Tokayev Nazarbayevin qohumlarının “ipini yığır” - Qazaxıstan “Amanat”ı

Dünya

22.03.2022 - 10:32

İlqar Vəlizadə: “Nazarbayevin qohumları ölkədə bütün səlahiyyətlərini aşırdılar, özbaşınalıq edirdilər. Son nəticədə dövlətçilik ziyan görürdü”

Qazaxıstan yeni dövlət idarəetmə sisteminə keçid edir. Belə ki, super-prezident respublikadan güclü parlamentli prezident respublikasına keçid nəzərdə tutulub. Bu barədə ölkə Prezidenti prezidenti Qasım-Comərt Tokayev deyib. Dövlət başçısı da xalqa müraciətində bildirib ki, belə bir sistem cəmiyyətin xeyrinə olacaq.

"Ölkədə siyasi islahatlarla bağlı layihə təqdim edəcəm. Bu sənəd cəmiyyətin tələblərinə cavab verir. Bizim üçün nəzərdə tutulan yoldan dönməmək, həmrəyliyi qorumaq həyati əhəmiyyət kəsb edir. Biz islahatları kağız üzərində aparmırıq və ya bunlar ictimaiyyətin razılığı üçün boş vədlər deyil. Hər bir Qazaxıstan vətəndaşının hiss edəcəyi konkret tədbirlərə və təkmilləşdirmələrə ehtiyac var”, - Tokayev qeyd edib.

Qazaxıstan Prezidenti “Amanat” Partiyasının (keçmiş Nur-Otan Partiyası) sədri vəzifəsini, həmçinin partiya sıralarını da tərk edəcəyini açıqlayıb. Bununla yanaşı, Tokayev Mərkəzi Seçki Komissiyasının, Hesablama Komitəsi və Konstitusiya Şurasının sədrləri və üzvlərinin partiyadan çıxması ilə bağlı müddəanın tətbiqini də təklif edib.

“İcra başçısı da partiyanın şöbələrinə rəhbərlik etməyəcək. Eyni zamanda, Prezident ailəsinin yaxınlarının siyasi vəzifələr tutmasına və kvazi-dövlət sektorunda rəhbər vəzifələrdə işləməsinə qanunvericilik qadağası qoyulacaq", - deyə ölkə başçısı bildirib.

Qazaxıstan Prezidenti bu normaların Konstitusiyada təsbit olunmasını təklif edib və vurğulayıb ki, dövlət başçısı bütün vətəndaşlar üçün bərabər imkanların sarsılmaz təminatçısı kimi çıxış etməlidir.

2022-ci ilin ilk ayında siyasi təlatümlər yaşanan Qazaxıstanda idarəçilikdəki bu dəyişikliklər, Tokayevin islahat naminə atmaq istədiyi addımlarla bağlı AYNA-nın suallarını politoloq İlqar Vəlizadə cavablayıb. Analitik qeyd edib ki, bu parlamentli respublikaya keçid yox, parlamentin funksiyalarının genişləndirilməsini demək olar: 

- Qazaxıstan prezident respublika modelində qalacaq. Çoxları bunu parlamentli respublikaya keçid kimi qiymətləndirirlər, bu, yanlışdır. Maraqlı məqam ondan ibarətdir ki, Qazaxıstan Prezidenti hakim partiyanın nə sədri, nə də üzvü olacaq. İnzibati ərazi bölgüsündə də dəyişikliklər baş verəcək, bir neçə yeni vilayətlər yaranacaq. Yerli hakimiyyət orqanlarının səlahiyyətləri artırılacaq. 

Hesab edirəm ki, Qazaxıstanda baş verən son proseslər belə addımların atılmasına təkan verdi. Bu reformalar çoxdan hazırlanıb, amma hakim dairələrdəki müəyyən qüvvələr islahatları yubadıblar, əngəllər yaradıblar. Çalışıblar ki, bu dəyişikliklər elan edilən formada olmasın. Tokayev hakimiyyətə gələn gündən elan etmişdi ki, hakimiyyətlə cəmiyyət arasında dialoq qurulmalıdır. Yanvar hadisələrindən qabaq Tokayevin cəhdləri nəticə vermirdi, çünki ikihakimiyyətlilik var idi. Tokayevə yaxın olmayan hakim zümrənin resursları daha çox idi, reformaların qarşısını alırdı. Yanvar hadisələri baş verdi, vəziyyət dəyişildi. İndi hakimiyyət bütöv şəkildə Tokayevin əlindədir və o, islahatları düşündüyü formada aparmaq niyyətindədir. Yanvarda baş verənlər, Ukrayna olayları Tokayevin islahat paketinin həyata keçirilməsini sadəcə sürətləndirir. 

