Putin: “Qarabağ münaqişəsi onilliklərdir ki, davam edir, buna son qoymaq lazımdır”

Aktual

31.10.2022 - 16:21

Rusiya Prezidenti Ermənistanın Baş naziri ilə görüşüb

Rusiya Prezidenti Vladimir Putin Soçidə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. AYNA Rusiya mediasına istinadən bildirir ki, Putin Ermənistan rəhbərliyinin Azərbaycanla münaqişəni həll etmək üçün siyasi iradəyə malik olduğunu bəyan edib.

“Bu gün keçiriləcək görüşlərdə irəliləyiş əldə olunacağına ümid edirəm. Bilirəm ki, bunun üçün sizin siyasi iradəniz var və biz bunu hər cür dəstəkləyirik. Biz indi, sonra isə üçtərəfli formatda irəliləyişə imkan verəcək əsas məqamları tapmalıyıq”, - deyə Putin Paşinyanla görüşündə bildirib.

“Bu münaqişə onilliklərdir ki, davam edir, ona görə də buna nə vaxtsa son qoyulmalıdır. Nəqliyyat kommunikasiyalarının açılması həmçinin iqtisadiyyat və sosial sahənin inkişafı ilə əlaqədardır. Ən önəmlisi – sülhü təmin etmək və inkişaf üçün şərait yaratmaqdır. Ermənistan bizim strateji müttəfiqimizdir. Bu bizim üçün xüsusi vəziyyətdir. Üçtərəfli görüşdə hansısa razılaşmaların əldə ediləcəyinə ümidvaram”, - Putin əlavə edib.

Müəllif: Ayna.az