“Sovet vaxtı ölkəmizdə ikimərtəbəli çarpayı və lazımi avadanlıqlarla təchiz edilmiş xüsusi bomba sığınacaqları var idi”
Azərbaycanda İkinci Dünya Müharibəsi dövründə bombardmandan gizlənmək üçün sığınacaqların inşasına başlanıldı. Mühəndislərin düşündüyü bu xüsusi quruluşlu tikili bombardman zamanı mülki insanları qorumaq məqsədi daşıyırdı. Və elə o dövrdən keçmiş SSRİ-nin bir çox şəhərlərində çoxmərtəbəli binaların zirzəmiləri də bombadan sığınacaq kimi istifadə olunurdu.
Azərbaycanda mülki əhalinin Ermənistan tərəfindən bombalanması hallarının intensivliyinin artması ölkəmizdəki bomba sığınacaqları mövzusunu gündəmə gətirib. Azərbaycan Memarlar İttifaqının rəhbəri Elbəy Qasımzadənin AYNA-ya dediyinə görə, ölkəmizdəki çoxmərtəbəli binaların zirzəmiləri Sovet dövründən bomba sığınacaqları rolunu oynayıb.
“İndi bu zirzəmilər gözəllik salonlarına və dükanlara çevrilib. Ölkəmizdə ayrıca ikimərtəbəli çarpayı və lazımi avadanlıqla təchiz edilmiş xüsusi bomba sığınacaqları da var idi. Bu bomba sığınacaqlarının sonrakı taleyi mənə məlum deyil”, - o bildirib.
İttifaq rəhbəri hesab edir ki, yeni binaların – “göydələnlərin” altında inşa edilən avtodayanacaqlar bomba sığınacaqları rolunu oynaya bilər.
Sovet dövründən qalan bomba sığınacaqlarından bu gün istifadə edilirmi? AYNA həm bu suala, həm də “çoxmərtəbəli binaların zirzəmilərindən bomba sığınacaqları kimi istifadə edilirmi” sualına cavab axtarıb. Əməkdaşımız cəbhə bölgələrinin - Gədəbəy və Tovuzun, habelə ermənilər tərəfindən kütləvi atəşə tutulan Gəncə şəhərinin icra hakimiyyətinə üz tutub.
Gədəbəy Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Natiq Nağıyevin deyib ki, rayonda Sovet dövründən qalan bir neçə bomba sığınacağı var: “Bütün bu bomba sığınacaqları qəzalı vəziyyətdə idi. Ancaq onları bərpa etdik. Bizim şəhərimizdəki zirzəmilər mağazalar və gözəllik salonları üçün istifadə olunmur. Bu zirzəmilər erməni bombalarından sığınacaq kimi də istifadə edilə bilər”.
Tovuz RİH başçısının müavini Niftalı Qasımovun da sözlərinə görə, çoxmərtəbəli binalardakı bütün zirzəmilər qaydaya salınıb: “Bunlar bomba sığınacağı kimi istifadə edilə bilər. Fərdi evlərin həyətində də sığınacaqlar yaradılıb”.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi Fərid Abdulzadə də qeyd edib ki, şəhərdə kifayət qədər bomba sığınacaqları var: “Bu bomba sığınacaqlarının hamısı vaxtaşırı yoxlanılır”.
Çoxmərtəbəli binaların zirzəmilərinə gəlincə, icra başçısının köməkçisi “bu barədə heç nə bilmirəm” cavabı ilə kifayətlənərək, onların vəziyyəti barədə danışmaq istəməyib.