MİT-in “qaranquş” ovu: İranlı casus qadınlar nə cildlərə girirlər

Aktual

24.12.2020 - 19:34

Həkimlər Klinikalar SEO Xidməti

“Onlar müxtəlif şəxslərlə seksual əlaqələrə girir və əldə etdikləri məlumatları kəşfiyyat qurumuna ötürürlər”

 

Bir müddət əvvəl, İsveçdə 14 il sürgündə olan iranlı müxalifətçi Həbib Çaab Türkiyəyə səfər edəndən sonra itgin düşmüş və iranlı müxalifətçinin İran kəşfiyatına xidmət edən Naci Şərif Zindaşti və adamları tərəfindən İrana qaçırıldığı məlum olmuşdu. Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) bununla bağlı əməliyyat keçirmiş və əməliyyat nəticəsində 11 İran agentini ələ keçirmişdi.

 

Əməliyyat nəticəsində İran kəşfiyyatına xidmət etdiyi sübuta yetirilən Naci Şərif Zindaştinin Türkiyədə narkotik alveri ilə məşğul olduğu və 2007-ci ildə cinayət əməllərinə görə məhkəmə qarşısına çıxarıldığı məlum olub. Həbib Çaabın isə İrandakı etnik ərəblərin haqlarını müdafiə etdiyi üçün sürgün edildiyi və İsveçdə Ərəb Mübarizə Hərəkatının İsveç qoluna rəhbərlik etdiyi təsdiqlənib. Bildirilib ki, Çaab İranın son dövrlərdə casuslar vasitəsi ilə qaçırdığı müxalifətçilərdən sadəcə biri olub.

 

MİT isə prosesin arxasında daha qaranlıq məqamların dayandığını açıqlayıb. Belə ki, Zindaştinin qardaşı oğlunun rəhbərlik etdiyi qruplaşmanın Türkiyə əleyhinə cəsusluq fəaliyyəti göstərməsi üzə çıxıb və haqlarında cinayət işi açılıb.

 

AYNA-nın mövzuya dair suallarını İran üzrə ekspert, siyasi şərhçi Mirəli Ağayev cavablandırıb:

No description available.

- Dekabrın 14-də Türkiyənin Milli İstihbarat Təşkilatının İrana cəsusluq edən 11 Türkiyə vətəndaşını həbs etməsi ilə bağlı məlumatlar yayılmışdı. Daha sonrakı xəbərlərdə həmin şəxslərin kürd əsilli İran vətəndaşı, bu ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən narkobaron Naci Şərif Zindəştinin yaratdığı cəsus şəbəkəsinin üzvləri olduğu açıqlandı. Maraqlı məqamlardan biri budur ki, Zindəşti hələ 2007-ci ildə İranda narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqəli açılmış cinayət işində tutularaq edama məhkum edilib. Amma sonradan o, müəmmalı şəkildə istintaqdan yayınaraq Türkiyəyə “qaçmağa” nail olub. 2018-ci ildə isə İstanbul Prokurorluğu bu şəxsə qarşı silahlı cinayətkar birlik yaratma, narkotiklərin qanunsuz dövriyyəsi, adam oğurluğu və qəsdən adam öldürmə ittihamları irəli sürüb. Lakin o, yox olaraq yenidən İranda peyda olub. MİT-in keçirdiyi əməliyyat çərçivəsində Zindəştinin tutulan 11 dəstə üzvü İran ərəblərinə bağlı “Əhvaz Ərəblərinin Azadlığı Təşkilatı”nın sabiq lideri, daha çox Həbib Çəəb kimi tanınan Həbib Əsyudu Türkiyədən oğurlayaraq İrana qaçırmaqda günühlandırılırlar. Həbib Əsyud noyabrın əvvəllərində Türkiyəyə etdiyi səfər çərçivəsində tutularaq İrana aparılıb. Əməliyyatın detallarında qeyd edilir ki, Zindəşti və onun dəstə üzvləri 14 ildir İsveçdə yaşayan Həbib Əsyudu keçmiş həyat yoldaşı vasitəsilə tələyə salaraq Türkiyəyə gətirib və burada tutmağa nail olublar. Bu məlumatdan sonra İranda yenidən “qaranquş qadınlar” termini gündəmə gəlib.

 

- “Qaranquş qadınlar” kimlərdir və hansı məqsədlərlə istifadə olunurlar?

