Qazaxıstanda 9 minə yaxın insan təxliyə məntəqələrində qalıb

Dünya

21.04.2024 - 15:53

“Ümumilikdə ölkə üzrə 22 min 734 nəfər öz evinə qayıdıb”

Qazaxıstanda davam edən daşqınlar səbəbindən 8,8 mindən çox insan təxliyə məntəqələrində qalıb. AYNA xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndəsi Askar Şarip brifinqdə deyib.

“Ümumilikdə ölkə üzrə 22 min 734 nəfər öz evinə qayıdıb. Təxliyyə mərkəzlərində 8809 nəfər qalıb, onlardan 3828 nəfəri uşaqdır. 4536 yaşayış binasından və 2767 həyətyanı sahədən su çəkilib”, - deyə qeyd edib.

FHN nümayəndəsi bildirib ki, Qərbi Qazaxıstan və Atırau vilayətlərindəki Ural çayının məcrasında suyun səviyyəsi xüsusi nəzarətdə saxlanılır, çünki burada ikinci daşqın dalğası baş verə bilər. Bu rayonlarda bəndlərin qaldırılması və möhkəmləndirilməsi, inert materialların kisələrinin düzülməsi istiqamətində işlər aparılır.

Mülki müdafiə qüvvələri Akmola, Aktobe, Atırau, Qərbi Qazaxıstan, Kostanay və Şimali Qazaxıstan vilayətlərində su basmış evlərdən suyun çəkilməsi işlərini davam etdirir. Xilasetmə və daşqınlara qarşı mübarizə işlərində 36 mindən çox insan, 5 min texnika, 16 təyyarə iştirak edir.

Müəllif: Ayna.az