Hakim partiya və iki müxalifət partiyası parlamentin aşağı palatasına birgə qanun layihəsi təqdim edib
Yaponiyanın hakim Liberal Demokrat Partiyası (LDP), koalisiya tərəfdaşı olan Yaponiya Yenilənmə Cəmiyyəti və iki müxalifət partiyası konstitusiya dəyişiklikləri ilə bağlı milli referendum keçirilməsi prosedurunu aydınlaşdırmaq üçün parlamentin aşağı palatasına birgə qanun layihəsi təqdim ediblər. AYNA.AZ “Kyodo” agentliyinə istinadən bildirir ki, qanun layihəsinin parlament iclasında qəbul edilməsi gözlənilir.
Hazırkı qanun layihəsi Yaponiya Konstitusiyanın, xüsusən də hərbi qüvvələrin yaradılmasından imtinanı və müharibədən beynəlxalq mübahisələrin həlli vasitəsi kimi istifadəni elan edən 9-cu maddənin yenidən işlənməsi kampaniyasını canlandırmaq məqsədi daşıyır.
Hakim LDP və müttəfiqləri bu müddəanın əhəmiyyətli dərəcədə dəyişdirilməli olduğuna inanırlar. Onlar həmçinin Yaponiya silahlı qüvvələrinin hüquqi statusu ilə bağlı bəndin daxil edilməsini müdafiə edirlər.
İkinci Dünya müharibəsindən sonra qəbul edilmiş Yaponiya Konstitusiyası heç vaxt yenidən işlənməyib. Ona edilən dəyişikliklər parlamentin hər iki palatasının üzvlərinin üçdə ikisinin səs çoxluğunu tələb edir. 2026-cı ilin fevral seçkilərindən sonra LDP parlamentin əsas aşağı palatasında yerlərin üçdə ikisindən çoxunu qazanıb, lakin yuxarı palatada hələ də sadə çoxluğa sahib deyil. Bundan əlavə, parlamentin Konstitusiyanı yenidən nəzərdən keçirmək qərarından sonra belə, məsələ Yaponiyada heç vaxt keçirilməmiş milli referenduma təqdim edilməlidir.