Asif Nərimanlı: “Ermənistan sərhəddə müəyyən üstünlük əldə etmək və danışıqların gündəliyini dəyişmək üçün eskalasiyada maraqlı görünür”
Prezident İlham Əliyev yeddinci çağırış Milli Məclisin ilk iclasındakı çıxışında ölkənin ölkə qarşısında duran bəzi vəzifələr haqqında fikirlərini bildirib. Ölkə başçısı Azərbaycana qarşı təhdidlərdən, beynəlxalq anti-Azərbaycan kampaniyasından və bununla mübarizədən söz açıb. İ.Əliyev eyni zamanda, Ermənistanla münasibətlərin normallaşması məsələsinə də toxunub. Prezident xatırladıb ki, İkinci Qarabağ müharibəsində məhz Azərbaycanın təşəbbüsü ilə sülh danışıqları başlayıb: “O vaxt nə Ermənistan, nə başqa ölkələr, ümumiyyətlə, gələcək nədən ibarət olacaq, bu haqda heç öz fikirlərini formalaşdırmamışdılar. Bizim təşəbbüsümüz idi. Bir müddət sonra görəndə ki, bu, cavabsız qalır, biz artıq əsas baza prinsiplərini ortaya qoyduq, onları ictimailəşdirdik və artıq proses başlamışdır. Ancaq nəyi görürük? Görürük ki, Ermənistan bu məsələni süni şəkildə uzadır”.
“Bu günə qədər - bizim birinci layihəmiz Ermənistana göndəriləndən bu günə qədər 10 şərhlər mübadiləsi olmuşdur və hər dəfə müəyyən müddəalar razılaşdırılırdı, yəni bu işdə tərəqqi var idi. Bunu biz necə var, elə də deməliyik. Amma bununla yanaşı, aylar keçdikcə, təbii olaraq biz gözləyirdik ki, Ermənistan öz şərhlərini bizə daha operativ və çevik verəcək. Ancaq biz bunun tam əksini gördük. Son variantın onlardan alınmasını biz 70 gün gözləməli olduq. İyunun 24-də bizim şərhlərimiz onlara göndərildi və avqustun sonunda, ya da ki, sentyabrın əvvəlində onlar bizə cavab göndərmişdilər. Bu cavab nədən ibarət idi? Bütün razılaşdırılmamış müddəalar onların variantında sülh müqaviləsindən çıxarıldı. Yəni bu dərəcədə primitiv və qeyri-adekvat addım, sözün düzü, gözlənilən deyildi. Mətndən çıxarılmış, yəni onların istəyi ilə çıxarılması nəzərdə tutulan müddəalar vacibdir. Onlarsız sülh müqaviləsi natamam olacaq. Ona görə bu qədər qeyri-səmimi münasibət bizi təbii olaraq düşündürür”, - deyə Prezident vurğulayıb.
Azərbaycan lideri bildirib ki, səsləndirdiyi amillərlə yanaşı, “əgər bütün bu amilləri necə deyərlər, bir çərçivəyə salsaq, görərik ki, həm sürətli silahlanma, revanşizm meyilləri, həm də Ermənistanın himayədarlarının bizə qarşı yenidən Qarabağ mövzusunu ortaya atması, sülh müqaviləsinin gedişatında qeyri-adekvat və qeyri-səmimi münasibət, vaxt uzatma taktikası və digər məqamlar deməyə əsas verir ki, Ermənistan, əslində sülh istəmir, vaxt uzatmaq, bu vaxtdan istifadə edərək, xarici himayədarların dəstəyi ilə hərbi potensial qurmaq” istəyir: “Artıq bəzi Avropa ölkələrinin və təkcə Avropa deyil, digər Qərb ölkələrinin nümayəndələri Ermənistan ordusunda işə başlayıblar. Bizim sərhədimizdə qanunsuz olaraq dırnaqarası “Avropa sülh”, ya bilmirəm, “müşahidəçi” missiyası yaradılıb. Halbuki bu, əldə edilmiş razılaşmanın pozulmasıdır. Mən həm Avropa İttifaqına, həm Ermənistana onu da xatırlatmaq istəyirəm ki, 2022-ci ilin Praqa görüşündə razılıq əldə edilmişdir ki, - bəli, biz də razılıq vermişdik, - Ermənistan tərəfində şərti sərhəd istiqamətində kiçik sayda müşahidəçi missiya yerləşsin, cəmi iki, ya üç aylıq. Yəni bizimlə bu razılaşdırıldı. Amma ondan sonra bizsiz bunu uzatdılar, onların sayını artırdılar, oraya Kanadadan nümayəndələr daxil edildi və faktiki olaraq bu missiya NATO missiyasıdır. Ondan sonra bizə qarşı “Binokl diplomatiyası”, deməli, siyasəti aparılırdı. Gecə-gündüz xarici nümayəndələr gəlirdi, binoklla bizə baxırdı. Nə göstərmək istəyirdilər bizə?! Bu, nə demonstrasiyadır, nə ucuz şoudur?!”.
