Rəsmi Bakının 5 maddəlik sülh təklifi: İrəvandan gələn cavab qəbuledilməzdir

Siyasət

16.03.2022 - 15:35

Tofiq Abbasov: "Ermənilərin əsas problemi qətiyyətli bir mövqe sərgiləyə bilməmələridir"

Asif Nərimanlı: "Bununla da, İrəvan danışıqları başlamamış "dəfn edir". Çünki rəsmi Bakı “status” məsələsini birdəfəlik bağlayıb" 

Ötən həftə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib ki, rəsmi Bakı İrəvana sülh və münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət sənəd paketi göndərib və cavab gözləyir. Nazir iki ölkə arasında uzun illərdir münasibətlərin olmamasının əsas səbəbinin işğal faktoru olduğunu söyləyərək deyib ki, münasibətlərə xələl gətirən işğal faktoru indi aradan qalxıb: "Azərbaycan tərəfi keçmişin bütün çətinliklərinə və problemlərinə baxmayaraq, Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıdır". 

"Bir il əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Ermənistana “Sülhü imzalamağa hazırıq” mesajını verdi və bir ildir Ermənistan tərəfindən təklifimizə cavab yoxdur. Azərbaycan bu yaxınlarda Ermənistana xoşməramlılığını nümayiş etdirmək üçün yeni bir təklif irəli sürüb. Bəzi məsələlərin həlli üçün Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşmalıdır", - deyə Bayramov söyləyib. 

Nazirin sözlərinə görə, rəsmi Bakı əsas prinsipləri təklif edib: "Dövlətlərarası münasibətlərin tənzimlənməsi ilə bağlı əsas prinsiplərə və ənənələrə uyğun olan fikirlərimizi ifadə və təsdiq etdik. Dedik ki, “Biz münasibətləri qarşılıqlı anlaşma əsasında inkişaf etdirməyə hazırıq”. Ermənistan fikrini bildirməlidir. Əgər Ermənistan münasibətlərin normallaşmasını istəyirsə, bu, onlar üçün çox yaxşı fürsətdir. Təklifimiz 5 maddədə yer alır. Prosesin başlanması üçün şərtlər qəbuledilməzdir”.

Martın 14-də Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan təqdim etdiyi sülh təkliflərinə cavab verib. Ermənistan XİN-in bəyanatında qeyd edilib ki, rəsmi İrəvan BMT Nizamnaməsinə, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və Helsinki Yekun Aktına uyğun olaraq, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün danışıqların təşkili ilə bağlı  ATƏT-in Minsk Qrupunun həmsədrliyinə müraciət edib.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) isə həm təklif edilən 5 maddənin nədən ibarət olduğunu açıqlayıb, həm də bununla bağlı Ermənistanın ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciətinə münasibət bildirib. 

XİN-in açıqlamasında deyilir: "Azərbaycanın xarici işlər naziri sülh sazişi ilə bağlı Ermənistana 5 maddəlik təklif göndərdiyini demişdi. Rəsmi İrəvan isə danışıqların təşkil olunması üçün ATƏT-in Minsk qrupuna müraciət edib. Rəsmi Bakı qeyd edir ki, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər".

Azərbaycanın sülh təklifi və Ermənistandan verilən cavabla bağlı fikirlərini AYNA ilə bölüşən politoloq Tofiq Abbasov deyib ki, Ermənistan tərəfi məğlubiyyətləri ilə barışmayaraq Azərbaycanın yaratdığı reallığı qəbul etmir, bunu dəyişməyə çalışmağa cəhd göstərir: "Amma rəsmi İrəvan başa düşməlidir ki, bizim tərəfimizdən regionda yaradılan yeni reallıq dəyişilməz olaraq qalacaq. Azərbaycanın təklif etdiyi sülh prinsipləri tamamilə ədalətlidir. Əvvəldən də biz sülh şərtlərimizi açıqlamışdıq, indi 5 maddəlik təkliflər paketində də mövqeyimizi qoymuşuq. Mövqeyimiz dəyişməyib, bunu Ermənistan anlamalıdır. İrəvandakılar anlamalıdırlar ki, başqa yolları yoxdur. Tezliklə Azərbaycanın şərtlərini qəbul etməli, sülh sazişinin imzalanmasına çalışmalıdırlar". 