 

- “Pərəstu” İran siyasi ədəbiyyatında işlənən terminlərdən biridir. Anlamı Azərbaycan dilində “qaranquş” deməkdir. “Qaranquş” - seksual münasibətlə tələlər qurub icra edən cazibədar qadınlara verilən addır. Bu cür qadınlar qədim dövrlərdən müxtəlif dövlətlər tərəfindən siyasi arenada istifadə edilib. Həmin qadınlara verilən “qaranquş” adı Rusiyanın hərbi-siyasi ədəbiyyatından alınan termindir. Ən məşhur klassik “qaranquş”lardan biri əslən hindistanlı aktyor və rəqqasə Mata Hari hesab edilir. O, Birinci Dünya müharibəsində Almaniya kəşfiyyatının istəyi ilə düşmən ölkədə müxtəlif şəxslərlə yaxın münasibətlər qurmuş, onlardan lazım olan məlumatları toplamış, lakin fransızlar tərəfindən deşifrə edildikdən sonra edam edilmişdi. İran İslam Respublikası da seksual tələlər hazırlayan “qaranquş”lardan bol-bol istifadə edən ölkədir.

 

- İranın xüsusi xidmət orqanlarının ölkənin “təhlükəsizlik səması”nda uçurduqları “qaranquş”ların məqsədi nədir?

 

- İran siyasi elitasının siyasətini dini dəyərlər üzərində iddia etməsi, digər tərəfdən təhlükəsizlik orqanlarında bu cür tələlərdən istifadə etməsi hər zaman diqqət çəkən məsələlərdən olub. Bu qadınlar rəsmilər, siyasi fəallar və ya müxaliflərlə seksual əlaqələr quraraq onların ətrafına sızır və beləliklə həmin şəxslərin atdıqları addımlar barədə kəşfiyyat orqanına (ETTELAAT) məlumat ötürürlər. Bu qadınların bəziləri, hətta məmurların o qədər etibarın qazana bilirlər ki, sonradan onların münasibətləri ailə qurmaqla da nəticələnir. Bu məsələ 2019-cu ildə Tehranın sabiq meri Məhəmmədəli Nəcəfinin 2-ci həyat yoldaşı Mitra Ustadı güllələyərək öldürməsindən sonra bir daha gündəmə gəlmişdi. Həmin vaxt müxtəlif mənbələr xanım Ustadın ETTELAAT-ın “qaranquşu” olduğunu, Nəcəfinin də onu bu səbəbdən öldürdüyünü deyirdilər. Kəşfiyyat qurumu bu ittihamları rədd etsə də, SEPAH-ın Kəşfiyyat İdarəsinin də ölkədə kəşfiyyat, əks-kəşfiyyat işləri ilə məşğul olduğunu, buna görə də Mitra Ustadın onlarla əməkdaşlıq etdiyinin istisna edilmədiyini bəyan etmişdi.

 

Təbii ki, bu fenomen İran siyasi arenasında yeni məsələ deyil. Belə ki, Məhəmməd Rza Pəhləvinin dövründə də ölkənin xüsusi xidmət orqanı olan SAVAK müxtəlif məqsədlər üçün cazibədar xanımların “xidmətlər”indən daim yararlanırdı. Bu mövzuda SAVAK-ın Daxili Təhlükəsizlik İdarəsinin rəhbəri Pərviz Sabitinin “Hadisənin çəngində” adlı kitabında maraqlı məlumatlar yer alıb. O, SAVAK-ın bir neçə qadını Məhəmməd Tağı Fəlsəfi, Cəfər Şocuni, Mahmud Qumi və Məhəmməd Sadiq Ləvasani kimi nüfuzlu ayətullahlar da daxil olmaqla, Ruhullah Xomeyninin yaxınlarından olan bəzi nüfuzlu ruhanilərlə əlaqə qurmaq üçün təlimatlandırdığını, həmin qadınların axundlarla yaxın əlaqələr yaratmağa nail olduğunu yazıb. Sabitinin sözlərinə əsasən, bu qadınlardan biri xüsusi istedad göstərərək axundlara həyat yoldaşının aylarla xarici səfərlərdə olduğuna görə, bioloji ehtiyacını ödəyə bilmədiyini deyib və onlarla seksual münasibət qurub. Daha sonra şəri məsələlərin müzakirəsi bəhanəsi ilə onları SAVAK-ın nəzarətində olan evə aparıb. Bir müddətdən sonra həmin qadınla Məhəmməd Tağı Fəlsəfinin cinsi əlaqə zamanı çəkilmiş şəkilləri SAVAK tərəfindən yayılıb. Lakin Xomeyninin yaxınları olan bu axundlar istər inqilabdan əvvəl, istərsə də sonra o şəkilləri “saxta” adlandırıb, həmin qadınlarla intim münasibətlərini danıblar.

 

- Bu siyasi termin ölkənin siyasi arenasına nə zaman yol açıb?