“Bütün bu amillər bizi ciddi düşündürməlidir və təbii ki, düşündürür. Ona görə Ermənistanla normallaşma əgər onlara lazım deyilsə, deməli, bu olmayacaq. Biz hər halda öz mövqeyimizdən bir addım geri atmayacağıq. Kim nə istəyir desin, vasitəçilər də bizə lazım deyil. Düzdür, indi bəzi vasitəçilik təkliflərinə biz etiraz etmirik, sadəcə olaraq, siyasi nəzakət naminə. Ancaq əslində bizə vasitəçi lazım deyil. Biz Ermənistanla dövlət sərhədinin delimitasiyasını vasitəçilərsiz etdik... Biz nəinki delimitasiyanı, hətta demarkasiyanı da başlamışıq. Ona görə danışıqlarda da bizə heç bir vasitəçi lazım deyil. Ermənistan da buna bel bağlamasın. Ümumiyyətlə, heç kimə bel bağlamasın. Onlar əgər bu coğrafiyada yaşamaq istəyirlərsə və təhlükəsizlik şəraitində yaşamaq istəyirlərsə, öz qonşularına qarşı siyasətlərində ciddi düzəlişlər etməlidirlər. İkincisi, nə onlar, nə onların arxasında duranlar 30 illik işğalı heç vaxt unutmamalıdırlar. Amma bunu unutmaq istəyirlər və unutdurmaq istəyirlər. Sanki bu işğal olmayıb. İkinci Qarabağ müharibəsinin nəticələrini unutmamalıdırlar, Ermənistan ordusu darmadağın edilmişdir. Ermənistan kapitulyasiya aktını imzalamışdır. Ondan sonra mən əmr verdim və Azərbaycan Ordusunun şanlı Zəfər yürüşü dayandırıldı. Bugünkü reallıq bir daha göstərir ki, bu nə qədər düzgün addım idi, ondan sonrakı hadisələr də göz qabağındadır və nəticə etibarilə 20 Sentyabr - suverenliyimizin tam bərpa edilməsi günü unudulmamalıdır və bu tarixi həqiqət danışıqlar masasında da daim olmalıdır”, - Prezident vurğulayıb və əlavə edib ki, “bizim şərtlərimiz yerində qalır. Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə birbaşa onlar cavabdehlik daşıyacaqlar və təbii olaraq, bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Onların konstitusiyasına dəyişiklik edilməlidir, Minsk Qrupu da ləğv olunmalıdır”.
