“Rusiya Qərb demokratiyasının qarşısını kəsən “damba”dır”

Siyasət

03.02.2022 - 13:20

Anar Həsənov: “Putinin hakimiyyəti dəyişikliyə meyilli, islahatçı bir siyasətçiyə ötürməsi inandırıcı deyil”

Ukrayna ətrafında baş verən gərginlik, Rusiya ilə ABŞ-NATO qarşıdurması pik dövrünü yaşamaqdadır. Gərginliyin Üçüncü Dünya müharibəsi ilə olmasa da, geniş regional müharibə ilə nəticələnəcəyinə dair proqnozlar güclənir. Beynəlxalq ekspertlər hesab edirlər ki, müharibə baş versə, bu, Rusiyanın dağılması deməkdir. Rusiyanın çöküşünün isə keçmiş SSRİ-nin dağılmasına bərabər hadisə olacağı söyləntilər arasındadır. 

Yeri gəlmişkən, hadisələr fonunda imperialist siyasət yürüdən Rusiya Prezidenti Vladimir Putinin hakimiyyətinin sonunun gəldiyi qeyd edilir. Məsələn, rusiyalı jurnalist və teleaparıcı Andrey Karaulov “Gordon” nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində deyib ki, Rusiya Prezidentinin hakimiyyətdə qalma müddəti başa çatır: "İnsanlar ölkədə baş verənləri dərk etmirlər. Rusiya Federasiyasında hakimiyyət dəyişikliyi il yarımdan sonra baş verə bilər".

Jurnalist digər rusiyalı ekspertlər kimi, Putinin varisi olaraq Rusiya Federasiyasının hazırkı Baş naziri Mixail Mişustinin adını çəkir. Amma eyni zamanda, Putinin özünün Mişustini varis görmədiyini əlavə edir: “Putin qəti şəkildə hələlik Mişustini varisi kimi görmür. Amma Mişustin bir il yarımdan sonra öldürülməsə, Rusiyanın Prezidenti olacaq. Təbii, insanlarla bacarsalar. Çünki vətəndaşlar üsyan edə bilərlər. Qazaxıstan hadisələri bunun necə baş verdiyini göstərdi. Və süngü yoxdur... İndi başlasaq, yəqin qazax və ya erməni qoşunları da eyni model üzrə bizə daxil olacaq və bundan heç nə çıxmayacaq”.

Qordon buna aydınlıq gətirmək üçün sual verir: Deməli, Putinə il yarım vaxt verirsiniz?

Karaulovun cavabı isə belədir: "Mən yox, tarix. Tarix və Tanrı. Hər şey. Ancaq o (Putin) bacarmadı. Vladimir Vladimiroviç ağıllı insanların gözündə son şansını əldən verdi".

Rusiyanın çöküşü, Putinin hakimiyyətdən gedişi və varis planı, şimal qonşumuzda baş verə biləcəklərin Cənubi Qafqaza, Azərbaycana təsirləri ilə bağlı AYNA-nın suallarını həmyerlimiz, Rusiyanın Xalqlar Dostluğu Universitetinin böyük müəllimi, filologiya elmləri namizədi, politoloq  Anar Həsənov cavablandırıb:

- Son illərin gözlənilməz hadisələri, xüsusilə də, pandemiya və onun fəsadları deməyə əsas verir ki, tarix rels üzərində hərəkət edən bir proses deyil. Amma təbiətin bir qanunu da var - “çaylar geriyə axmır”. Yəni ki, son 3 əsrdə biz demokratiyanın qələbələrini müşahidə edirik. Ondan yaxşı rejim tipi hələlik siyasi reallıqda yoxdur. Rusiya-Qərb qarşıdurması da avtoritar və demokratik siyasi rejim tiplərinin mübarizəsidir. Bu mübarizədə Rusiya həmin çayın qarşısını kəsən "dambadır" və hələlik çay "dambanı" adlaya bilmir.

Putin hakimiyyətdə olduğu müddətdə Rusiyada bu proses baş verməyəcək. Çünki Vladimir Putin demokratikləşmədə Rusiya dövlətinin parçalanma və zəiflənməsini görür. Rusiya lideri bu demokratiya institutlarına qarşı mübarizəsini da  bu missiya ilə əsaslandırır. O, siyasi missiyasını inqilabın qarşısını almaqda və Rusiya dövlətinin bütövlüyünü qorumaqda görür.

- Rusiyanın çöküşü, Putinin gedişindən sonra hakimiyyət başına kimin keçəcəyi gözləniləndir? Putinin varisi kimi - Baş nazir Mixail Mişustin, müdafiə naziri Sergey Şoyqu, hətta Moskva meri Sergey Sobyaninin adı hallanır...

- Biz bir dəfə totalitar sistemin - SSRİ-nin süqutunun şahidi olmuşuq. Bu sistemdə ardıcıl dəyişiklik islahatlar nəticəsində baş verdi. 1960-cı illərin “istiləşməsi” və yaxud "ottepeli" durğunluğa, durğunluq yenidənqurmaya, yenidənqurma da dövlətin məhvinə səbəb oldu. İnanmıram ki, Putin sağlığında ikən yenidən hakimiyyəti dəyişikliyə meyilli, islahatçı ruhlu Dmitri Medvedyev tipli texnokrata həvalə etsin. Mişustini və Sobyanini də mən bu tipli siyasətçilərə aid edirəm.

Putinin 2008-ci ildə hakimiyyəti ötürməsinə gəldikdə isə, bu, Qərbin təsəvvüründə demokratikləşməyə ümid yaratmağa hesablanmış siyasi manevr idi. Ölkədaxili  “mühasirədə olan qala” ab-havası, azad sözə olan təzyiqlər,  beynəlxalq qalmaqallar Putinin “varis 2” ssenarisində baş rolun çekist ya hərbiçiyə həvalə ediləcəyinə işarə edir.

- Qarşıdurmadan Qərb qalib çıxsa, Rusiyada gözlənilən dəyişiklik fonunda Azərbaycan harada yer almalıdır?

- Ermənistanın "vasitə" kimi Qərb qarşısındakı xidmətlərini, güclü lobbisini nəzərə alanda, mən Qərbin Azərbaycana münasibəti məsələsində nikbin ola bilmirəm. 2020-ci ilin "Dəmir yumruq" əməliyyatı da bunu sübut etdi. Qərb mətbuatında “yarıminsan olan” azərbaycanlı obrazı yaratmağa meyllidirlər. Məncə Moskva ilə eyni ittifaqda olmaqla da ölkəni modernləşmə, islahat və inkişafa yönləndirmək mümkündür.

Müəllif: Anar Bayramoğlu