 

- İnqilabdan, daha dəqiq desək, İran-İraq müharibəsinin bitməsindən sonra “qaranquş” termini yenidən ölkənin siyasi arenasına yol açdı. Belə ki, İranın mədəniyyət və islami irşad naziri Əyətullah Mühaciraninin 2000-ci ildə qəfildən öz vəzifəsindən, eləcə də Beynəlxalq Sivilzasiyalararası Dialoq Mərkəzinin rəhbərliyindən istefa verməsi və ardınca həbs olunması diqqətləri onun 2-ci həyat yoldaşının üzərinə çəkmişdi. Həmin dövrdə mühafizəkarlar islahatçıları siyasi arenada sıxışdırmaq üçün Mühaciraninin 2-ci xanımının onun barəsində yazdığı məktubu öz nəzarətlərində olan qəzet və jurnallarda dərc etdirirdilər. Bundan sonra sabiq nazirin xanımının ETTELAAT-ın “qaranquş”u olduğu və onun atdığı addımlar barədə xüsusi xidmət orqanını məlumatlandırdığı məlum olmuşdu. Bütün baş verənlər bitdikdən sonra Mühacirani İranı tərk edib Londonda məskunlaşmağa məcbur qalmışdı.

 

ETTELAAT-ın “qaranquş”larının növbəti qurbanlarından biri Həsən Ruhani Administrasiyasının mədəniyyət və islami irşad naziri Əli Cənnətidir. Onun 19 dekabr 2016-cı ildə istefasından sonra mühafizəkarlara bağlı media orqanları islahatçı hökumətdən nazirin istefasının səbəbini xalqa açıqlamağı tələb edirdilər. Bu istiqamətdə “Məşreq news” saytı nazirin ətrafında olan “qaranquş” qadınla seksual münasibətlərini vurğulamaq üçün kinayə ilə yazmışdı: “Nazirin müavinlərinin qapı və pəncərələri elə də möhkəm deyildi. Bəzi həşaratlar ən balaca deşiklərdən belə, içəri daxil ola bilərdi, qaldı ki, pəncərələrə”.

 

SEPAH-ın təqaüddə olan generallarından olan, radikal mühafizəkar Hüseyn Allahkərəm o dövr öz “Instagram” hesabında yazmışdı ki, casus bir qadın Həsən Ruhani hökumətinin 5 naziri ilə seksual münasibətlər qurduğunu etiraf edib. Allahkərəm statusda əlavə etmişdi ki, həmin qadın dindirmələr zamanı mədəniyyət naziri Əli Cənnətidən başqa, digər 4 nazirlə də bu cür əlaqələr qurduğunu boynuna alıb, bu isə hökumət kabinetinin üzvləri üçün böyük utanc hesab edilir. Bu etiraflar Cənnətinin istefasına səbəb olan əsas amildir. Hüseyn Allahkərəm casus adlandırdığı və adını açıqlamadığı qadının əslində ETTELAAT-ın istifadə etdiyi “qaranquş”lardan biri olduğunu dilə gətirməsə də, bəzi informasiya vasitələrində bu məsələ dərc edilmişdi.

 

İran Dövlət Teleradio Şirkətinin sabiq rəhbəri Məhəmməd Sərəfzar isə “qaranquş”larla əlaqəli Ali dini lider Əli Xameneyinin qudası və ən yaxın adamlarından olan, Fars Dili və Ədəbiyyatı Akademiyasının rəhbəri Qulaməli Hüddan Adilə xitabən “Twitter”də yazmışdı: “Bir vaxtlar sizin təyin etdiyiniz vəzifəlilərdən biri mənim də yanıma “qaranquş” yerləşdirmək istəyirdi, lakin bu planı baş tutmadı”.

 

- Bir sözlə, “qaranquş qadınlar” İran kəşfiyyatının əsas qollarından biridir...

 

- Elədir. Hətta, Mitra Ustadla bağlı qalmaqaldan qısa müddət sonra, iyun ayının sonlarında İran Neft Nazirliyində rəhbəri qadın olan casus şəbəkəsinin həbsi ilə bağlı xəbər yayılmışdı. Neft Nazirliyi və ETTELAAT bu xəbəri dansalar da, İranın Baş prokuroru Məhəmmədcəfər Müntəziri qadının “qaranquş” olduğunu təsdiqləmiş, amma bu barədə çox danışa bilməyəcəyini demişdi. Məlumatlarda qeyd edilirdi ki, qadın Neft Nazirliyində fəaliyyət göstərdiyi müddətdə Nazirliyin 16 yüksək vəzifəli məmuru ilə seksual münasibətlər qurub, onlardan lazım olan məlumatları əldə edə bilibmiş. Digər tərəfdən, “Mitra Ustad qalmaqalı” dövründə ölkənin xüsusi xidmət orqanlarının “qaranquş qadınlar”dan istifadə etməsini bir sıra deputatlar da təsdiqləmiş, bunun şəri hökmlərlə ziddiyyət təşkil etdiyini əsas gətirərək onları bu cür tələlərdən çəkinməyə çağırmışdılar.

Müəllif: Mərahim Nəsib