Azərbaycan liderinin Ermənistana və ona havadarlıq edən qüvvələrə yönəlik mesajlarını AYNA-ya müsahibəsində şərh edən analitik Asif Nərimanlı deyib ki, Prezidentin çıxışında Ermənistanla bağlı mesajları bir neçə hissədə qiymətləndirmək olar:
- Birincisi, sərhəddə baş verə biləcək istənilən təhdidin qarşısının alınacağına dairdir. Əliyev qeyd etdi ki, “əgər biz real təhdid görsək, o təhdidi istənilən ərazidə məhv etmək bizim üçün böyük çətinlik yaratmayacaq”. Bu, rəsmi İrəvana təhdid olacağı təqdirdə, hazırda şərti olan sərhədlərin irəli – Azərbaycanın tarixi torpaqlarının dərinliklərinə doğru çəkilə biləcəyinin xəbərdarlığıdır. 44 günlük müharibədən sonra sərhəddə baş verən erməni təxribatlarının yekun nəticəsi ordumuzun strateji yüksəkliklərə nəzarəti bərpa etməsi olub. Təcrübə də göstərir ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusu qarşısında müqavimət gücünə malik deyil. Sonuncu ciddi zərbəni 2022-ci ilin sentyabr döyüşlərində almışdılar. Lakin mövcud vəziyyətdə silahlanan Ermənistanın sərhəddə təxribat törədə biləcəyi gözləntisi var və baş verənlər Bakıda yaxından izlənilir. Prezident təxribatlara qarşı atılacaq addımların anonsunu verdi.
İkincisi, Ermənistana kənar qüvvələrə, xüsusilə, regionda olmayan oyunçulara güvənməmək haqda verilən mesaj idi. İrəvanın Bakı ilə danışıqlara Qərbdə onları dəstəkləyən ölkələri vasitəçi kimi daxil etmək istəkləri bəllidir. Prezident bir daha vasitəçisiz danışıqların əsas platforma olduğunu elan etdi və İrəvana “üçüncü tərəflərə güvənməmək” mesajı verdi. Əks təqdirdə, normallaşma və sülh sazişinin imzalanması sual altına düşəcək.
Üçüncüsü, silahlanmanın Ermənistanın öz əleyhinə olduğu mesajıdır. Qərb qüvvələri – ABŞ və Fransa başda olmaqla, Ermənistanı sürətlə silahlandırır. Təbii ki, onların məqsədi bölgədə Ermənistan üzərindən möhkəmlənməkdir və buna nail olmaq üçün İrəvanı revanşizmə həvəsləndirirlər. Əliyev bunun Ermənistan üçün ağır nəticələrinin olacağı haqda xəbərdarlı etdi.
Dördüncüsü, Əliyev Bakının öz tələblərindən geri çəkilməyəcəyi haqda dedikləri idi. Bu tələblərdən biri də Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistan Konstitusiyası və digər normativ-hüquqi aktlarının dəyişdirilməsidir. İrəvan bunu icra etmədiyi müddətdə sülhün əldə edilməyəcəyinin mesajı verildi.
- Ölkə başçısının silahlanmaya üstünlük verilməsinin vacibliyindən danışması yeni savaşın anonsu sayıla bilərmi?
- Burada əldə olunan qələbənin qorunması əsas həlledici amildir. Çünki qələbə qazanmaq hələ hər şey deyil, onun qorunub saxlanılması vacibdir. Xüsusilə, Ermənistanda revanşizmin körüklənməsi fonunda. Tarixi təcrübə sübut edir ki, ermənilər Azərbaycanın zəiflədiyi ana qədər gözləyə və yenidən hücuma keçə bilərlər. Əliyev də çıxışında bu məsələyə toxundu. Ordunun gücləndirilməsi, silahlanmaya diqqətin ayrılmasının obyektiv səbəbi budur. Subyektiv səbəb gəlincə, bu, hazırda bölgədə baş verənlərdən qaynaqlanır. İrəvana silah partiyalarının axınını müşahidə edirik. Fransa başda olmaqla, silah verən ölkələr əvvəlcə bunu “Ermənistanın özünümüdafiə qabiliyyətinin artırılması” bəhanəsi ilə izah edirdilər. Halbuki ermənilərə “Sezar” kimi hücum silahlarının verilməsi yeni eskalasiyaya hazırlıq kimi görünür. Azərbaycan da hadisələrin inkişafına uyğun addım atır. Əgər silahlanmanı dayandırsaq, zamanla bölgədə balans Ermənistanın xeyrinə dəyişə bilər, yaxud güc balansı bərabərləşər. Bu da Ermənistanın Azərbaycana qarşı iddialar irəli sürməsində şərtləndirici amil ola bilər. Azərbaycan silahlanmaya diqqət etməklə məhz bu balansın əleyhinə dəyişməsi perspektivinin qarşısını alır.