- Belə başa düşdüm ki, Tokayev islahat keçirmək istəyirdi, əvvəlki Nazarbayev hakimiyyətindən qalma elita buna mane olurdu...

-Bilirsiniz, cəmiyyətdən artıq hakimiyyətə təzyiqlər var idi. Qazaxıstanı əvvəlki üsulla idarə etmək mümkün deyildi, səmərə vermirdi. Yanvar hadisələrindən sonra Tokayev hakimiyyəti bir əldə cəmlədi, reformalara maneə yaradan elitanın səlahiyyətlərini demək olar ki, əlindən aldı. İndi ideyalarını həyata keçirməyə başlayıb. Yeni reformlar Qazaxıstan üçün nə dərəcədə effektiv olacaq, bunu zaman göstərəcək. Hər halda bu, cəmiyyətin ürəyincədir.

- Yəni ki, Qazaxıstan cəmiyyəti Tokayevdən bu addımları atmasını istəyirdi...

-Bəli, insanlar çoxdan gözləyirdilər ki, dəyişiklik olsun. İnsanlar hakimiyyətdə monopoliyanın yığışdırılmasını istəyirdilər. Açıq deyək, Nazarbayevin yaxınları, yaxın qohumları hakimiyyətdə monopoliya yaratmışdılar. Qərarların qəbul olunmasında monopoliya var idi, obyektiv qərarların verilməsinin qarşısını keçmiş Prezidentin yaxınları, qohumları alırdılar. Obyektiv qərarların verilməsi Nazarbayevin ətrafı üçün maraqlı olmadığı üçün bunun qarşısını alırdılar. Bu, cəmiyyətdə narazılığı artırırdı. İndi həmin ziddiyyətlər tədricən aradan qaldırılır. Qazaxıstanın yeni nəfəsə ehtiyacı var və Tokayev bu ehtiyacın qarşılanacağını bəyan edib. İndi reformalar necə keçiriləcək, onu zaman göstərəcək. 

- Nazarbayev demişkən, o, Türkiyə Prezidentinin dəvəti ilə Antalyada keçirilən Diplomatik Foruma dəvət olundu. Bundan sonra Qazaxıstanda onun yaxınlarına qarşı repressiv addımlar atıldı. Məsələn, Nazarbayevin bacısı oğlu həbsə atıldı. Bunun Tokayevin islahatları ilə hansı əlaqəsi var. Yaxud da, Nazarbayevin Türkiyə səfəri ilə bir bağlılığı varmı?

- Nazarbayev böyük siyasi çəkiyə malik olan, Qazaxıstanın sərhədlərinə belə sığışmayan fiqur, tarixi şəxsiyyətdir. Qazaxıstan daxilində onun kifayət qədər səhvləri olub. Lakin Nazarbayevin beynəlxalq siyasi potensialı hələ də var, kifayət qədər böyükdür deyə, ondan istifadə olunur. Müasir Qazaxıstanın yaradıcısı olan bir şəxsin Türkiyəyə dəvət olunması, foruma qatılması normal bir haldır. Nazarbayev həm də türk dünyasının ağsaqqalıdır. Təəssüflər olsun ki, Nazarbayevlə bağlı Qazaxıstan daxilində müəyyən problemlər var ki, bunu da Nazarbayev yox, onun yaxın ətrafı, qohumları yaradıblar. Hər bir cəmiyyətin daxili dinamikası var ki, o inkişaf etməlidir. Nazarbayevin ətrafı isə bu dinamikanı önləməyə çalışırlar. Tokayev hakimiyyəti isə bu hala biganə yanaşa bilməzdi. 

Nazarbayev yaxın ətrafı ilə danışmalı, onların özlərini yığışdırması üçün tapşırıq verməli idi. Məsələn, yaxşı bir nümunə var. Özbəkistanın mərhum Prezidenti İslam Kərimov gördü ki, öz qızı Gülnarə Kərimova dövlətçilik əleyhinə addımlar atmağa başlayıb, onu həbs etdirdi. İslam Kərimov qızını nəzarəti altına götürdü ki, dövlətçiliyə ziyan gəlməsin. Nazarbayev ətrafı ilə bağlı Kərimov kimi addım atsaydı, belə bir vəziyyət yaranmayacaqdı. Açıq demək lazımdır ki, Nazarbayevin qohumları ölkədə bütün səlahiyyətlərini aşırdılar, özbaşınalıq edirdilər. Son nəticədə dövlətçilik ziyan görürdü. Dövlətçiliklə oynamaq olmaz, buna imkan vermək mümkün deyil. Şəxsi maraqlara dövlət maraqlarını vermək olmaz. 

Müəllif: Anar Bayramoğlu