Müstəqillik tarixində bir ilk: Hər kəs məsuliyyətini dərk etməlidir

Aktual

28.09.2020 - 19:25

Üzeyir Cəfərov: “Qismən səfərbərlik elan olunmuş vaxtda məhdud peşə sahibləri dəvət olunacaqlar”

 

Xəbər verdiyimiz kimi, sentyabrın 28-i saat 00:00-dan etibarən Azərbaycanda hərbi vəziyyət elan olunub. Prezident İlham Əliyevin Milli Məclis qarşısında qaldırdığı vəsatət əsasında qəbul edilən fərman Prezident tərəfindən təsdiqlənib.

 

Belə ki, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Ağstafa, Qazax rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan səhər saat 06:00-dək komendant saatı tətbiq edilib. Sözügedən ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilib. Eyni zamanda, xüsusi giriş-çıxış rejimi tətbiq ediləcək və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

 

Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 28-də “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilib.

 

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Üzeyir Cəfərov: “Azərbaycan ordusunun güclənməsini istəmirlər”

Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov AYNA-ya açıqlamasında hərbi vəziyyət və qismən səfərbərliyin mahiyyətindən danışıb: “Müstəqillik tariximizdə ilk dəfədir ki, bu anları yaşayırıq. Çünki Azərbaycan tarixində heç vaxt belə bir qərar verilməmişdi. Düzdür, əvvəlki illərdə, daha dəqiq desək, SSRİ zamanında komendat saatı tətbiq olunmuşdu, amma qismən səfərbərlik bizdə rəsmən elan olunamamışdı. Lakin bu, heç kimi qorxutmamalı və narahat etməməlidir. Bu, normal bir prosesdir. O prosesi də biz həyata keçirməliyik”.

 

“Çünki ön xəttə əsgərlərimiz, zabitlərimiz iki gündür düşmənin mənfur niyyətlərinin qarşısını almaq üçün əllərindən gələni edirlər. Bizim də üzərimizə düşən vəzifə odur ki, əsgər və zabitlərimizə dəstək olaq. Əvvəlki günlərlə müqayisədə daha nizam-intizamlı, ehtiyyatlı və diqqətli olmalı, verilən tapşırıqları yerinə yetrməliyik. Bundan əlavə, qismən səfərbərlik elan olunmuş vaxtda göstərilən ünvanlara məhdud peşə sahibləri dəvət olunacaqlar. Onlar da buna məsuliyyətli yanaşmalı və çağırışa vaxtında gəlməlidirlər. Yəni bu prosesdə qeyri-adi və indiyə qədər həyata keçirilməsi mümkün olmayan məsələ yoxdur”, - ekspert deyib.

 

Cəfərov hazırda davam edən münaqişənin ciddiliyinə də toxunub: “Məlumdur ki, müharibənin ciddisi, yaxud da qeyri-ciddisi olmur. Ona görə də bu məsələlərdə hər birimiz son dərəcə məsuliyyətli olmalıyıq. Məsuliyyət isə ondan ibarətdir ki, hamımız deyilən qaydalara riayət etməyə çalışmalıyıq. Düzdür, bəzi insanlar bunu ajiotaj və narahatlıqla qəbul edirlər. Əslində isə heç bir ajiotaja ehtiyac yoxdur. Biz heç vaxt müharibəni qeyri-ciddi saymamışıq və saymırıq da”.

 

“Bu baxımdan da hər birimiz bu məsələdə məsuliyyətimizi anlayaraq hərəkət etməliyik. Hesab edirəm ki, hər kəs üzərinə düşəni edəcək və ordumuza dəstək olacaq. Ordumuzun isə hər hansı bir problemi yoxdur. Təchizat, silah- sursat, texnika yüksək vəziyyətdədir. Ona görə də narahatçılığa ehtiyac yoxdur. Sadəcə olaraq bu səfərbərlik olmalıdır ki, səfərbərliyə dəvət edilənlər də müəyyən hazrlıq keçsin və hazırlıq keçəndən sonra lazım olacağı təqdirdə silaha sarılsınlar”, - müsahibimiz əlavə edib.

Müəllif: Mərahim Nəsib

Ramanada faciə

Dünən, 17:26 Hadisə