Təhsil sistemində maraqlı yeniliklər tətbiq olunacaq

Cəmiyyət

09.12.2019 - 12:48

Ali təhsildə yararsız ixtisaslar çıxarılacaq, dual sistemə keçiləcək

 

“Beş ildən çoxdur ki, ali təhsil ocaqlarında karyera mərkəzləri var. Karyera mərkəzləri tələbələrin məşğulluq səviyyəsini araşdırır, onların iş bacaraqlarını öyrənir. Tələbələr praktika keçdikləri yerlərdə sonradan əmək fəaliyyəti ilə məşğul olurlar”.

 

Bu barədə AYNA-ya Təhsil Nazirliyinin (TN) Ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Yaşar Ömərov açıqlama verib. Onun sözlərinə görə, əmək bazarında peşə təhsilli insanlara daha çox ehtiyac faktı var.

 

“Ali məktəblərdə hansı ixtisasa tələb olub-olmaması ilə bağlı monitorinqlər keçirilib. Bu qəbildən işlər Təhsil Nazirliyi ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birgə aparılıb. 2015-ci ildən başlayaraq, Nazirliyimiz əmək bazarında olan ixtisasları araşdırıb, məlum olub ki, bəzi ixtisaslar dünya təcrübəsinə artıq cavab vermir. Bu səbəbdən ixtisasların yeni təsnifatı hazırlanıb və artıq Nazirlər Kabineti tərəfindən təsdiq olunub”, - TN rəsmisi bildirib.

Raminə Eyvazqızı