“Sərhədlərin 1918-ci il vəziyyətinə gətirilməsi mümkün deyil, lakin…”

Siyasət

16.05.2022 - 15:11

Asif Nərimanlı: “Sülh sazişinin imzalanması və 5 maddəlik prinsip üzrə məsələlərin həlli üçün dipomatiyadan kənar addımlar atıla bilər”

Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası, yekun sülh müqaviləsinin imzalanması, regionda kommunikasiyaların blokdan çıxarılması istiqamətində diplomatik aktivlik artıb. Bu, həm tərəflərin rəsmilərinin bəyanatlarından müşahidə olunur, həm də prosesə vasitəçilik nümayiş etdirən dövlətlərin rəsmilərinin açıqlamalarında və regiona səfərlərində sezilir. 

Bu günlərdə MDB Nazirlər Şurasının Düşənbədə keçirilən iclasında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bir daha bəyan edib ki, Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağa, o cümlədən sülh sazişinin imzalanmasına və sərhədlərin delimitasiyası prosesinin başlanmasına hazırdır. Nazir deyib ki, sülh sazişi üzrə danışıqlar prosesinin başlanması istiqamətində addımlar atılır, o cümlədən iki ölkə arasında sərhədlərin delimitasiyası üzrə milli komissiyaların sədrləri və formatı müəyyənləşdirilib. Bayramov Azərbaycan tərəfinin sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirmək əzmində olduğunu iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Ötən həftə isə Rusiya Baş nazirinin müavini Aleksey Overçukun rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana səfər edib. Overçukun səfərinin gündəliyi təqdim edilməsə də, erməni mediasının yazdığına görə, onun səfəri nəqliyyat-kommunikasiyaların açılması ilə bağlı Moskvanın İrəvanı razılaşdırmaq məqsədi daşıyır. 

Qeyd edək ki, Overçuk Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası ilə məşğul olan Ermənistan, Rusiya və Azərbaycandan ibarət Üçtərəfli İşçi Qrupunun rusiyalı həmsədridir.

Analitiklər nəqliyyat-kommunikasiyaların açılması ilə bağlı İşçi Qrupunun, delimitasiya ilə bağlı Birgə Sərhəd Komissiyasının görüşlərinin, müzakirələrinin çoxalmasını prosesin başladığı kimi qiymətləndirirlər.

AYNA-nın suallarını cavablandıran siyasi icmalçı Asif Nərimanlı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində diplomatik fəallaşmanı, delimitasiya komissiyasının müəyyənləşməsini, birgə komissiyasının ilk iclasının keçirilməsini artıq prosesin birinci mərhələsinin başlanğıcı kimi dəyərləndirir:

- Çünki indiyə qədər yalnız kağız üzərində razılaşmalar var idi, indi praktiki addım kimi komissiya ilk iclasını keçirir. Burada əsas amillərdən biri komissiyanın ilk iclasının Moskvada keçirilməsidir. Sərhədlə bağlı razılaşma ilk dəfə Soçidə əldə olunmuşdu, Brüsseldə komissiyanın yaradılması haqda konkret vaxt anlaşmasında da Soçi bəyanatına istinad edilirdi. Belə görünür ki, tərəflər Brüsselin də razılığı ilə anlaşmanın işləməsi üçün Rusiyanın vasitəçilik etdiyi bəyanata istinad üzərində razılıq əldə ediblər. Digər tərəfdən, sərhədin delimitasiya edildiyi xəritələrin Rusiya Baş Qərargahında olması Moskvanın vasitəçiliyini məcburi hala çevririr.

Rusiyanın Ukraynaya hücumu ilə geosiyasi mənzərənin dəyişməsi Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasının qısa müddətdə başa çatması məsələsində də mürəkkəb vəziyyət yaradıb. Rusiya bir tərəfdən sülh sazişinin mümkün qədər uzanmasını istəyir, proses qaçılmaz olduğu halda, buna özlərinin vasitəçiliyi ilə və öz maraqlarının təmin edilməsi şərtilə həll etməyə çalışır. Hərçənd ki, sülh sazişi üzrə proses artıq Brüsselin dəstəklədiyi ikitərəfli formata keçir və sərhədin delimitasiya olunması bu prosesi sürətləndirəcək amildir. Əgər sərhəd üzrə komissiya Moskvada işi bəlli bir müddətə yekunlaşdırsa, bu, sülh sazişinin imzalanması prosesinin əsasən Qərbin vasitəçiliyi ilə həyata keçirilməsinin yolunu açacaq, halbuki Rusiya kənar vasitəçini istəmir.

