“Gözlədiyimiz xilaskar diktatora çevriləcək”

Siyasət

25.08.2019 - 17:41

Natiq Cəfərli: “Xilaskar şəxs deyil, biz özümüzük, hamımız toplum olaraq, cəmiyyət olaraq xilaskarıq”

 

“Dünya tarixinə baxanda görürük ki, normal, seçkili, hesabatlı sistemlər qurulana, hakimiyyətin müstəqil məhkəmə qolu yaranana qədər bütün toplumlar xilaskar axtarışında olub, məmləkət dara düşəndə həmişə “ağ atlı oğlan” gözləyiblər. Amma çox zaman həmin xilaskarlar sonra öz xalqlarına da, bəşəriyyətə də zülm edib, müharibələrə, dağıntılara, fəlakətlərə səbəb olublar”.

 

AYNA xəbər verir ki, bu fikirləri REAL Partiyasının icra katibi Natiq Cəfərli sosial şəbəkə hesabında paylaşıb. “Alman xalqı Birinci Dünya Müharibəsindən sonra özünü alçalmış, aşağılanmış hiss edirdi, gözləri-qulaqları xilaskar axtarır, onu eşitmək istəyirdilər. Sonda Hitler gəldi, alman xalqına da, dünyaya da bələlar gətirdi”, - o yazıb.

 

Cəfərlinin sözlərinə görə, İkinci Dünya Müharibəsindən sonra Avropa anladı ki, xilaskar axtarmaqdansa normal sistem qurmaq daha yaxşı və effektivdir: “Bu gün bəzi analitiklər Avropada “Leadership” böhranı olduğunu deyirlər, yəni Avropada güclü və xarizmatik lider böhranı var. Amma mən düşünürəm ki, bu, əla gedişatdır, güclü lider həmişə ölkələri, dünyanı fəlakətlərə “hamilə” qoya bilər. Əsas olan şəxslər deyil, ədalətli və işlək sistemdir”.

 

O, qeyd edib ki, müasir dünyada lider şəxs deyil, funksiyadır: “Yəni bəlli epizodlarda, bəlli məqamlarda məsuliyyəti, o funksiyanı üzərinə ala biləcək adamlar olur, onlar da həmin funksiyanı daşıyaraq qısa zaman kəsimində konkret problemlərin real çözüm yollarını təqdim edirlər. Keçmiş SSRİ və Şərq dünyasında hələ də xilaskar axtarışları davam edir, güclü liderin bütün problemlərin çözümü olduğu düşünülür. Çünki bu məmləkətlərdə hələ də işlək, seçkili, normal sistemlər qurulmayıb, siyasət şəxslər üzərində inşa edilib – nəticə də göz qabağındadır”.

 

“Siyasət komanda oyunudur, ancaq güclü və peşəkar komandaların içindən liderlik funksiyasını normal yerinə yetirə bilən şəxslər çıxa bilər. Komanda yoxdursa, lider də yoxdur”, - icra katibi vurğulayıb.

 

N.Cəfərli daha sonra bunları qeyd edib: “Azərbaycanda xalq xilaskar gözləyib, öz gücünü və həlledici rolunu anlamasa, müxtəlif səbəblərdən ortaya çıxan “xilaskar”, bir müddət sonra diktarora, avtoritar rəhbərə çevrilib ölkəni yenə onillər arxaya atacaq. Xilaskar şəxs deyil, biz özümüzük, hamımız toplum olaraq, cəmiyyət olaraq xilaskarıq, bunu anlasaq, məmləkət doğru yolla gedərək inkişaf edəcək, liderlik funksiyaya çevrilərək seçkili hal alacaq”.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə