Qanun, Fərman, Haqq: kim və niyə onlara qarşı gəlir?

Cəmiyyət

13.10.2022 - 14:05

Bu qədər insan dövlətə güvənib və güvənir, amma...

Ötən əsrin 90-cı illərinin ikinci yarısında Azərbaycanda dövlət özəlləşdirmə çekləri (vauçer) dövriyyəyə buraxıldı. Həmin dövrdə bu çeklərin vətəndaşların haqqı olduğu qeyd edilir və hər bir vətəndaşın bu çeklərlə özəlləşdirmədə iştirakı nəzərdə tutulurdu. Bununla bağlı Prezident fərmanında və qanunvericilikdə nəzərdə tutulurdu ki, özəlləşdirmə çekləri vətəndaşlara əvəzsiz olaraq verilir və özələşdirməyə çıxarılacaq dövlət əmlakının 65 faizi onlara məxsusdur.

Eyni zamanda “Qiymətli kağızlar haqqında” Azərbaycan Respublikasının Qanununda qiymətli kağızlar üçün zaman məhdudiyyəti nəzərdə tutulmurdu və dövlət qiymətli kağızı olaraq özlləşdirmə çekləri də dəyərini qorumalı idi.

2011-ci ildə, heç bir əsas və zəruri açıqlama gətirilmədən, özəlləşdirmə çeklərinin tədavül müddətinin başa çatdığı elan edildi. Bunun özü “Qiymətli kağızlar haqqında” Qanunun tələblərinin aşkar şəkildə pozulması demək idi. Özəlləşdirmə prosesi əhalinin maariflənmə səviyyəsinin aşağı olduğu, müvafiq qurumların bu işləri həyata keçirmədiyi, prosesin qüsurlu, bir qrup məmur və işbazın maraqlarına xitab etdiyi bir şəraitdə təşkil olundu. Və yüzminlərlə vətəndaşın haqqı (çekləri) nəzərə alınmadı.

Təbii, çek sahiblərinin konstitusion haqqı idi ki, əllərindəki çekləri satmasınlar və ədalətin bərpa ediləcəyi dövrə qədər vauçerlərini qoruyub saxlasınlar. Saxlayırlar da...

Bu mənada, hökumətdəki bəzi maraq sahiblərinin “Sizin kifayət qədər vaxtınız var, özəlləşdirmə çeklərinizi sataydınız” kimi açıqlamaları da məntiqsiz və əsassızdır.

Vətəndaş çekini harada satmalıydı? “Qara bazar”damı? Həmin “qara bazar”lar daha çox varlanmaq üçün məmur oliqarxiyasına aid deyildimi? Onlar bu bazarlar vasitəsilə çekləri bir əldə cəmləşdirməyə çalışmırdılarmı?

Özəlləşdirmə çekləri ilə bağlı fərman və qanun mükəmməldir. Orada inflyasiyadan qorunmaqla özəlləşdirmə çekləri üçün məbləğ də müəyyən edilmişdi. Həmin məbləğ, ən azı 2000 (iki min) ABŞ dolları həddində idi.

Əgər bütün bu qanunlar pozulacaqdısa, bu halda hansı zərurətdən özəlləşdirmə çeklərinin əvəzsiz pay olduğunu elan etdilər? Yaxud əvəzsiz pay bir gün dəyərsiz kağız parçasına çevriləcəkdisə, buna nə zərurət var idi?

Milli Məclisin deputatları, ictimai-siyasi xadimlər, elm və mədəniyyət xadimləri, hüquq müdafiəçiləri, iqtisadçılar, hüquqşünaslar, əmlak ekspertləri aylardır ki, Azərbaycan hökumətinə çağırışlar edir, özəlləşdirmə çekləri əllərində qalan vətəndaşların hüquqlarını bərpa etməyə səsləyirlər. Çekləri əlində qalan vətəndaşlar Baş nazirə (bununla bağlı müvafiq komissiyaya rəhbərlik edən Əli Əsədova), aidiyyəti qurumlara müraciətlər edirlər. Lakin bu müraciətlərə heç bir cavab verilmir. Niyə?

