Lavrovdan Qarabağ açıqlaması: <font color=red> “Tanımayacağıq”</font>

Aktual

18.01.2021 - 14:32

Rusiyanın XİN başçısı hərbi əsirlər məsələsinə də münasibət bildirib

 

“Rəsmi Moskvanın Dağlıq Qarabağın “müstəqilliyini” tanımaq kimi bir fikri yoxdur”. AYNA Rusiya mediasına istinadən bildirir ki, bu sözləri ölkənin xarici işlər naziri Sergey Lavrov deyib.

 

Nazir bildirib ki, bu bölgədəki bütün məsələləri burada yerləşən ölkələr həll edir: “Problemlərin ilk növbədə Ermənistanla Azərbaycan arasında həll olunması vacibdir. Biz bunu belə hesab edirik.

 

“Rusiya Federasiyası bölgədə sülhü, sabitliyi və təhlükəsizliyi təmin edəcək həll tapmağa kömək etməyə hər zaman hazırdır”, - Lavrov əlavə edib.

 

XİN Başçısı hərbi əsirlər məsələsinə də toxunub. Deyib ki, əsirlərin mübadiləsi 2020-ci ilin 9 noyabrdan 10 noyabra keçən gecə imzalanan bəyanatın tərkib hissəsidir: “Bu məsələ Rusiya Prezidentinin Azərbaycan və Ermənistan liderləri ilə telefon danışıqlarında müzakirə olunub. Eyni zamanda, məsələ mənim Azərbaycan və Ermənistan XİN başçıları ilə telefon danışıqlarımda müzakirə olunub. Hərbi əsirlərin dəyişdirilməsi olduqca uzun davam edən 11 yanvar Moskva görüşündə də müzakirə edilib. Əgər ətraflı desək, həqiqətən də, Ermənistan tərəfində daha çox problemlər olub. Gərək hər iki tərəf əsirlərin siyahısını verərdi. Azərbaycan tərəfi həmin siyahını verib. Bu siyahı böyük deyildi. Həmin əsirlər dəyişdirildi. Əsir, itkin düşmüşlərlə bağlı daha Azərbaycan tərəfindən məsələ qaldırılmadı. Ermənistan tərəfindən isə bu siyahı dərhal və tam təqdim olunmadı. 9 noyabra kimi əsir düşənlərin mübadiləsi oldu. İndi isə söhbət dekabrın əvvəlində yaranan məsələdən gedir”.

 

“Erməni çağırışçıları noyabrın sonunda Hadruta göndəriliblər. Onlardan 62 nəfəri bir həftə, 10 gün sonra əsir düşüblər. Azərbaycan tərəfi həmin mərhələdə bəyan etdi ki, əsir düşənlər hərbi əməliyyatların dayandırılmasından sonra həmin ərazilərə göndəriliblər. Ona görə də, həmin məsələyə 9 noyabr üçtərəfli bəyanatı çərçivəsində deyil, ayrıca baxmaq lazımdır”, - deyə Rusiyanın XİN başçısı bildirib.

 

Lavrov qeyd edib ki, Rusiya əsirlərin “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsinin tərəfdarıdır: “Mən erməni həmkarımla danışdım. Məlum oldu ki, siyahıda 62 nəfərdən çox əsir var. Bildirim ki, bu mövzu mövcuddur. Bizim sülhməramlılarımız olmasaydı, bunu həll etmək çətin olardı”.

Müəllif: Ayna.az