Digər tərəfdən, sərhədin delimitasiyasının uzanması ən çox Rusiyanın marağında olan kommunikasiyanın açılmasının da uzanması deməkdir və bu, Moskvanın bölgədəki planlarını riskə atır, xüsusilə, Qərblə qarşıdurma məsələnin zəruriliyini artdırdığı bir vaxtda. Dilemmanın yarandığını görə bilirik. Fikrimcə, Moskva sərhəd məsələsinin müzakirə edilməsinə paralel şəkildə sülh sazişi prosesində rolunu artırmaq istiqamətində işləyəcək və yalnız burada ən azı onun əleyhinə pozulan balansı bərpa edəcəyi təqdirdə delimitasiyanın reallaşması prosesinin sürətlənə biləcəyi gözləntisi ön plana çıxır.

Bununla yanaşı, Ermənistan da geosiyasi kartların qarışmasından öz maraqları naminə istifadə etməyə çalışacaq. Rəsmi İrəvan delimitasiya məsələsində “güzgü prinsipi”nin tətbiqini və SSRİ dağılanda mövcud olan sərhəd xətlərini təklif edir. Bakı buna qarşıdır. Əslində delimitasiya üzrə danışıqlarda əvvəldən sovet dövrünün xəritələrinin masada olduğunu düşünürəm. Ermənistan məhz masada maraqlarına uyğun nəsə əldə etmək üçün qeyd olunan təklifləri bazarlıq məqsədilə irəli sürüb. Bütün bunlar deməyə əsas verir ki, prosesin ilk mərhələsi başlasa da, danışıqlar ağır və gərgin keçəcək.

- Azərbaycan XİN başçısının müavini Xələf Xələfov anklavlarla bağlı açıqlamasında bildirdi ki, bu, delimitasiya və demarkasiyaya uyğun həllini tapacaq....

- Hazırda əsas mübahisəli məsələlərdən biri məhz anklavlarla bağlıdır. Ermənistan Baş nazirinin xüsusi nümayəndsi Edmon Marukyanın son açıqlaması İrəvanın bu məsələdə geri çəkilmək niyyətində olmadığını göstərir. Onların iddiasına görə, anklavlarla bağlı heç bir “hüquqi prinsip” yoxdur. Təbii ki, bu, Ermənistanın daxili auditoriyasına, eləcə də Bakının istəyinə cavabın verilməsinə hesablanıb. Masada anklavların olduğu bəllidir, bu, hələ 9 noyabr Üçtərəfli Birgə Bəyanatın imzalanamsı dövründən gündəmdədir. Qazağın 7 kəndi və Naxçıvanın Kərki kəndi 1990-cı ildə işğal edilib və masada SSRİ dövrünün xəritələrinə uyğun müzakirələr aparılırsa, - ki, böyük ehtimalla belədir, - bu kəndlərin taleyi həllini tapmalıdır. Qazağın 7 kəndi ilə bağlı məsələyə həm də kommunikasiyanın açılması prosesinin tərkib hissəsi kimi baxa bilərik. Təkcə ona görə yox ki, delimitasiya olmadığı təqdirdə, kommunikasiyanın bərpasının önü bağlanır, eyni zamanda, Rusiyanın ən çox istədiyi keçmiş İcevan-Qazax yolu Bərxudarlı kəndindən keçir və bu yolun açılması üçün həmin ərazinin taleyi həll edilməlidir.

Anklavların Azərbaycana qaytarılması üçün təhlükəsizlik dəhlizinin olması vacibdir, çünki azərbaycanlılar ilə ermənilər arasında etimad mühiti hələlik formalaşmayıb və dəhlizlərin olmaması problemlərə yol aça bilər. Belə dəhlizlərdə üçüncü ölkənin hərbçiləri dayana bilər. Rusiyanın əsas istəklərindən biri də budur, çünki bununla Qarabağla yanaşı, sərhəddə də iki ölkə arasında “hakim mövcudluğunu” əldə edə, ona olan ehtiyacı artıra bilər. Eyni vəziyyət Ermənistanın iddia etdiyi Başkəndlə bağlı da yarana bilər. Çünki İrəvan SSRİ dövrünün xəritələri ilə delimitasiya prosesində Başkəndin “erməni eksklavı” iddiasını irəli sürür. Hələ də açıq qalan məsələlərdən biri də məhz budur. Masada konkret nələr müzakirə olunur, Başkəndin “erməni eksklavı” olduğu iddiası hansı dərəcədə qəbul edilir, yaxud torpaq mübadiləsi müzakirə mövzusudurmu? Bunlarla bağlı hansısa ehtimal irəli sürməyə imkan verəcək istinad nöqtələri olduqca azdır. 

- Sizcə, anklavlar məsələsinin həlli üçün torpaq mübadiləsindən istifadə edilə bilərmi?