Ya da qısa və təkrarçı açıqlamalarla vətəndaşları “yola verir”, bununla da öz işlərini bitmiş sayırlar.

AYNA özəlləşdirmə çekləri ilə bağlı tanınmış şəxslərin indiyədək səsləndirdikləri bəzi mühüm məqamları diqqətə çatdırır:

Zahid Oruc, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri:

“Parlament üzvü kimi bildirim ki, müxtəlif vətəndaşlarımızın çoxsaylı müraciətləri fonunda özəlləşmə çekləri ilə bağlı məsələ bu və ya digər formada gündəmdə özünə yer edib. Bu məsələdə müvafiq dövlət strukturlarının daha geniş izahatlar aparmasına və bir sıra addımlar atmasına ehtiyac var. Çünki istər hüquqi, istərsə də taktiki məsələlərdə, bəlkə də, Konstitusiya Məhkəməsi səviyyəsində hüquqi təsvirə ehtiyac olan mövzular var. Bu yöndə müraciət edən şəxslər, əsasən, konkret arqumentlərlə çıxış edirlər. Sovet dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir. Bu çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Əksər şəxslər özəlləşdirmə prosesində iştirak edə bilmədiklərini irəli sürürlər və o çekləri hələ də saxlayırlar. Tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində çeki qalan şəxslərlə bağlı konkret addımlar atılmalı və ya onların hüquqlarının bərpası üçün özəlləşmə zamanı hansısa payı özündə ehtiva edən mülklərlə bağlı tədbirlər görülməlidir. Fikrimcə, bu məsələdə hüquqi cəhətdən mübahisələndiriləcək məqamlar yetərincədir”.

Azər Badamov (Milli Məclisin və YAP İdarə Heyətinin üzvü):

“Özəlləşdirmə çekləri bütün vətəndaşlara pay şəklində verilib və istifadə müddəti bitdikdən sonra çeklərin özəlləşdirmə məsələləri dayandırılıb. Düşünürəm ki, əlində çekləri qalan insanlar üçün özəlləşdirmə çeklərinin dövriyyəsinin bərpası yaxşı olardı. Bu halda insanlar əllərindəki özəlləşdirmə çeklərini əmlak özəlləşdirilməsində istifadə edə bilərlər. Özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması insanların sosial rifahına müsbət təsir göstərəcək. Bu, həm də insanların aldıqları pay idi və istifadəsiz qalıb. Ona görə də bu barədə düşünmək lazımdır. Təbii ki, bununla bağlı hökumətin qərarı olmalıdır. Bununla bağlı qərarın olması çox müsbət addım olardı”.

Fikrət Yusifov (sabiq maliyyə naziri, iqtisadçı alim):

“Çünki onlar həmin çekləri alarkən çox böyük ümidlə, məqsədlə alıb, düşünüblər ki, gələcəkdə hansısa müəssisədə pay sahibi olacaqlar, öz ailələriinin, övladlarının gələcəyini burada görüblər. Mənə də - İctimai Nəzarət Mərkəzinə çoxlu zənglər gəlir, biz bunun ictimai müzakirəsini də keçirəcəyik. Burada həm dövlət qurumları iştirak edəcək, həm QHT-lər, həm də sadə vətəndaşlar. Burada ədalət bərpa olunmalıdır. Bu insanların günahı nədir ki, özəlləşdirilən müəssisəslərini hansısa oğru məmurlar alıb, ağzına qıfıl vurublar, o müəssisə işləmir və vətəndaş öz özəlləşdirmə çekinə uyğun olaraq pay ala bilmir?! Özəlləşdirmə çekləri üçün zaman məhdudiyyəti nəzərdə tutulmayıb. Əgər qanun belə deyirsə, hansı məntiqlə tədavül müddətinin başa çatdığını elan ediblər?! Müvafiq qurumlar bu məsələyə aydınlıq gətirməlidir”.

