyə yönəlib. Bu səbəbdən, yuxarıda vurğuladığım kimi, hər şey Azərbaycan hakimiyyətinin əlindədir, Bakı Qarabağ bölgəsindəki vəziyyəti nə qədər çox xatırladırsa, bir o qədər çox ölkə problemin mahiyyətini araşdıracaq və düzgün nəticə çıxaracaq”, - deyə analitik vurğulayıb.

Müəllif: Asif Aydınlı