İqtisadiyyat üzrə az olan peşələrə müraciət edən əcnəbilər on illik yaşayış icazəsi ala biləcəklər
Qazaxıstan hakimiyyəti müəyyən kateqoriyadan olan əcnəbilərə ölkədə 10 il müddətinə yaşayış icazəsi vermək qərarına gəlib. Fevralın 28-dən etibarən ölkədə xaricdən ixtisaslı mütəxəssislərin cəlb edilməsi üzrə yeni proqram fəaliyyətə başlayacaq. AYNA xəbər verir ki, bu barədə Qazaxıstan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında məlumat yerləşdirilib.
Qeyd edilib ki, iqtisadiyyat üzrə az olan peşələrə müraciət edən əcnəbilər on illik yaşayış icazəsi ala biləcəklər.
“Tələb olunan peşələrə malik əcnəbilər yaşayış icazəsi almaq üçün ödəniş qabiliyyətini təsdiq etmədən sadələşdirilmiş qaydada daxili işlər orqanlarına müraciət edə bilərlər”, - məlumatda vurğulanıb.
Siyahıda müxtəlif sahələr üzrə 21 peşənin nəzərdə tutulduğu qeyd edilib. Siyahıya onkoloqlar, neyrocərrahlar, hematoloqlar, neonatoloqlar, endokrinoloqlar, mühəndislər, bakterioloqlar, İT infrastruktur mütəxəssisləri və başqaları daxildir.
Qeyd edək ki, yanvar ayında Qazaxıstan hakimiyyəti turistlərin ölkəyə giriş və qalma qaydalarını dəyişərək viza rejimini ləğv edib. İndi ölkəyə vizasız gələn əcnəbilər qanuni olaraq 30 gün, ümumilikdə 180 gün olan bir təqvim müddəti ərzində 90 günədək, Avrasiya İqtisadi İttifaqı ölkələrinin (Ermənistan, Belarus, Qırğızıstan, Rusiya) bir təqvim dövrü ərzində 90 gün, 180 gün müddətində qalmalarına icazə verilir.