Çingiz Qənizadə (Demokratiya və İnsan Haqları Komitəsinin sədri, keçmiş deputat):

“Özəlləşdirmə çekləri qiymətli dövlət kağızı olduğuna görə tədavül müddəti yenidən artırılmalıdır. Bu, əhəmiyyətli dövlət sənədidir və üzərində qeyd olunub ki, Azərbaycan vətəndaşı üçün nəzərdə tutulub. Əgər belə bir qeyd varsa və qanunla müddət nəzərdə tutulmayıbsa, hansı məntiqlə tədavül müddəti başa çatıb?! Hesab edirəm ki, keçmişə yox, gələcəyə baxmalıyıq. Ölkə vətəndaşları, özəlləşdirmə çekləri əllərində qalan vətədaşlar və ailə üzvləri Baş nazirə, dövlət rəmsilərinə bununla bağlı müraciət ediblərsə, müraciətə cavab verilməlidir. İnanıram ki, veriləcək də. Şəxsim və ailə üzvlərim də daxil, yüz minlərlə vətəndaş bu gün də tarixi ədalətin bərpa olunacağı, əllərində qalan çeklərin yenidən dəyər qazanacağı günü gözləyir”.

Sərdar Cəlaloğlu (Azərbaycan Demokrat Partiyasının sədri):

“Azərbaycanda bu qədər vauçerlərin əldə qalması sübut edir ki, özəlləşdirmə qanuna zidd şəkildə həyata keçirilib. Buna görə də dövlət əmlakını, vətəndaşların əmlakını qeyri-qanuni mənimsəyən adamlardan həmin əmlak alınmalı, daha sonra vətəndaşların iştirakı ilə özəlləşdirilməlidir. Bu prosesin həyata keçirilməsi olduqca ağrılı olacaq. Çünki özəlləşdirilən müəssisələrin əksəriyyəti dağıdılıb. Ona görə də indi özəlləşdirilməyə nəsə qalmayıb. Çünki çeklərdə söhbət Sovet dövründən qalmış ictimai və dövlət əmlakının özəlləşdirilməsindən gedir. Bu, vətəndaşların halal haqqıdır, tədavül müddəti və digər bu kimi mənasız bəhanələrlə onların hüquqlarını pozmaq olmaz”.

Tural Abbaslı (AĞ Partiyanın başqanı):

“Xeyli vətəndaşın əlində vaxtı ilə dövlət tərəfindən verilmiş özəlləşdirmə çekləri qalıb. Amma bu gün həmin çeklər özəlləşdirmə prosesində iştirak etmir, heç bir işə yaramır. Çünki müddəti bitmiş sayılır. Hansı ki, bunun özü qanunsuzdur. Qanunda “tədavül müddəti” deyilən anlayış yoxdur. Dövlət özü təminat verdiyi özəlləşdirmə çeklərinə, onlara sahib olan vətəndaşlara sahib çıxmalıdır. Özəlləşdirmənin hansısa mərhələsində vauçerlərin istifadəsini təmin edən qanun layihəsi də müzakirə oluna bilər. Hələlik müvafiq qurumların belə bir addım atmaq niyyəti yoxdur. Bu isə yüzminlərlə vətəndaşın hüquqlarının pozulması deməkdir. Onları Allahın ümidinə buraxmaq olmaz”.

Mirvari Qəhrəmanlı (hüquq müdafiəçisi):

“Özəlləşdirmə çekləri üçün inflyasiyadan qorunmaqla müvafiq məbləğ müəyyən edilmişdi. Qanunda özəlləşdirmə zamanı vətəndaşların 65 faiz pay sahibi olması nəzərdə tutulurdu. Bunların heç biri baş vermədi və bir də onda ayıldıq ki, artıq hər şey arxada qalıb. Hökumət gec də olsa, bu məsələyə yenidən qayıtmalıdır. Heç olmasa, əllərdə qalan çeklərin sahibləri üçün müəyyən imkanlar yaradılmalıdır. Ya tədavül müddətini artırmaq, ya da kompensasiya ödəmək şəklində onlara dəymiş ziyan kompensasiya olunmalıdır. “Tədavül müddəti” deyilən anlayış yoxdur və bu, əsas vermir ki, yüzminlərlə insanın hüququ pozulsun”.

QEYD

Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.

Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün  özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.

Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var.

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Müəllif: Aydın Gəray