- Ermənistanda revanşistlərlə yanaşı, rəsmi İrəvanın da müharibənin nəticələri ilə barışmaması, qarşı tərəfin silahlanması yeni müharibə riskini yüksəltmir?
- Əlbəttə, yeni müharibə riski var. Əvvəl Ermənistan hakimiyyəti sülhdə maraqlı tərəf kimi görünürdü, iddiaları isə revanşistlər irəli sürürdü. Lakin situasiya dəyişdi, artıq Ermənistan hakimiyyəti daha iddialı çıxışlar edir. Bu da məhz onlara verilən silahlardan qaynaqlanır. Belə demək mümkünsə, Paşinyanı Azərbaycana qarşı çıxışlara həvəsləndirən Ermənistana verilən silahlardır. Ermənistana göndərilən silahları, xüsusilə hücum xarakterli olanları incələdikdə sual yaranır: bu silahlar kimə qarşı istifadə ediləcək? Cavabın Azərbaycan olduğu bəllidir.
Ermənistan sərhəddə müəyyən üstünlük əldə etmək və danışıqların gündəliyini dəyişmək üçün belə bir eskalasiyada maraqlı görünür. Onu silahlandıran ölkələr isə Ermənistanın “müdafiə edilməsi” adı altında öz qüvvələrini bölgəyə yerləşdirməkdə maraqlıdırlar. Buna zəmin yarada biləcək amil Ermənistan-Azərbaycan sərhədində baş verən biləcək toqquşma ola bilər. Əliyevin çıxışında da müharibə risklərin olduğu haqqda nüanslar yer almışdı.
- Sülh sazişi, danışıqlarla bağlı prezidentin dediklərini necə şərh etmək mümkündür?
- Prezidentin dediklərindən bəlli olur ki, Ermənistan sülh sazişi layihəsi üzərində kəskin korektlər edir, gah yeni bəndlər daxil edir, gah razılaşdırılmış bəndləri çıxarır və s. Əslində Ermənistanın davranışları, verilən bəyanatlar bunun belə olduğunu göstərirdi. Məqsəd zaman qazanmaq, Qərb tərfdaşlarının dəstəyi ilə hərbi potensialını artırmaq və Azərbaycana yenidən hücum etməkdir. Prezident də çıxışı zamanı bunu təsdiqlədi. Bildirdi ki, “Ermənistan, əslində, sülh istəmir, vaxt uzatmaq, bu vaxtdan istifadə edərək, xarici himayədarların dəstəyi ilə hərbi potensialını gücləndirmək istəyir”. Reallıq bundan ibarətdir. Azərbaycan Prezidenti bunu açıq mətnlə bəyan etdi və bir daha mesaj verdi ki, “sülh sazişi yalnız bizim tələblərimiz çərçivəsində” imzalana bilər.
- Prezidentin mesajlarından Ermənistan hansı nəticələri çıxaracaq?
- Ermənistan hakimiyyətinin ciddi nəticələr çıxaracağı və davranışlarını korektə edəcəyi ehtimalı azdır. Əksinə, yeni təxribatlara əl atacaqları gözləntisi hər keçən gün güclənir. Burada məsələləri təkcə Ermənistanın Baş naziri Niklol Paşinyan həll etmir. Əksinə, Ermənistanı silahlandıranlar, xüsusilə, Fransa İrəvanın sərbəst qərarvermə imkanlarını məhdudlaşdırıb. Bu baxımdan, Ermənistan Azərbaycan Prezidentinin verdiyi mesajlardan nəticə çıxarsa belə, bunu praktiki müstəvidə icra edə biləcəyi sual altındadır.