Ukrayna baş prokurorunun müavini istefa verib

Dünya

24.01.2023 - 07:23

Simonenko Zelenskinin məmurların xaricə səyahətlərini dayandırmaq tələbinə əməl etməyib

Ukrayna baş prokurorunun müavini Aleksey Simonenko istefa verib. AYNA xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko "Telegram" kanalında bildirib.

Simonenko iyulun 17-dən, İrina Venediktova tutduğu vəzifədən uzaqlaşdırıldıqdan sonra fəaliyyət göstərirdi.

"RBC" Ukrayna agentliyinin məlumatına görə, prezident Vladimir Zelenskinin məmurlardan xaricə səyahətlərini dayandırmağı tələb etdiyinə dair müraciətinə baxmayaraq, məmur İspaniyanın Marbelya şəhərinə 10 günlük məzuniyyətə gedib.

Yanvarın 23-də Zelenski mərkəzi və yerli hakimiyyət orqanlarına aidiyyəti olan bütün məmurların xaricdə məzuniyyətə getməsini qadağan edən fərman imzalayıb.

Müəllif: Ayna.az