- Başkəndin ermənilərə verilməsi Rusiyanın marağındadır, qeyd etdiyim kimi, belə olacağı təqdirdə ermənilərə də dəhliz verilir və bu dəhlizdə rus əsgəri dayanır. Bu, o deməkdir ki, Qarabağla yanaşı, rus əsgəri Azərbaycanın ikinci bir ərazisində də mövcud olacaq. Bakı bunu istəmir, digər tərəfdən, Başkəndin strateji əhəmiyyətli bölgə olması da məsələnin bu formada həllinin mümkünlüyünü azaldır. Əgər torpaq mübadiləsi olarsa, yəni Başkəndin əvəzinə Qazağın anklav kəndlərindən birinin ermənilərdə qalması razılaşdırılarsa, bu, uzaq gələcəkdə də olsa, iki ölkə arasında yeni münaqişə ocağına çevrilə bilər.

Fikrimcə, rəsmi Bakı bu detalları hesablayır, İlham Əliyevin delimitasiya prosesində 1918-ci ildən başlayan xəritələrə istinad edilməsi haqda açıqlaması da Azərbaycanın masaya daha böyük hədəf qoyacağı deməkdir. Bu, o demək deyil ki, 1918-ci il xəritəsinə nail olacağıq, burada siyasi gediş hədəfi böyük qoymaqla real olacaq istəklərimizə nail olmaqdır və mümkündür ki, bunlardan biri də heç bir mübadilə olmadan anklavların qaytarılmasıdır. O da istisna deyil ki, anklavlarla bağlı məsələnin diplomatiyanın alternativi olan yollarla həll edilməsi gündəmə gəlsin. Azərbaycanın bununla bağlı “istəmirik ki, məsələni hərbçilər həll etsin” açıqlaması da Bakının gündəliyində təkcə diplomatiyanın olmadığını deməyə əsas verir.

- Kommunikasiyalar üzrə işçi qrupunun rusiyalı həmsədri Overçuk Ermənistana səfər etdi. Sizcə, kommunikasiyaların blokdan çıxarılmasının tez zamanda başlaması üçün İrəvan razı salınıbmı?

- Fikrimcə, İrəvan buna razı salınıb, çünki məsələ Rusiya üçün olduqca aktualdır. Eyni zamanda, Ermənistan da kommunikasiyanın açılmasının tezləşməsini istəyir. Lakin yenə qeyd edirəm ki, kommunikasiyanın açılması sərhədin müəyyən edilməsindən, hətta 10 noyabr razılaşmasının 4-cü bəndinin (erməni qoşunlarının Azərbaycan ərazisindən çıxarılması) icrasından asılı olacaq. Ermənistan isə bu məsələlər müzakirə edildiyi dövrdə kommunikasiyanın bərpa edilməsinə çalışır. Çünki bu, həm onların iqtisadi gəlirlərini artıracaq, həm sərhəd və sülh sazişi də daxil olmaqla digər məsələlərdə vaxt qazandıracaq, həm də Rusiyaya hesablanmış mövqedir. Rəsmi İrəvan bununla Moskvaya göstərir ki, “Ermənistan Rusiyanın istəyinə uyğun olaraq kommunikasiyanın bərpasına razıdır, Azərbaycan prosesi uzadır” və bununla digər məsələlərdə Moskvanın dəstəyini əldə etmək istəyirlər. 

- Ermənistanda baş verən daxili siyasi gərginlik bu proseslərin qarşısını ala, yaxud zamanı uzada bilərmi?

- Ermənistan müxalifətinin istəklərinə nail olacağı ehtimalı sıfıra bərabər görünür. Aksiyaların elektoratı, tələbləri və sosial dayaq əldə edə bilməməsi də bu yöndədir. Hərçənd ki, Paşinyanın daxildəki vəziyyətdən “xalq razılaşmağımızı istəmir, zaman lazımdır” mövqeyini irəli sürmək məqsədilə istifadə edə biləcəyi də bu prosesdə ayrı punktlardan biri olaraq istisna edilməməlidir. Düzdür, Bakı bunu görür, əvəllər də Ermənistanda belə olaylar yaşanıb, Ter-Petrosyanı devirərək, prosesin önünü kəsdilər, “Aprel döyüşləri"ndən sonra “Sasna srer” qiyamı ilə vaxt qazandılar. Bu dəfə Azərbaycanın hadisələrin belə inkişafına seyrçi qalacağı inandırıcı deyil. Mümkündür ki, sülh sazişinin imzalanması və 5 maddəlik prinsip üzrə məsələlərin həlli üçün dipomatiyadan kənar addımlar da atılsın.

Müəllif: Anar Bayramoğlu