“Osmanlıda baş verənlərə görə Türkiyə necə məsuliyyət daşıya bilər?!”

Siyasət

17.12.2019 - 20:18

Toğrul İsmayıl: “Türkiyənin öz ərazisində yerləşən hərbi bazanı ABŞ-ın üzünə bağlamağa tam haqqı çatır”

 

ABŞ Senatı bu günə qədər qondarma “erməni soyqırımı”nı rəsmi olaraq tanıyan qanun layihəsini qəbul etmək istəsə də, respublikaçı senatorların qərarın əleyhinə səsverməsi nəticəsində qərar üç dəfə bloklanmışdı. Sonuncu səsvermədə isə ABŞ Nümayəndələr Palatası "erməni soyqırımının rəsmi tanınmasını" nəzərdə tutan qətnaməni qəbul edib. Lakin qanun layihəsi ABŞ Prezidenti Donald Tramp tərəfindən hələlik öz təsdiqini tapmayıb.

 

Kahramanmaraş Sütçü İmam Universitetinin (KSİU) professoru, politoloq Toğrul İsmayıl mövzu ətrafında AYNA-nın suallarını cavablandırıb.

 

- Toğrul müəllim, ABŞ Senatının qondarma erməni soyqrımı”nı qəbul etməsi, onsuz da soyuq olan ABŞ-Türkiyə münasibətlərinə necə təsir edəcək?

 

- Əslində, bu, gözlənilən bir qərar idi. Bilirsiz ki, bu məsələ ABŞ-da davamlı olaraq gündəmdə idi. Ələlxüsus da son illərdə bu münasibətlər daha da kəskinləşməyə başladı. Hətta, hər iki ölkə liderlərinin görüşməsinə baxmayaraq, ABŞ Senatı yenə də öz istədiyini etdi. Diqqətlə baxsaq, görərik ki, qondarma “erməni soyqrımı” məsələsi, Türkiyəyə qarşı tətbiq edilən sanksiyalarla eyni vaxta təsadüf edir. Lakin əsas məsələ ondan ibarətdir ki, ABŞ Senatının bu qərarı “tarixi gerçəklik”dən daha çox, “ipə-sapa” yatmayan Türkiyəni cəzalandırmaqdan ibarətdir. Belə ki, Türkiyənin Rusiya ilə isti münasibətləri, Rusiyadan S-400 havadan müdafiə sistemlərinin alınması, eyni zamanda Türkiyənin Suriyanın şimalında apardığı antiterror əməliyyatları ABŞ-ın xoşuna gəlmirdi. Elə bu səbəbdən də ABŞ Türkiyəni cəzalandırmağa çalışır.

Mərahim Nəsib