"Ola bilsin ki, sülhdən yayınmaq üçün yenə də müxtəlif təxribatlara əl atsınlar. Amma bunlar əbəsdir, eyni zamanda, onların özləri üçün ziyandır. Azərbaycan lideri dəfələrlə bəyan edib ki, istənilən təxribatın qarşısı dərhal alınacaq, Azərbaycana təhdid olarsa, bu, zərərsizləşdiriləcək. Normallaşma proseslərinin getdiyi bir zamanda ermənilərin bu cür addım atması əlaqələr üçün problem yaradacaq", - deyə politoloq əlavə edib. 

T.Abbasov vurğulayıb ki, Ermənilərin əsas problemi qətiyyətli bir mövqe sərgiləyə bilməmələridir: "Sülhdən başqa onların yolunun ona görə olmadığı aydındır ki, müharibə hər şeyi göstərdi. Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsi göstərdi ki, onların potensialı nə dərəcədədir. Azərbaycan Silahlı Qüvvələri istədiyi zaman Ermənistan ordusunu məhv edə bilər. Odur ki, rəsmi İrəvan sülhlə bağlı konkret qərara gəlməli, təklifləri dəyərləndirməlidir. Onlar anlamalıdırlar ki, təhliflər daim masa üzərində qalmayacaq".

Siyasi icmalçı Asif Nərimanlı isə AYNA-ya bildirib ki, Azərbaycan 5 maddəlik paketlə Ermənistana mövcud problemləri qarşılıqlı öhdəlik əsasında həll etməyi və əməkdaşlıq təklif edir. 

Analitik hesab edir ki, son günlər Ermənistan tərəfindən verilən açıqlamalar da qarşı tərəfin sülh sazişinin imzalanmasında maraqlı olduğunu deməyə əsas verir: "Xüsusilə də, Bakının Zəngəzur dəhlizinə alternativ yolun açılması məqsədilə Tehran Anlaşma Memorandumu imzalandı. İrəvan anlayır ki, kommunikasiyanın açılması ilə əldə edə biləcəyi dividentləri itirmək riski yaranıb". 

"Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatı İrəvanın 5 baza prinsipinə əlavəsinin olduğunu göstərir. İrəvan açıqlayır ki, baza prinsipləri ilə bağlı Bakıya cavab veriblər və Azərbaycanla sülh danışıqlarının Helsinki Yekun Aktı və BMT-nin Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktı üzrə təşkil edilməsi üçün Minsk Qrupu həmsədrlərinə müraciət ediblər. Helsinki Yekun Aktında ərazi bütövlüyünün toxunulmazlığı ilə yanaşı, “öz müqəddəratını təyinetmə” məsələsi də əks olunur. O cümlədən, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktı “öz müqəddəratını təyinetmə” prinsipinə əsaslanır", - analitik əlavə edib.

A.Nərimanlının qənaətincə, görünür, İrəvan sülh sazişinə Qarabağdakı ermənilərin “öz müqəddəratını təyinetmə” hüququnu daxil etmək niyyətindədir: "Lakin hər iki beynəlxalq sənəd - Helsinki Aktında və Pakt “müqəddəratı təyinetmə” məsələsinin beynəlxalq hüquqa əsasən ərazi bütövlüyünün pozulması ilə nəticələnməsinə də qarşıdır. Bu o deməkdir ki, Ermənistan qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasına razıdır, lakin Azərbaycanın Qarabağda erməni əhalisinin hüquqlarının təmin edilməsinə zəmanət verməsini istəyir. Eyni zamanda, “müqəddəratını təyinetmə” prinsipi üzrə aparmaq istədiyi sülh sazişi danışıqlarını həmsədrlərə həvalə etməklə Qarabağdakı ermənilər üçün “status” hüququna nail olmağa çalışır". 

"Bununla da, İrəvan danışıqları başlamamış "dəfn edir". Çünki rəsmi Bakı “status” məsələsini birdəfəlik bağlayıb və Qarabağdakı ermənilər Ermənistanın yox, Azərbaycanın daxili məsələsidir", - deyə analitik fikrini tamamlayıb.

Müəllif: Anar Bayramoğlu